İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan yenidən "rusca" danışır: Putinin erməni baş nazirdən tələbləri məlum oldu

5072 23.04.2022 19:39 Analitika A A

Ancaq Paşinyan hakimiyyəti indi əsas diqqətini Kremldən göstərilən təzyiqlərə deyil, məhz rəsmi Bakının xəbərdarlıqlarına yönəltməlidir; Əks halda, Azərbaycan Cənubi Qafqazda yeganə hegemon dilin öyrədilməsi üzrə "dəmir yumruq" kursunu bərpa edərsə, Rusiya yenə də Ermənistanı müdafiə edə bilməyəcək...

Rusiyanın Cənubi Qafqazda sülh və sabitlik prosesini pozmaq niyyətində olduğu artıq qətiyyən şübhə doğurmur. Kreml Rusiyanın maraqlarını təmin etmək üçün bu regionda gərginliyin və qarşıdurmanın mövcud olması üçün əlindən gələn hər şeyi edir. Və artıq bu, inkaredilməz reallıqdır.

Ermənistan baş naziri Nikol Paşinyan Moskvaya səfərdən qayıtdıqdan sonra bu reallıq növbəti dəfə təsdiqlənmiş oldu. Erməni baş nazir Brüssel səfərindən sonra Ermənistan və Azərbaycan arasında sülh sazişi imzalanmasının vacibliyindən danışırdı. Hətta bunun üçün "artsax" avantürasından rəsmən imtina etməyə hazır olduğunun açıq mesajlarını verirdi. Yəni, Xankəndi və ətraf bölgə də daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanımağın vacibliyinə Ermənistan cəmiyyətini inandırmağa çalışırdı.

Ancaq Moskvaya səfərdən sonra erməni baş nazir mövqeyini açıq-aşkar dəyişməyə başlayıb. Əslində, qətiyyən gözlənilməz deyil. Çünki, Kremldə baş nazir Nikol Paşinyana təzyiq göstəriləcəyi, hətta onun müxtəlif vədlər ilə şirnikləndiriləcəyi ehtimal olunurdu. Brüssel görüşünü Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb, çıxarılması prosesi kimi qəbul edən prezident Vladimir Putin erməni baş nazir ilə qapalı müzakirə öncəsi "Dağlıq Qarabağda problemlər var" demişdi. Ardınca isə "Dağlıq Qarabağ"da təhlükəsizlik məsələlərini erməni baş nazir ilə müzakirə edəcəyini də bildirmişdi.

233991ab74f783e3c4e2d2eae50d5a38.jpg (109 KB) 

İndi məlum olur ki, prezident Vladimir Putin həqiqətən də erməni baş nazir ilə "Dağlıq Qarabağ"ın "təhlükəsizlik məsələsi"ni əməlli-başlı "müzakirə" edib. Çünki, erməni baş nazirin Moskva səfərindən öncəki mövqeyi ciddi şəkildə dəyişib: "Qarabağ təslim olunacaq bir əşya, obyekt deyil. Qarabağ ilk növbədə orada yaşayan insanlardır. Mən geniş ictimai müzakirə olmadan hər hansı sənədin imzalanmasını istisna edirəm”.

Ermənistan hökumətinin iclasında danışan baş naziri Nikol Paşinyan deyib ki, "Əgər, təslim etmək istəsəydik, onda 44 günlük müharibədən sonra “Qarabağ xalqı”nın öz evlərinə qayıtmasını təmin etmək üçün on milyardlarla dram xərcləməzdik". Belə anlaşılır ki, Kremldə erməni baş nazirin mövqeyini dəyişməyi bacardılar. Və artıq Ermənistan baş naziri Nikol Paşinyan Brüsseldəki anlaşmalardan uzaqlaşıb, Kremlin verdiyi təlimatın mətni üzrə danışmağa çalışır.

Ermənistan yenidən İrəvandan deyil, məhz Kremldən idarə olunur. Moskva səfərindən öncə baş nazir Nikol Paşinyan "Erməni xalqını qurbanlıq qoyun statusundan çıxartmaq lazımdır" demişdi. Kremldə isə ona başa saldılar ki, rəsmi İrəvan "erməni xalqının statusu"nu dəyişə bilməz. Yəni, baş nazir Nikol Paşinyan Rusiyanın qurbanlıq qoyuna çevirdiyi erməni xalqının "statusu" ilə növbəti dəfə barışmalı oldu.

Ancaq Brüssel görüşünün nəticələrindən imtina etmək Paşinyan hakimiyyətinə o qədər də asan olmayacaq. Çünki, bu məsələdə Azərbaycanın mövqeyi, atacağı addımların təsiri erməni baş nazirə Kremlərdə göstərilən təzyiqlərdən daha güclüdür və həlledici xarakter daşıya bilər. Məlumdur ki, Brüssel görüşündən sonra baş nazir N.Paşinyan Azərbaycanın təklif etdiyi 5 şərt çərçivəsində yekun sülh sazişi üzərində işə başlamağa hazır olduğunu bəyan etmişdi.

58ca911243c3fd4ca9342955a69a883a.jpg (140 KB)

Həmin şərtlərin sırasına ölkələrin ərazi bütövlüyünün qarşılıqlı olaraq, qeyd-şərtsiz tanınması, ərazi iddialarından imtina edilməsi də daxildir. Ancaq indi N.Paşinyan separatçıların razılığı olmadan Azərbaycanla hər hansı sənədin imzalanmasından yayınmağa çalışmaqla, Ermənistanı böyük təhlükə qarşısında buraxır. Kremlin təlimatları ilə İrəvanda Paşinyan hakimiyyəti əleyhinə revanşist müxalifətin müddətsiz aksiyalara başlaması belə, bu məsələdə rəsmi İrəvan üçün bəhanə rolunu oynaya bilnəz.

Ermənistan baş naziri buna əmin olmaq üçün əvvəlcə Kremldə üzləşdiyi təzyiqlərin təsirindən çıxmalıdır. Bundan sonra isə Prezident İlham Əliyevin sülh sazişindən imtinanın verə biləcəyi nəticələrlə bağlı Ermənistana Şuşadan ünvanladığı son xəbərdarlığın məzmununa diqqət etməlidir: “Ermənistanda baş qaldıran revanşist qüvvələr bilməlidirlər ki, bu, Ermənistan üçün yeganə çıxış yoludur və bəlkə də son şansdır. Əgər bundan imtina etsələr, onda biz də Ermənistanın ərazi bütövlüyünü tanımayacağıq, bunu rəsmən bəyan edəcəyik. İkinci Qarabağ müharibəsinin nəticələrini nəzərə alaraq, Ermənistan tərəfi yaxşı başa düşməlidir ki, bu addım nəyə gətirib çıxaracaq”.

Prezident İlham Əliyev Azərbaycan və Ermənistan arasındakı qüvvələr nisbətini hər kəsin anlayacağı məzmunda izah edib. Dövlət başçısı vurğulayıb ki, Ermənistanın Azərbaycan ilə rəqabət aparmaq üçün nə hərbi-siyasi, nə maliyyə-iqtisadi, nə də insan resursları yoxdur. Bu isə o deməkdir ki, rəsmi İrəvanın Rusiyaya və yaxud yenidən ATƏT-ın Minsk Qrupuna ümid bəsləməsi tamamilə mənasızdır.

Azərbaycan Prezidenti də rəsmi İrəvanın həmsədrlərə ola ümidlərinin mənasız olduğunu vurğulayıb. Dövlət başçısı xatırladıb ki, Minsk Qrupu hələ 2019-cu ildən iflic olub: "1992-ci ildə bu məsələni həll etmək üçün mandat almış bu qrup faktiki olaraq, heç bir nəticə əldə etməmişdir. Bu qrup məsələni həll etmək üçün yox, işğalı əbədiləşdirmək üçün yaradılmışdır".

f04cf8cb14d95ae0b2fec589275313a1.jpg (243 KB)

Göründüyü kimi, indi Paşinyan hakimiyyəti Minsk Qrupundan heç bir dəstək ala bilməz. Geriyə Brüssel anlaşmalarını pozmaq cəhdləri ilə Cənubi Qafqazda mövqelərini qorumağa çalışan Rusiya qalır. Rusiya isə rəsmi İrəvana hələ də güclü təsir imkanlarını saxlasa da, Ukrayna savaşında zəifləyərərək, böyük sürətlə geopolitik iradəsini itirir. Halbuki, Xankəndi və ətraf bölgədə olan erməni separatçı-terrorçu dəstələrin rəhbəri Araik Arutyunyan hələ də Rusiya sülhməramlı qüvvələrinə güvənir.

O, Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti dislokasiya olunduqları Azərbaycan ərazisində erməni terrorçulara yaratmağa çalışdığı təhlükəsizlik mexanizmlərinə sığına biləcəyinə ümid bəsləyir. Ancaq bu ümid tezliklə boşa çıxa bilər. Çünki, rəsmi Bakı Araik Arutyunyanın tezliklə həbs edilməsinə qərar verib. Azərbaycan ordusu isə Prezident İlham Əliyevin də vurğuladığı kimi,  hazırda istənilən vəzifəni, qərarı icra etmək qüdrətinə sahibdir.

Ona görə də, Paşinyan hakimiyyəti indi əsas diqqətini Kremldən üzləşdiyi təzyiqlərə deyil, məhz rəsmi Bakının xəbərdarlıqlarına yönəltməlidir. Çünki, Azərbaycan hərəkətə keçərsə, Rusiya yenə də Ermənistanı müdafiə edə bilməyəcək. Və Kremlin təzyiqləri qarşısında qorxunun Ermənistana heç bir faydası olmayacaq.

Baş nazir Nikol Paşinyana Kremldə edilən təzyiqlərin məzmunu isə artıq məlum olmağa başlayıb. Belə ki, Ermənistanın “Hraparak” qəzeti iddia edir ki, baş nazir Nikol Paşinyana Moskvada Qarabağ məsələsi, eləcə də Azərbaycanla sərhədlərin demarkasiyası, Qərb və rəsmi Bakı ilə birbaşa təmaslardan çəkinməsi ilə bağlı sərt xəbərdarlıq edilib. Ona görə də, Moskvadan qayıtdıqdan sonra baş nazir Nikol Paşinyan indi yenidən "rusca" danışmağa başlayıb. Deməli, erməni baş nazirə başqa dillərin də öyrədilməsi üçün "dəmir yumruq" kursunu bərpa etmək lazım gələcək.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR