İnsanlara hürriyət, millətlərə istiqlal!

Pedofil-manyaklar üçün ölümdən betər cəza - Azərbaycanda da belə qanun olsa...

1980 28.01.2023 09:27 Sosial A A

Hüquqşünas: “Belə şəxslər cəzaçəkmə yerlərində çox dözülməz rəftarla üzləşirlər”

Qırğızıstan parlamentində uşaqlara və yetkinlik yaşına çatmayanlara qarşı cinsi təcavüz cinayəti törədən şəxsin axtalanmasını nəzərdə tutan qanun təklif edilib.

Musavat.com Oxu.az-a istinadən xəbər verir ki, deputat Ulan Bakasovun hazırlayıb təqdim etdiyi qanun layihəsi parlament tərəfindən qəbul edilib.

Bakasov ölkənin məhkəmə sistemində cəzaların azaldılması tendensiyasına diqqət çəkib və qanun layihəsində uşaqlara və yetkinlik yaşına çatmayanlara qarşı cinsi istismarın qarşısının alınması üçün cəzaların ağırlaşdırılmasının nəzərdə tutulduğunu bildirib.

Bakasov uşaqlara və yetkinlik yaşına çatmayanlara qarşı cinsi zorakılıq (təcavüz) törətməkdə təqsirli bilinən məhkumlara verilən cəzanın 20 ilədək artırılmasını və ya ömürlük azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını təkif edib. O, həmçinin məhbusun azadlığa çıxmasına 6 ay qalmış psixiatrların nəzarətində və pedofiliyaya meyllilik halında axtalanmasını təklif edib.

Təklif Qırğızıstan Milli Məclisin Baş Assambleyasında müzakirə olunduqdan sonra təsdiqlənərsə, qanun qüvvəyə minəcək.

Belə bir qanun nə dərəcədə effektli ola bilər? Azərbaycanda da mümkündürmü? O halda cinayətlərin sayı azalacaqmı?

Qeyd edək ki, dünyanın bir sıra ölkələrində seksual cinayətlərə görə kimyəvi, ya cərrahi yolla axtalanma təcrübəsi artıq mövcuddur.

Natiq Ələsgərov: “Antikorrupsiya tədbirlərinin davamlı olması ölkəmizin  hərtərəfli inkişafı üçün zəruridir”

Natiq Ələsgərov

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, azyaşlı uşaqlara qarşı zorakı hərəkətlərə yol vermiş şəxslərə, xüsusilə də seksual manyaklara qarşı sərt təkliflər illərdir ki, dünya dövlətlərində müzakirə mövzusudur: “Elə dövlətlər var ki, artıq müzakirələr yekunlaşıb, qanunlar dəyişdirilib və kastrasiya qanuniləşib. Yəni azyaşlıya qarşı cinsi zəmində zorakılıq etmiş şəxslər kimyəvi maddələr yeridilməklə cinsiyyət orqanlarının funksiyası ömürlük sıradan çıxarılır və ya axtalanmaqla cəzalandırılır. Polşada 15 yaşadək uşaqları və ya yaxın qohumlarını zorlayan cinayətkarların axtalanmasıı məcburidir. Bu qanun müzakirə edilərkən qanunun qəbulunun əleyhinə yalnız 3 deputat səs verib.

Qanunla həmçinin uşaqbazların və ya qan qohumları (valideynlər, övladlar, bacı və qardaşlar) ilə cinsi əlaqədə təqsirli bilinənlərin azadlıqdan məhrumetmə müddəti artırılıb. İndi Polşada cinayət məsuliyyətinə cəlb olunan şəxslərə ya “Açetat çiproteron” verilir, ya da hər ay “Leupropelin” iynəsi vurulur. Bu preparatlar kişi cinsi hormonlarının təsirini yatırır. İsraildə bu məqsədlə “Dekapeptil” istifadə edilir ki, bu da qeyri-təbii seksual ehtiyacları azaldır. Kimyəvi axtalanmada cinayətkarın qanına kişi hormonu olan testosteronun miqdarını sıfıra endirən inyeksiyanın yeridilməsi nəzərdə tutulur. Bu əməliyyatdan sonra azadlığa çıxsa belə, uşaqbazın  cinayətkarlığa sürükləyən əvvəlki “vərdiş”i tamamilə aradan qalxır. ABŞ-ın bəzi ştatlarında da uşaqbazlara kimyəvi axtalanma cəzası verilir. Hətta cərrahi axtalanma da var, amma bu əməliyyat cinayətkarın şəxsi razılığı əsasında həyata keçirilə bilər. Almaniyada isə kimyəvi axtalanmaya ildə 6 nəfər uşaqbaz məruz qalır. Fransada da uşaqbazlar bu cür cəzalandırılır.

Azərbaycan Respublikasının cinayət qanunvericiliyi isə cəzanın cismani verilməsini qadağan edir. Bu yollarla cinayətlərin qarşısını almaq qeyri-mümkündür. Ona görə də belə bir cəza növünün cinayət qanunvericiliyinə daxil edilməsini məqsədəuyğun sayılmır. Ümumiyyətlə, bu cür cinayətlər ətraflı araşdırılmalıdır. Çox vaxt zərərçəkmişlər hüquq-mühafizə orqanlarına bu barədə xəbər vermirlər. O üzdən cinayəti açmaq olmur. Fikrimcə, bu istiqamətdə maariflənmə işləri aparılmalıdır".

Hüquqşünas deyir ki, psixoloqların əksəriyyəti də bu cəza növünün tərəfdarı deyil: “Zorlamanın formaları fərqlidir. Başqa vasitələrlə də zorlamaq mümkündür. Zəmanət vermək olmaz ki, həmin şəxsə bu cəzanı verməklə, o başqa vasitələrlə bu cinayəti törətməyəcək. Əksinə, belə şəxslər daha da aqressiv olacaq. Qeyd etdiyim kimi,  Polşada 2009-cu ildə seksual cinayətlərdə təqsirli bilinənlərin kimyəvi axtalanması barədə qanun qəbul edilib. Qanuna görə, pedofiliyaya istənilən formada haqq qazandırılması cinayət hesab edilir və 2 il müddətinədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Eyni cəza internet vasitəsilə 15 yaşadək uşaqları yoldan çıxaran şəxsləri də gözləyir. Rusiyada isə bu qanunun qəbul olunmasının tərəfdarları hesab edir ki, pedofiliya psixikanın pozulması ilə əlaqədar müalicəsi olmayan xəstəlikdir. Azadlığa buraxılmış pedofillərin 97 faizi yenidən öz cinayətkar əməllərini təkrarlayır. Pedofillər ağır narkotik aslılıqdan əziyyət çəkən, müalicə edilmiş narkomanlar kimidir. Yəni çətin müalicə olunurlar.

Azərbaycan Cinayət Məcəlləsinin 150-ci maddəsi seksual xarakterli zorakılıq hərəkətləri adlanır. Seksual xarakterli zorakılıq hərəkətləri dedikdə zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri başa düşülür. Bu hərəkətləri edən şəxslər 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Eyni əməllər bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə, zərərçəkmiş şəxsin zöhrəvi xəstəliyə yoluxmasına səbəb olduqda, təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə, zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı xüsusi amansızlıqla törədildikdə, 5 ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Belə hərəkətlər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin insan immunçatışmazlığı virusu ilə yoluxmasına və ya digər ağır nəticələrə səbəb olduqda, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə 8 ildən 15 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Əmlakının məhv edilməsi, zədələnməsi və ya götürülməsi hədəsi ilə və yaxud zərərçəkmiş şəxsin maddi və ya sair asılılığından istifadə etməklə onu cinsi əlaqəyə girməyə, uşaqbazlığa və ya seksual xarakterli digər hərəkətlərə məcbur etmə  bir ildən iki ilədək müddətə islah işləri və ya 1 ildən 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".

Hüquqşünasa görə, belə cinayətlər törətmiş şəxslərin xüsusi rejimdə saxlanması daha uyğun qərar ola bilər: “Mümkündür ki, cəzanın ilk 2 ili həbsxanada, daha sonra cəzaçəkmə müəssisəsində çəkməsi hökmlə təyin olunsun. Ümumiyyətlə isə belə şəxslər cəzaçəkmə yerlərində çox ağır, dözülməz münasibətlə, rəftarla üzləşirlər. Məhbəsdə digər maddələrlə "yatan"lar onlara salam belə vermir, bir qayda olaraq belə məhbuslar təmizlik və digər təsərrüfat işləri görürlər". 

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR