İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın Belarusu “hədəf” seçməsinin səbəbi nədir?

1208 13.06.2024 14:24 Siyasət A A

Belarusun Rusiyadakı səfirliyinin müşaviri Aleksandr Şpakovski: “Minsklə bağlı impulsiv bəyanatları təmkinlə qiymətləndiririk”

Elxan Şahinoğlu: “İrəvan KTMT-ni tərk etməyə hazırlaşır”

Belarus Ermənistanın baş naziri Nikol Paşinyanın Minsklə bağlı impulsiv bəyanatlarını təmkinlə qiymətləndirir.

Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Belarusun Rusiyadakı səfirliyinin müşaviri Aleksandr Şpakovski məlumat verib:

“Biz Nikol Paşinyanın impulsiv bəyanatlarını təmkinlə qiymətləndiririk. Belarusun çoxəsrlik tarixi əlaqələri olan qardaş erməni xalqına hörmətlə yanaşırıq”, - deyə Şpakovski Telegram kanalında yazıb.

Şpakovski vurğulayıb ki, Belarus Ermənistandakı daxili siyasi proseslərə, eləcə də İrəvanın xarici siyasətinə qarışmır:

“Qarşılıqlılıq prinsipinə əsaslanaraq, biz tərəfdaşlarımızdan və müttəfiqlərimizdən oxşar yanaşmalar gözləyirik, ona görə də Ermənistan rəhbərliyinin nümayəndələrinin Belarus siyasi ekstremistlərinin liderləri ilə təmaslarını bir qədər çaşqınlıqla izlədik”, - diplomat qeyd edib.

“Eyni zamanda, tərəfdaşların və müttəfiqlərin seçimi rəsmi Minsk üçün suveren məsələdir və bu halda “ya, ya da” yanaşması bizim üçün qəbuledilməzdir. Biz qardaş Azərbaycanla bütün sahələrdə, o cümlədən, hərbi-texniki sahədə qarşılıqlı əlaqədə olmuşuq və bu davamlı olacaq”, - Şpakovski bildirib.

Qeyd edək ki, baş nazir Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib ki, bundan sonra Ermənistanın heç bir rəsmi nümayəndəsi Belarusa səfər etməyəcək.

Sitat: “Mən bəyan edirəm ki, Aleksandr Lukaşenko prezident olduğu müddətdə bir daha Belarusa getməyəcəm”, - o vurğulayıb.

N.Paşinyan bəyan edib ki, Lukaşenko Ermənistandan üzr istəsə və ya Belarus Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk edərsə, İrəvanın KTMT-yə münasibəti dəyişə bilər.

“Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu da Paşinyanın fikirlərini şərh edib:

elxan-1.jpg (248 KB)

“Baş nazir Nikol Paşinyanın Belarus prezidenti Aleksandr Lukaşenkonun ünvanına sərt tənqid səsləndirməsi və bu ölkədəki səfirini geri çağırmasının İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk etməyə hazırlaşmasıyla birbaşa əlaqəsi var. Belarus Rusiyanın əsas strateji müttəfiqidir. Paşinyan Rusiya ilə birbaşa qarşıdurmadan çəkindiyinə görə onun müttəfiqini hədəf seçib ki, bir gün KTMT-dən ayrıldıqda narazılığının ünvanı kimi Belarusu göstərsin”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR