İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın bəzi sirləri açılmaq üzrədir: Yeni savaş üçün artıq ciddi səbəblər də mövcuddur

3432 05.07.2022 17:17 Analitika A A

Paşinyan hakimiyyəti qapalı müzakirələrdə rəsmi Bakı ilə anlaşsa da, sonradan Ermənistan cəmiyyəti qarşısında tamamilə fərqli, hətta inkaredici açıqlamalar verir... Rəsmi İrəvanın “sürüşkən davranışları” Rusiya, Türkiyə, Avropa Birliyi və Azərbaycanı artıq ciddi şəkildə bezdirdiyindən, Ermənistana qarşı sərt hərbi-siyasi addımların atılma ehtimalı inandırıcı görüntülər almağa başlayıb...

Ermənistanda dövlətin necə idarə olunduğu məlum deyil. Bu ölkənin guya seçkilərlə hakimiyyətə gəlmiş hökuməti var. Ancaq baş nazir Nikol Paşinyanın idarə etdiyi bu hökumətin siyasi iradəsinin mövcudluğu barədə danışmaq mümkün deyil.

Çünki, Paşinyan hakimiyyəti indiyə qədər imzaladığı anlaşmaları yerinə yetirmir. Əlbəttə ki, anlaşmaların bəziləri “erməni qafasının doğurduğu xislət”in təsiri altında icra olunmur. Ancaq anlaşmaların icrasından yayınmaq cəhdlərinin səbəbləri sırasında Paşinyan hakimiyyətinin Ermənistan cəmiyyətindəki mövqelərinin zəif olması da var. Yəni, rəsmi İrəvan Rusiyanın iştirakı və Brüssel prosesində imzalanmış anlaşmaların icrasına cəsarət etmir.

Təbii ki, rəsmi İrəvanın belə siyasi acizliyində revanşist müxalifətin siyasi-ictimai təzyiqləri xüsusi rol oynayır. Eyni zamanda, Ermənistanın Rusiya və Qərb arasındakı “sürüşkən siyasət kursu” da bu məsələdə önəm daşıyır. Hər halda, Paşinyan hakimiyyəti hər iki tərəflə münasibətləri normal saxlamağa çalışır. Ona görə də, Rusiya və Brüsselin vasitəçi olduğu anlaşmaların icrasını qəlizləşdirməklə, vaxtı uzatmağa, hər iki tərəflə dialoqu qorumağa cəhd göstərir.

3d40c9a6f3823070ba7d8e0045c74e9a.jpg (279 KB) 

Ancaq Ermənistanın daha həssas yanaşmalı olduğu Azərbaycan-Türkiyə İttifaqı da var. Ən azından ona görə ki, bu iki Türk dövləti Paşinyan hakimiyyətinin Rusiya və Brüssel arasında davamlı olaraq, “sürüşməsinə”, revanşist erməni müxalifəti qarşısında cəsarətsiz davranmasına uzun müddət səbr göstərmək niyyətində deyil. Və belə davam edərsə, rəsmi Bakı həm Rusiyanın, həm Brüsselin vasitəçiliyi ilə imzalanmış üçtərəfli anlaşmaların təktərəfli qaydada hərbi yolla icrasına başlaya bilər.

Üstəlik, bunun üçün kifayət qədər hüquqi əsaslar da mövcuddur. Rəsmi Bakı son vaxtlar artıq bir neçə dəfə Paşinyan hakimiyyətinə sərt xəbərdarlıq mesajları verib. Rəsmi İrəvansa, bu mesajlara “Azərbaycan Ermənistanı yeni savaşla hədələyir” məzmunlu şərhlər verməklə kifayətlənir. Hətta baş nazir Nikol Paşinyan Azərbaycanın Ermənistana qarşı yeni savaşı legitimləşdirməyə çalışdığını da vurğulayıb.

Deməli, rəsmi İrəvan da anlayır ki, yeni savaşın başlanması üçün kifayət qədər siyasi və hüquqi səbəblər mövcuddur. Ən əsasısa, Paşinyan hakimiyyəti Azərbaycanın yeni savaşı legitimləşdirə biləcəyinə şübhə etmir və ona görə də, situasiyanın durmadan gərginləşməsindən ciddi şəkildə narahat olduğunu gizlədə bilmir. Və çıxış yolu kimi, yenə də ATƏT-in Minsk Qrupuna sığınmağa cəhd göstərir.

Ancaq daha mümkün olmayacaq. Çünki rəsmi Bakının da bəyan etdiyi kimi, Minsk Qrupu artıq mövcud deyil. Onu təkrarən bərpa etmək üçün isə heç geopolitik səbəb və əsas yoxdur. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, Minsk Qrupu həmsədrlərinin 30 il ərazində sadəcə, müzakirə etdiyi “Dağlıq Qarabağ problemi” artıq həll olunub. Xankəndi və ətraf bölgə ilə bağlı məsələ isə Azərbaycanın daxili ilidir. Rəsmi Bakı isə Azərbaycanın daxili işlərini hər hansı xarici dövlət və ya qurumla müzakirə etmək niyyətində deyil.

Görünüdüyü kimi, revanşist erməni müxalifətinin siyasi-ictimai təzyiqləri qarşısında acız qalan Paşinyan hakimiyyəti istənilən halda, üçtərəfli anlaşmaları icra etmək məcburiyyətindədir. Əks halda, bundan ağır zərbə alan yeganə tərəf məhz Ermənistan olacaq. Və həmin anlaşmalar barədə təfsilatı ilə məlumatlı olan beynəlxalq siyasi-iradə mərkəzlərinin açıqlamaları da bunu təsdiqləyir.

5d30573c-99af-4ab5-8464-2eabbdb50f27.jpg (136 KB) 

Məsələ ondadır ki, Brüssel prosesinə vasitəçilik edən Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişel yenidən Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib. Bu telefon danışığı ilə bağlı verilən məlumatlarda Ş.Mişelin Azərbaycan və Ermənistan arasında sülh sazişinin hazırlanmasının, sərhədlərin delimitasiya edilməsinin vacibliyini vurğuladığı bildirilir. Eyni zamanda, Avropa Birliyi Şurası rəhbəri sülhün və sabitliyin hökm sürdüyü, kommunikasiyaların açıldığı, iqtisadi-ticari əlaqələrin bərpası ilə yeni inkişaf perspektivləri qazanmış Cənubi Qafqaz regionuna böyük ehtiyacın olduğunu da qeyd edib.

Belə anlaşılır ki, Avropanın siyasi çevrələrində Cənubi Qafqazın gələcək taleyi ilə bağlı kifayət qədər ümidverici təsəvvürlər var. Sadəcə, rəsmi İrəvan hələlik sülh prosesini ləngitməklə, həmin təsəvvürlərin reallaşmasını əngəlləyir. Və bu baxımdan, yaxın vaxtlarda Ermənistana Qərb siyasi dairələrinin sərt təzyiqlərinin ola biləcəyi də qətiyyən istisna deyil.

Ermənistanın belə təzyiqlərdən yayına biləcəsi üçün isə rəsmi İrəvanın üçtərəfli anlaşmalara riayət etməsi vacibdir. Hətta Kremlə yaxın dairələrdən sızan məlumatlar belə, hazırda Cənubi Qafqazda inkişaf perspektivlərini bloklayan tərəfin məhz Ermənistan olduğunu təsdiqləyir. Buna əmin olmaq üçün Rusiyanın “İzvestiya” nəşrinin yüksəkrütbəli məlumatlı şəxsə istinadən dərc etdiyi materiala diqqət yetirmək kifayətdir.

Məsələ ondadır ki, həmin məlumatda Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı Azərbaycan və Ermənistan arasında anlaşmaya nail olduğu vurğulanır. Dəmiryolu ilə bağlı bütün detalların artıq çoxdan razılaşdırıldığı, dəhlizə daxil olan avtomobil marşrutu ilə bağlı isə yalnız 6 kilometrlik məsafənin dəqiqləşdirilməsi üzrə işlərin davam etdiyi qeyd olunur. Və Ermənistanın bu məsələdə mümkün qədər tələsməli olduğuna da eyham vurulur.

Məsələ ondadır ki, rəsmi Bakı Azərbaycanın Şərqi Zəngəzur iqtisadi regionunu Naxçıvanla birləşdirəcək yolun İran ərazisindən çəkilməsi ilə bağlı anlaşma imzalayıb. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Tehrana son rəsmi səfəri çərçivəsində bu məsələ ilə bağlı işlərin sürətləndirilməsi də müzakirə edilib. Və rəsmi İrəvan bu prosesdə gecikərsə, Ermənistan maliyyə-iqtisadi itkilərlə üzləşə bilər.

00910f44-60a0-460f-b4f0-0a08613795df.jpg (260 KB) 

Onu da qeyd edək ki, Rusiyanın adıçəkilməyən yüksəkrütbəli məlumamatlı rəsmisinin dediklərinin doğru olduğu qətiyyən şübhə doğurmur. Çünki rəsmi Bakı da dəfələrlə bəyan edib ki, Zəngəzur dəhlizi ilə bağlı bütün məsələlər Azərbaycan və Ermənistan arasında artıq razılaşdırılıb. Eyni zamanda, Türkiyədən verilən açıqlamalar da məhz oxşar məzmun daşıyır.

Məsələ ondadır ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da Zəngəzur dəhlizi ilə bağlı anlaşmanın artıq əldə olunduğunu vurğulayıb. O, bildirib ki, Ermənistan Zəngəzur dəhlizinin reallığa çevrilməsi istiqamətində konkret addımlar atmalıdır. Ancaq Türkiyə xarici işlər naziri rəsmi İrəvanın ləng davranmasının əsas səbəblərini məhz Paşinyan hakimiyyətinə revanşist erməni müxalifətinin göstərdiyi siyasi-ictimai təzyiqlərlə əlaqələndirib. Və Paşinyan hakimiyyətini siyasi iradə nümayiş etdirməyə çağırıb.

Bütün bunlar onu göstərir ki, Paşinyan hakimiyyəti qapalı müzakirələrdə rəsmi Bakı ilə anlaşır. Ancaq sonra Ermənistan cəmiyyəti qarşısında tamamilə fərqli, hətta inkaredici açıqlamalar verir. Buna baxmayaraq, istənilən halda, Paşinyan hakimiyyətinin yalanları prosesdə iştirakçı olan digər tərəflərin vasitəsilə ortaya çıxır.

Hətta bəzi məlumatlara görə, rəsmi İrəvan belə davam edəcəyi təqdirdə, Azərbaycan və Ermənistan arasında indiyə qədər əldə olunmuş anlaşmaların rəsmi məzmunu ictimailəşdirilə bilər. Və bu halda, yeni savaşa ciddi siyasi-hüquqi əsaslar verə biləcək bəzi siyasi-diplomatik sirlərin üstü açılarsa, Paşinyan hakimiyyətinin olduqca çıxılmaz vəziyyətə düşəcəyi qətiyyən şübhə doğurmur.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR