Ermənistanda seçki nəticələri ətrafında gərginlik artır.
Musavat.com xəbər verir ki, İrəvanda Mərkəzi Seçki Komissiyasının binası qarşısında toplaşan müxalifət nümayəndələri hakimiyyəti və seçki komissiyasını saxtakarlıqda ittiham ediblər.
“Ermənistan” blokunun deputatı Geqam Manukyan bildirib ki, Paşinyan baş verən proseslərə hərbi polisi və hərbi komissarlıqları da cəlb edir. Onun sözlərinə görə, müxalifət son günlərdə baş verən hadisələrlə bağlı materialları araşdırır.
“Çiçəklənən Ermənistan” Partiyasından deputatlığa namizəd Manuk Sukiasyan isə hakimiyyətin əvvəlcədən partiyanın parlamentə düşməməsi barədə qərar verdiyini bildirib.
“Əgər onların vicdanı olsaydı, ölkə bu vəziyyətə düşməzdi”, - deyə o vurğulayıb.
“Güclü Ermənistan” partiyasının üzvü David Kazinyan əsas tələblərinin açıqlanan nəticələrin etibarsız sayılması və yeni səsvermənin keçirilməsi olduğunu bildirib. O, partiyaya qarşı səslərin pulla alınması ilə bağlı ittihamlara məhkəmə qərarlarından sonra qiymət verilməsinin daha doğru olacağını qeyd edib.
yayılan görüntülərdə parlamentə düşə bilməyən “Çiçəklənən Ermənistan” Partiyasının tərəfdarlarının qaldırdığı plakatlar da əks olunub. Plakatlarda “Aclıq aksiyası”, “Çiçəklənən Ermənistanın səslərini oğurlamayın”, “Ədalətli sayım tələb edirik” şüarları yer alıb.
Musavat.com






