İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın Rusiya və ABŞ arasında təhlükəli “rəqsi” – “İki dovşanın dalınca qaçan...”

700 10.06.2023 16:25 Siyasət A A

Ermənistan rəhbərliyi faktiki bir-birinə qənim kəsilmiş iki güc mərkəzi – Qərb (ABŞ) və Rusiya arasında təhlükəli oyuna davam edir. O ümidlə ki, guya Azərbaycana qarşı eyni vaxtda həm kollektiv Qərbin, həm də Moskvanın siyasi və hərbi dəstəyini ala biləcək. Bunun üçün hətta Ermənistanı az qala, geosiyasi qarşıdurma meydanına çeviriblər.

Bəlli olduğu kimi, hazırda bu bapbalaca ölkədə Rusiya hərbi qüvvələri ilə yanaşı, Avropa Birliyinin də yarım-hərbi missiyası fəaliyyət göstərir. Bundan əlavə, gələn məlumatlara görə, İrəvan ABŞ-ın strateji düşməni İran, habelə Fransa və Hindistan hesabına silahlanmağa çalışır.

Ancaq hələ ki, Ermənistan böyük ölçüdə öz istəyinə çatmayıb. Çatması gözlənilmir də. Çünki arada qalanları, ikiüzlülük edənləri heç kim xoşlamır. Bu xüsusda baş nazir Nikol Paşinyanın təzəcə başa çatan Rusiya səfəri və orada Putinin qulağına xoş gələn sözlər və açıqlamalar verməsi riyakarlığın növbəti nümunəsi sayıla bilər.

Yada salaq: Nikol Vovayeviç iyunun 1-də Kişinyovda Avropa Siyasi Birliyinin ikinci sammiti çərçivəsində, yəni Qərbin moderatorluğu ilə baş tutmuş “beşli format”da (Azərbaycan-Ermənistan-Fransa-Almaniya rəhbərləri + Avropa İttifaqı Şurasının prezidenti) görüşdən cəmi bir neçə gün sonra Moskvaya gedib. Paradoks da budur ki, N.Paşinyan bir tərəfdən özünü qərbpərəst kimi göstərməyə çalışsa da, digər yandan hələ də Rusiyanın yanında olduğunu nümayiş etdirir.

1685983274_fotojet_-_2023-06-02t172525.235.jpg (36 KB)

Paşinyan və onun “sorosçu” komandasının yüksək çinli təmsilçiləri (XİN başçısı Ararat Mirzəyan, müdafiə naziri Suren Papikyan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan) elə ay olmur ki, hansısa aparıcı Avropa paytaxtına – Brüsselə, Parisə, NATO qərargahına, Birləşmiş Ştatlara səfərlər etməsinlər. Amma eyni zamanda, Rusiyaya reveranslardan da qalmırlar. Avropa, ABŞ səfərlərinə rəğmən, Ermənistan hələ də “Rus NATO-su”nda (KTMT-də), Avrasiya İqtisadi Birliyində üzvlüyünü davam etdirir. Ölkənin xarici sərhədlərini günü bu gün də Rusiya hərbçiləri (FTX) qoruyur və s.

1 iyun Kişinyov sammiti də istisna təşkil etmədi. Ona qədər isə Nikol Paşinyan iki dəfə ABŞ prezidenti Co Baydenin dəvəti ilə on-line formatda “Demokaratiya sammiti”ndə iştirak etmişdi. Hansı tədbirlərə ki, hətta Ermənistandan qat-qat demokratik dövlət olan, NATO üzvü Türkiyə çağırılmadı. Güney Qafqazın açar ölkəsi, balansı siyasət yürüdən Azərbaycan da dəvət edilmədi.

Amma nə olsun. Qərbin bütün bu pozitiv jestləri Nikolun təzədən Rusiyaya yarınmasına əsla maneə yaratmadı. Ermənistan baş naziri üstəlik, Avropa və ABŞ-ın mövqeyini vecinə almadan, sanki Qərbin acığına bu il Moskvada İlham Əliyevin qatılmadığı 9 may paradında da iştirak etdi.

1646392798_0001 (2).jpg (402 KB)

Yaxud Ermənistanın maddi maraqlar qarşılığında altdan-altdan sanksiyalar altında olan Rusiyaya dəstəyi. Məsələ ondadır ki, neçə vaxtdır kapitulyant ölkə sanksiyalardan yan keçməkdən ötrü Rusiya üçün olduqca qiymətli “nəfəslik”, “boz zona” rolunu oynayır. Ermənistan nadir ölkədir ki, Rusiyaya sanksiyalar tətbiq olunmasına baxmayaraq, bu ölkəyə malların daşınmasını dəfələrlə artırıb.

Əfsus ki, Qərb bunu sanki görməzlikdən gəlir, rəsmi İrəvanın ikiüzlülüyünə ciddi reaksiya vermir. Bəzi xəbərdarlıqlar etsə də, bundan uzağa gedilmir. Görəsən niyə?

Aydındır ki, eyni işlə Azərbaycan məşğul olsaydı, o saat ard-arda Bakıya təzyiqlər başlamışdı. Yəni yenə “ikili standart” siyasəti. Əfsuslar olsun ki, ABŞ, Qərb vaxtilə Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinə, sanksiya altında olan İranla təmaslarına göz yumduğu kimi, indi də Rusiya ilə əlaqədar analoji mövqe sərgiləyir.

Ancaq haqq nazilər, üzülməz. “Su səhəngi suda sınar” deyirlər. Ermənistanın “çoxbilmişliyi” yenə onun başında çatlayacaq. Geci-tezi var..

Siyasət şöbəsi,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR