İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan “qırmızı cizgiləri” aşıb: Ermənistana sanksiyalar tətbiq ediləcək

2622 13.07.2022 19:31 Analitika A A

ABŞ və Avropa Birliyi rəsmi İrəvanın Rusiya və Belarusu sanksiyalardan yayındırılması məqsədilə atdığı addımları ifşa ediblər… Paşinyan hakimiyyətindən ABŞ və Qərb ilə Rusiya arasında prinsipial seçimin edilməsi tələb olunur…

Ermənistan çətin vəziyyətə düşüb. Rəsmi İrəvanın ABŞ və Qərblə Rusiya arasında etdiyi manevrlər artıq ümudverici nəticələr vermir. Paşinyan hakimiyyətinin beynəlxalq siyasi iradə mərkəzləri arasında “geopolitik rəqs” xarici siyasət modeli əks effect verməyə başlayıb. İndi rəsmi İrəvanın hər iki tərəfə yönəlik etdiyi manevrlər Ermənistana bumeranq kimi geri dönür.

ABŞ və Qərb Ermənistandan mövqeyini dəqiqləşdirməsini tələb edir. Yəni, rəsmi İrəvandan Rusiya ilə məsafə saxlamasını istəyirlər. Paşinyan hakimiyyəti isə hazırda buna qətiyyən hazır deyil. Əksinə, Kremlə qarşı atınlan istənilən addımın Ermənistan üçün sarsıdıcı zərbələrlə müşayiət olunacağı indi qətiyyən şübhə doğurmur.

Məsələ ondadır ki, Paşinyan hakimiyyəti son vaxtlar Rusiya ilə daha da yaxınlaşma istiqamətində atdığı addımlarla “qırmızı cizgiləri” çoxdan keçib. Belə ki, rəsmi İrəvanın Ermənistana məxsus 4 “Su-35” savaş təyyarəsini pilotları ilə birlikdə Rusiyaya verməsi artıq ifşa olunmuş faktdır. ABŞ və Qərb bu barədə ən incə detallarına qədər məlumatlıdır, üstəlik, rəsmi İrəvana xəbərdarlıq da edilib.

dsdsdsd.jpg (944 KB)

Ancaq son vaxtlar baş verənlərdən belə anlaşılır ki, Paşinyan hakimiyyəti ABŞ və Qərbin xəbərdarlıq mesajlarından lazımi nəticə çıxara bilməyib. Hər halda, Rusiya biznesinin tədricən Ermənistana köçürülməkdə olduğu artıq inkaredilməz reallıqdır. Bu əməliyyat Rusiya biznes dairələrinin beynəlxalq sanksiyalardan yayınmaq niyyətindən qaynaqlanır.

ABŞ və Qərb Rusiya biznes dairələrinin Ermənistanda müxtəlif yeni şirkətlər yaratdığından, istensal etdikləri məhsulları da dünya bazarlarına məhz bu ölkənin adından çıxartmağa çalışdıqlarından xəbərdardır. Üstəlik, Ermənistanda yaradılan yeni Rusiya şirkətlərinin Kremlə lazım olan bir çox məhsulların idxalını da reallaşdırmağa çalışdıqları da artıq ifşa edilmiş məsələdir. Yəni, Kremlin Ermənistanda Rusiyanı sanksiyalardan yayındıra biləcək yeni system qurmaqda olduğu barədə məlumatlar təsdiqlənməyə başlayıb.

Bəzi məlumatlara görə, Rusiya Ermənistan banklarından da bu prosesdə “alət” kimi istifadə etməyə çalışır. İddialara görə, Rusiya biznes təmsilçilərinin Ermənistan banklarında açdıqları çoxsaylı xarici valyuta hesabları Kremlə vacib olan ödənişlərin reallaşdırılmasında xüsusi rol oynayır.

Onu da qeyd etmək lazımdır ki, ABŞ və Qərb Rusiyaya qarşı sanksiyaların gözlənildiyindən daha zəif effekt verməsini Ermənistan və onun kimi bir neçə dövlətin Kremlə yaratdığı “yayınma imkanları” ilə əlaqələndirir. Bu səbəbdən də, ABŞ, Böyük Britaniya və Avropa Birliyi Rusiyaya qarşı sanksiyaların icrasına nəzarət üzrə xüsusi mexanizmlərin yaradılmasını vacib hesab edir. Və bu istiqamətdə ağır cəza sisteminin işə salınmasına hazırlaşır.

555d30573c-99af-4ab5-8464-2eabbdb50f27.jpg (205 KB)

Maraqlıdır ki, ABŞ və Qərb artıq Ermənistana qarşı müəyyən dolayısı cəza addımları atmağa başlayıb. ABŞ Ermənistana illik maliyyə dəstəyini minimuma endirib, hətta onun tamamilə kəsilə biləcəyi də qətiyyən istisna edilmir. Çünki, ABŞ-ın Ermənistanla bağlı konkret qərarlar verməyə hazırlaşdığı barədə müəyyən məlumatlar mövcuddur.

Son məlumatlara görə, Rusiya biznesinin üz tutduğu Ermənistan artıq ABŞ-ın "qara siyahılar"ında öz yerini almaqdadır. Belə ki, ABŞ Maliyyə Nazirliyinin Sənaye və Təhlükəsizlik Bürosu, eləcə də, Maliyyə Cinayətləri ilə Mübarizə Agentliyi Ermənistanı Rusiya və Belarusa qarşı beynəlxalq sanksiyaları pozan ölkələrin sırasına daxil edib. Ağ Evin bu addımı atmasına səbəb Rusiya və Belarusa satışı qadağan edilmiş malların Ermənistan üzərindən hər iki ölkəyə ötürülməsi ilə bağlı faktların mövcud olmasıdır.

Ancaq rəsmi İrəvanın üzləşməyə başladığı qəliz situasiya yalnız bununla məhdudlaşmır. Belə ki, son vaxtlar Avropa qurumları da Ermənistana münasibətdə mövqelərini ciddi şəkildə sərtləşdirməyə başlayıblar. Hətta bu barədə Ermənistanın “Hraparak” nəşri Paşinyan hakimiyyətinə yaxın etibarlı mənbəyə istinadən məlumat da yayıb. Həmin məlumata görə, AŞPA-nın 19-25 iyun tarixlərində keçirilən sessiyasında Ermənistan nümayəndə heyəti Azərbaycanın əleyhinə olan üç təklif irəli sürüb.

Maraqlıdır ki, erməni nəşri həmin təkliflərin AŞ PA təmsilçiləri tərəfindən laqeydliklə qarşılandığını xüsusi olaraq, vurğulayıb: “Bizim “Mülki müqavilə” partiyasından olan mənbəmizin dediyinə görə, avropalılar təkliflərlə tanış olandan sonra sadəcə, bildiriblər ki, onların əlavələri yoxdur. Və Ermənistan “Avropa, yoxsa Rusiya” seçimini etmədikcə, rəsmi İrəvanı dəstəkləməyəcəklər”.

07e86a96ac7902cbaeb884a3daae4da5.jpg (57 KB)

“Hraparak” nəşri hesab edir ki, son vaxtlar avropalı məmurlar Ermənistanın addımlarını Qərbi aldatmaq cəhdi kimi qiymətləndirirlər: “Ona görə də avropalılar rəsmi İrəvanı cəzalandırmaq qərarı veriblər. Ən azından, Ermənistanı Rusiya ilə bağlı konkret qərar verməyə təhrik etmək istəyirlər”.

Göründüyü kimi, ABŞ ilə yanaşı, Avropa qurumları da Ermənistana yönəlik mövqelərini dəyişməyə başlayıblar. Paşinyan hakimiyyəti xarici siyasətdə “geopolitik rəqs” modelindən imtina etməyəcəyi təqdirdə, Ermənistanın da Rusiya və Belarus ilə eyni sanksiyalara məruz qala biləcəyi qətiyyən istisna deyil.

Bu baxımdan, hesab etmək olar ki, ABŞ və Qərb “qırmızı cizgiləri” çoxdan keçən Paşinyan hakimiyyətinin “ipini” çəkməyə hazırlaşır. Və rəsmi İrəvan yaxın vaxtlarda prinsipial seçim etməzsə, Ermənistan da beynəlxalq sanksiyaların tətbiq olunduğu ölkələrin sırasında öz yerini alacaq.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR