İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan ermənilərlə Azərbaycan dilində danışmağa başladı

1436 03.04.2024 12:40 Ölkə A A

Qazağın işğal altındakı 4 kəndinin qaytarılması yubanır - İrəvan aprel ayında həmişə “dərs almaq” istəyir 

Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin müxtəlif istiqamətlərində erməni silahlı qüvvələrinin şəxsi heyətinin və hərbi texnikasının cəmləşməsi qeydə alınıb. Məlumatlara görə, erməni qoşunları əsasən Naxçıvan istiqamətində cəmləşdirilir.

Aprelin 1-i Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən, Qarakilsə rayonunun Saybalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad və Şahbuz rayonunun Biçənək yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Qazaxla sərhəddə də gərginlik gözləntisi var. Bugünlərdə Ermənistanın sabiq müdafiə naziri, hazırda müxalifətdə olan “Hayastan” parlament fraksiyasının rəhbəri Seyran Ohanyan Qazaxla sərhəddəki Tavuş bölgəsinə səfər edib, orada görüşlər keçirib. Məlumatlara görə, Ohanyan əhalini Qazağın kəndlərinin Azərbaycana təhvil verilməsinə qarşı çıxmağa çağırıb, hərbçilərə mesaj ünvanlayıb. Hərbçilərin və əhalinin “silaha sarılacağıq”, “döyüşəcəyik” kimi fikirlər səsləndirdikləri qeyd olunur. Azərbaycan Müdafiə Nazirliyi qoşunların sərhədə cəmləşdirilməsi ilə bağlı Ermənistan hərbi-siyasi rəhbərliyinə xəbərdarlıq edib: “Xəbərdarlıq edirik ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı hər hansı hərbi təxribat cəhdi olarsa, onun qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınacaq. Bir daha bəyan edirik ki, vəziyyətin gərginləşməsinə və baş verə biləcək hər hansı təxribata görə bütün məsuliyyət tamamilə Ermənistan və onun havadarlarının üzərinə düşəcək”. 

Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə 4 kənd mövzusuna toxunub. “Mülki müqavilə” partiyasının təşəbbüs qrupu ilə görüşündə Paşinyan Qazağın işğal altındakı 4 kəndinin Azərbaycan dilində olan adlarını sadalayıb - Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı. Onun sözlərinə görə, Ermənistanda heç vaxt belə adlar altında kəndlər olmayıb. Paşinyan qeyd edib ki, Ermənistan hökumətinin adıçəkilən kəndlərə heç vaxt iddiası olmayıb. “Mən bunu açıq şəkildə qeyd etmək istəyirəm və bizim siyasi mövqeyimiz ondan ibarətdir ki, Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir əraziyə, o cümlədən Azərbaycanın qeyd etdiyi kəndlərinin ərazilərinə iddiası yoxdur”, - Paşinyan bildirib. Erməni baş nazir deyib ki, rəsmi İrəvan həqiqətən də Azərbaycanla sərhədi dəqiqləşdirmək istəyir, delimitasiya və demarkasiyaya hazırdır. Hazırda Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş 7 kəndi var: Qazağın esklav olmayan 4 (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli, Qızılhacılı) və esklav olan 3 (Yuxarı Əskipara, Sofulu, Barxudarlı) kəndləri, eləcə də Naxçıvanın esklav olan 1 (Kərki) kəndi. Proseslərin perspektivi haqda nə demək olar? Əməliyyata gərək olacaqmı? Paralel şəkildə erməni ordusunun şərti sərhəddə cəmlənməsi İrəvanın məkrli mövqe sərgilədiyini göstərmirmi?

Elçin Mirzəbəyli: Zəfər Qurultayı Azərbaycan diasporunun tarixində yeni bir  mərhələnin başlanğıcıdır - AZƏRTAC

Elçin Mirzəbəyli

“Ermənistan Azərbaycanla sərhəddə hərbi texnikanın və şəxsi heyətin cəmləşməsini "orduya yeni cəlb olunmuş sürücülərin təlim yürüşü" kimi təqdim etməyə çalışır və şübhəsiz ki, bu, rəsmi İrəvanın növbəti yalanından başqa bir şey deyil. Çünki əgər söhbət həqiqətən də “təlim yürüşü”ndən gedirsə, o zaman bunun üçün Ermənistanın digər ərazilərində də yer tapmaq olardı". Siyasi şərhçi Elçin Mirzəbəyli bunu “Yeni Müsavat”a açıqlamasında belə deyib. Ekspert məntiqə uyğun olaraq sual etdi və əsaslı arqumentlərlə cavablandırdı: “Maraqlıdır, nədən Ermənistan, məsələn, İranla sərhəddə "təlim yürüşü" keçirmir? Məgər “təlim yürüşü” üçün Azərbaycanla həmsərhəd bölgə xüsusi olaraq müəyyənləşdirilib? Göründüyü kimi, İrəvanın iddialarının, hər zaman olduğu kimi, məntiqi izahı yoxdur. Amma maraqlıdır ki, Avropa İttifaqının Ermənistandakı, artıq hərbiləşdirilmiş missiyasının müşahidəçiləri, hətta Ermənistanın təqdimatında yer alan “təlim yürüşü” iddiasını da təkzib edirlər. Missiyanın müşahidəçilərinin açıqlamasında qeyd olunur ki, Ermənistan-Azərbaycan sərhədində hər hansı bir hərəkətlilik baş verməyib. Ermənistanın “təlim yürüşü” kimi təqdim etdiyi faktı isə rəsmi İrəvanın növbəti təxribatı kimi də qiymətləndirmək olar. Ermənistan ordusunun Naxçıvan istiqamətində atəşkəsi pozması da sübuta yetirir ki, İrəvan hərbi qarşıdurma yaratmaqda maraqlıdır və diqqəti Tavuş istiqamətindəki hərəkətlilikdən yayındırmağa çalışır. İrəvan Qərbin ötürdüyü iki əsas tezisi - “Azərbaycanın müharibəyə hazırlaşdığı”nı, “Ermənistanın isə müdafiəyə ehtiyacı olduğu”nu bu qəbildən olan təxribat xarakterli addımlarla təsdiqləməyə və aprelin 5-də Brüsseldə keçiriləcək görüşdə ABŞ və Aİ ilə imzalamağı hədəflədiyi “hərbi pakt”ın zəruriliyini sübuta yetirməyə, bunun üçün süni bəhanələr yaratmağa çalışır". E.Mirzəbəyli bildirdi ki, indi Ermənistan üçün əsas hədəf Brüsseldə ABŞ və Avropa İttifaqı ilə hərbi paktın imzalanmasına nail olmaqdan və bu paktın, Qərbin “Ermənistanın təhlükəsizliyinə təminatı” iddiaları müstəvisində işə düşməsinə, bölgədə regiondankənar qüvvələrin hərbi iştirakına zəmin hazırlamaqdan ibarətdir: “Bu baxımdan, İrəvan nəyin bahasına olursa-olsun "real hərbi ekskalasiya" görüntüsü yaratmağa cəhd göstərir. Bu xüsusda Qərblə yanaşı İranın da davranışlarına diqqət yetirilməsinin zəruri olduğunu düşünürəm. Baş verənlərin fonunda Tehranın tamamilə sükuta bürünməsi maraq doğurur. İran bölgədə Azərbaycan və Türkiyənin üstün mövqelərinin zəiflədilməsi, Türk Dövlətləri Təşkilatının güclənməməsi üçün hətta şeytanla belə əməkdaşlığa hazır görünür. Məlum olduğu kimi, ABŞ və İran qarşılıqlı olaraq, bir-birilərini “böyük şeytan” adlandırırlar və görünür, hər iki ölkə, qarşılıqlı olaraq, bir-birinə ünvanladıqları “epiteti” sonunadək qəbullanıblar". Analitik olduqca ilginc məqama da diqqət çəkdi: “İranın indiki hakimiyyətinin formalaşması və Tehran hökumətinin "islam inqilabı kimi" dəyərləndirdiyi hadisələrin inkişafında ABŞ-ın iki prezidenti ilə əməkdaşlığın yer aldığı barədə çoxsaylı faktlar var. Mərkəzi Kəşfiyyat İdarəsinin 2016-cı ildə məxfilikdən çıxardığı sənədlərdə Xomeyninin, hələ Tehranda ev dustağı olduğu zaman kəsiyində, 1963-cü ildə, Kennedenin qətlə yetirilməsindən iki həftə öncə ona ünvanladığı məktubdan söz açılır. Digər məktub isə 1979-cu ilin yanvarında Karterə ünvanlanıb və hər iki məktubda ABŞ-ın maraqlarının qorunmasına zəmanətdən, qarşılıqlı əməkdaşlıqdan söz açılır. Bu aspektdən və daha sonrakı, SSRİ-nin süqutu öncəsi və sonrası yazışmalardan belə anlaşılır ki, Tehran həlledici məqamlarda Qərbin maraqlarının ifadəçisi kimi çıxış etməyi "bacarır"".

Qafar Çaxmaqlı: “Yurd həsrəti ilə yaşayan insanlar 7 fevral seçkisinə  taleyüklü hadisə kimi baxırlar”

Qafar Çaxmaqlı

Ermənişünas alim, Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlı da rəsmi İrəvanın avantürist siyasətinə diqqət çəkdi: “Ermənistanın baş naziri Nikol Paşinyan Artaşat bölgəsində partiyadaşları ilə görüşündə Azərbaycanla sərhədinin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin və hərbi texnikasının, o cümlədən artilleriya qurğularının və zirehli texnikasının intensiv cəmləşməsini təkzib edib və Ermənistanın gərginliyi artıracaq hər hansı addımdan geri duracağını deyib. Eyni zamanda o, Qazağın kəndlərinin geri verilməsi ilə bağlı mövqeyini təkrarlayıb. Paşinyan deyib ki, Ermənistan öz ərazisindən Azərbaycana torpaq verməyə hazırlaşmır, sərhədin bu hissəsində demarkasiya proseslərinə ona görə başlayıblar ki, problem bu hissədədir. Əlbəttə, Paşinyanın bu fikirləri də ona qarşı olan qüvvələrin "qəzəbini “ azaltmayıb. 5 aprel üçtərəfli Avropa İttifaqı-ABŞ-Ermənistan görüşü ərəfəsində rusiyayönümlü qüvvələrin ökədə qarışıqlıq yaratması cəhdlərini də Paşinyan təxribatçılıq adlandırıb. Həmin görüşün baş tutmaması, pozulması üçün bu qüvvələrin ölkədə sabitliyin pozulmasına qədər gedəcəkləri qənaəti var. Paşinyanın Qərbə doğru vektor dəyişikliyinə getməsini ölkənin böyük bir hissəsi qəbul etmir. Rusiyanın da Ermənistanın apardığı siyasəti sərt və rəsmi ağızlardan tənqid etməsi içəridəki anti-Paşinyan qüvvələri ürəkləndirib. Paşinyanın baş nazirlikdən uzaqlaşdırılması kimi qeyri-legitim addımların atılacağı ehtimalları da var. Parlament müxalifətinin buna gücü çatmır. Onu gəldiyi yolla göndərmək təşəbbüsləri isə hələ ki ciddi nəticə vermir. Ermənistanda Paşinyanın elan etdiyi və adlarını azərbaycanca sadaladığı və heç vaxt Ermənistanın xəritəsində yer almayan Qazağın esklav olmayan 4 -  Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli, Qızılhacılı kəndlərinin adını çəkir. Bunlarla Azərbaycan kifayətlənəcəkmi? Əlbəttə yox. 1990-cı illərdə qanlı döyüşlər nəticəsində işğal edilmiş o biri kəndlər də verilməlidir”. Q.Çaxmaqlının sözlərinə görə, Paşinyanın da, Ermənistan cəmiyyətinin də qorxusu budur ki, Azərbaycan ordu olaraq oraya yerləşəndən sonra həmin üç kəndi də - Yuxarı Əskipara, Sofulu, Barxudarlı kəndlərini də tələb edəcək: “Paşinyan inandırmağa çalışır ki, həmin üç kəndin məsələsi Ermənistanın 29,8 min kvadratkilometrlik ərazisinə daxildir. Amma bunun belə olmadığını Azərbaycan tərəfi hər addımda dilə gətirir. Həmin kənd əhalisinin və kənardan gətirilən hərbi-terrorçu qüvvələrin dirənişini təşkil etmək üçün Ermənistan gizli tədbirlər görür. Ermənistan mətbuatında buraya qüvvələrin və silahlı qrupların yığışması faktı göstərir ki, Ermənistan mümkün eskalasiyaya gedəcək. Azərbaycan XİN-in yaydığı bəyanatda da təsadüfi vurğulanmayıb ki, bunun məsuliyyəti Ermənistan hakimiyyətinin və onun havadarlarının üzərinə düşəcək. Havadarları isə konkret halda Fransa və İrandır. Çünki bu bölgəni silahlandırmaq, muzdlu adamlara təlimlər keçmək üçün emissarların varlığı artıq bilinməkdədir. Terrorçu, qeyri-qanuni könüllü dedikləri qruplar - Sasna Tsrer, VOMA, Yerkrapa Bever artıq burada, Azərbaycanla şərti sərhəd bölgəsində yerləşdirilib. Sıx-sıx sülhdən danışan ölkə faktiki müharibəyə hazırlaşır. Bunu belə dəyərləndirmək lazımdır”.

E.PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR