İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Ərdoğanla birbaşa görüş istəyir - həmlə, yoxsa hiylə...

1141 13.01.2023 09:55 Siyasət A A

İddia olunur ki, Türkiyədə yaxınlaşmaqda olan seçkilər ərəfəsi erməni baş nazirin birbaşa təmaslar təklifini dilə gətirməsi Qərbin təlimatı ilə Ərdoğanın Ermənistanla dialoqda guya maraqlı olmaması rəyini yaratmağa da hesablanmış açıqlama ola bilər.

Ermənistan baş naziri Nikol Paşinyan son mətbuat konfransında deyib ki, İrəvan və Ankara təkcə danışıqlar aparmamalıdır, prosesin dinamikasını artıran konkret addımlar da atılmalıdır. Paşinyan hər iki ölkənin xüsusi nümayəndələrinin fəaliyyətinin vacibliyini, Ərdoğanla birbaşa danışıqların əhəmiyyətini vurğulayıb və yaxın vaxtlarda sərhədlərin açılacağına ümid etdiyini qeyd edib.

Paşinyan zaman-zaman Türkiyə lideri ilə dialoqa girmək arzusunda olduğunu dilə gətirir.

Xatırladaq ki, 2021-ci ilin dekabrında İrəvan və Ankara dialoqa başlamaq üçün öz diplomatlarını təyin ediblər. Bunlar Ermənistan tərəfdən parlamentin vitse-spikeri Ruben Rubinyan, Türkiyə tərəfdən isə ABŞ-dakı keçmiş səfir Serdar Kılıçdır. Onlar ötən il yanvarın 14-də Moskvada və daha sonra üç dəfə Vyanada görüşüblər. Bəzi yerli ekspertlərə görə, erməni baş nazirin Türkiyə ilə əlaqələrin normallaşmasına diqqət yetirməsi və Ərdoğanla görüş mesajı Qərbdən gəlmiş təlimat ola bilər. Hətta o da iddia olunur ki, Türkiyədə yaxınlaşmaqda olan seçkilər ərəfəsi Paşinyanın birbaşa təmaslar təklifini dilə gətirməsi Qərbin təlimatı ilə Ərdoğanın Ermənistanla dialoqda guya maraqlı olmaması rəyini yaratmağa da hesablanmış açıqlama ola bilər. Məlumdur ki, Türkiyənin Ermənistanla normallaşma üçün şərtləri var. Erməni tərəfi bütün ərazi iddialarından birdəfəlik əl çəkməlidir, Azərbaycanla sülh müqaviləsi bağlamalı və Zəngəzur dəhlizini açmalıdır.

Bəs bunların heç biri ortada yox ikən Paşinyanın Ərdoğanla birbaşa təmaslar arzusunun arxasında hansı niyyətlər durur?

Elçin Mirzəbəyli — Vikipediya

Elçin Mirzəbəyli

BAXCP sədrinin müavini, politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a açıqlamasında erməni baş nazirin əsl niyyətlərindən söz açdı: “Paşinyanın Türkiyə Prezidenti ilə birbaşa görüşə can atması, əgər Qərbin təlimatı ilə seçkiöncəsi Rəcəb Tayyib Ərdoğanın dialoqa hazır olmadığı barədə rəy yaratmaq üçün düşünülübsə, çox uğursuz taktikadır, istisnasız olaraq, əks-effekt verəcək. Əvvəla, seçkilərdə Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcək şəxslər, onu müstəqil siyasət yürütdüyü, Qərbin diqtəsi ilə hərəkət etmədiyi və hakimiyyətdə olduğu dönəmdə Türkiyənin müstəqil güc kimi dünya siyasətində yerini təmin etdiyi üçün müdafiə edəcəklər. Türkiyədə Qərbin diktəsi ilə hərəkət edən, yaxud qütblərarası "göbək rəqsi" oynayan, bölücülərlə, terrorçularla işbirliyində olan siyasi düşərgənin yeri də, ünvanı da bəllidir. Türkiyəni zəif, boyunduruq altında görmək istəyənlər də onlardır və bu xüsusda onlarla maraqları üst-üstə düşən Qərbin də kimə dəstək verəcəyi zatən bəllidir. Şükürlər olsun ki, Türkiyə vətəndaşlarının böyük əksəriyyəti dövlətlərini müstəqil güc kimi görmək istəyənlərdir və onlar da qardaş ölkənin qüdrətinin daha da artması üçün kimə səs verəcəklərini çox gözəl bilirlər. 60 milyonluq Azərbaycan xalqının mütləq əksəriyyətinin duaları da Türkiyəni dünyada söz sahibinə çevirənlərin, haqq işimizə qardaş dəstəyini əsirgəməyənlərin, Türk Dünyasının birliyi üçün çalışanların və istisnasız olaraq, böyük türk xalqının milli düşüncəyə malik olanlarının, soyuna və dəyərlərinə sahib çıxanlarının, yəni Vətən üçün canını fəda etməyə müntəzir dayananlarının yanındadır. Digər tərəfdən, Paşinyan Ərdoğanla birbaşa görüşmək şərəfinə nail olsa, nə baş verəcək ki? Ən yaxşı halda, yəni qavramaq potensialı imkan versə, Ustad dərsi alacaq, “həyatı” daha dərindən başa düşəcək və mənsub olduğu xalqın tarix boyu törətdiyi naqis əməllərinə görə pəjmürdə olub, kor-peşiman geriyə qayıdacaq. Türkiyənin olmadığı yerdə Azərbaycan, Azərbaycanın olmadığı yerdə isə Türkiyə var. Yəni Nikolun Türkiyə Prezidenti ilə görüşmək şərəfinə nail olması elə onun Azərbaycan Prezidenti ilə görüşmək şərəfinə nail olması deməkdir. Bu baxımdan, Nikol Paşinyanın Türkiyəyə yalnız və yalnız xahiş-minnət üçün səfər etmək istədiyini, üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi istiqamətində atacağı hansısa addımların qarşılığında erməni xalqını təbliğatla yemləmək üçün təmənnada bulunacağını düşünürəm".

Jurnalist Kənan Rövşənoğlunun anası vəfat edib

Kənan Rövşənoğlu

Tanınmış siyasi yazar Kənan Rövşənoğlu hesab edir ki, Azərbaycanla sülh sazişi əldə olunmadan Paşinyan istəklərinə nail ola bilməyəcək: “Paşinyanın indi vəziyyəti elədir ki, o, heç bir halda dialoq və diplomatiyadan imtina edə bilməz, yaxud da imtina etdiyini nümayiş etdirə bilməz. Bu onun özü üçün ziyanlıdır. Ermənistanın baş naziri dünyaya göstərməlidir ki, danışıqlara hazırdır, Türkiyə ilə münasibətləri bərpa etməkdə maraqlıdır. Bu, işin, necə deyərlər, siyasi-diplomatik tərəfidir. Praktik baxımdan Ermənistanın Türkiyə ilə münasibətləri bərpa etməsinə ehtiyacı var. Lakin aydın məsələdir ki, Paşinyan dəqiq bilir ki, Azərbaycanla sülh imzalanmadan Türkiyə ilə Ermənistanın münasibətləri qaydaya düşməyəcək. Ona görə də belə rahat bəyanatlar verir. Dünya birliyi də Ermənistanın baş nazirinin necə sülhsevər, barışıq üçün çalışan bir lider olduğunu görür”.

Ağdamda görüşərik- Kənan Novruzov yazır

Kənan Novruzov

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov isə bildirdi ki, Paşinyan həmin mətbuat konfransında Azərbaycanla da bağlı müsbət mesajlar vermişdi: “O bildirmişdi ki, Qarabağı Azərbaycanın ərazisi kimi tanımayan dünya ölkəsi yoxdur. Hökumət başçısının bu açıqlaması çox şeydən xəbər verir. Əvvəllər də dediyim kimi, məncə, Paşinyan regional əməkdaşlıqda maraqlıdır. İmkanı olsa, bəlkə də indi Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasına çalışar. Ümumiyyətlə, artıq Ermənistan cəmiyyətinin müəyyən kəsimində belə fikir yaranıb ki, guya Azərbaycan, Rusiya və Türkiyə müttəfiqlik üçbucağı yaradıb. Əlbəttə, boş, sərsəm fikirlərdir. Paşinyan da öz aləmində guya hədə-qorxu gəlmək istəsə də, bu cəhd çox mənasızdır. İrəvanın Moskvanın təsiri altından çıxması prosesi yavaş-yavaş özünü göstərəcək. Paşinyan bu addımı ilə Rusiyanı Ermənistan adlı oyunçudan məhrum qoymaq istəyir. İrəvanla Bakı arasında münasibətlər inkişaf etməsə, Ankara ilə İrəvan arasında diplomatik münasibətlər bərpa olunmayacaq və ya əksinə, Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlər bərpa olunmasa, İrəvanla-Bakı arasında münasibətlər normallaşmayacaq. İndiki geosiyasi durumda Ermənistan maraqlıdır ki, Türkiyə ilə əlaqələri inkişaf etdirsin. Bunun əsas səbəblərindən biri odur ki, Ermənistan Rusiya ilə Qərb arasında qalıb. Xüsusilə Qərbin Rusiyaya təzyiqlərinin artdığı, Qərblə Rusiya arasında ziddiyyətin olduğu və Rusiyanın Ukraynada bataqlığa düşdüyü bir vaxtda artıq Ermənistan əvvəlki kimi davrana bilməz. Əgər əvvəllər Ermənistan daha çox Rusiyanın çətiri altında idisə və bəzən də Qərblə Moskva arasında "rəqs edirdisə", indi belə imkan olmayacaq. Ona görə də çarəni regionun başqa bir dövlətinin çətiri altına keçməkdə görür. Bu, İran ola bilər, amma İranın da görürsünüz ki, vəziyyəti, yəni gələcəyi ilə bağlı nikbin olmaq mümkün deyil. Həm daxili, həm də eyni zamanda xarici təzyiqlər də var və belə olan halda Ermənistan Türkiyənin çətiri altına keçməlidir. Əgər İrəvan Türkiyə ilə münasibətləri bərpa etmək, həm də xarici təhdidlərdən canını qurtarmaq istəyirsə, Bakının - qalib tərəfin şərtlərinə uyğun sülh müqaviləsi masasında oturmalıdır. Bilirsiniz ki, bugünlərdə Türkiyə ilə Ermənistan arasında birbaşa hava daşımaları təmin olundu. Düşünürəm ki, bu addımın davamında gələcək əlaqələrin inkişafında növbəti addımlar atılacaq və bu da birbaşa Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına, o cümlədən Zəngəzur dəhlizinin açılmasına təsir edəcəkdir. Paşinyan, göründüyü kimi, axmaq siyasətçi deyil. O, ictimai rəylə, ictimai şüurla işləməyi bacaran adamdır. Paşinyan Qərblə Rusiya arasındakı ziddiyyətdən istifadə edərək, üzünü Türkiyə istiqamətinə çevirəcək. Belə olan halda Ermənistan Azərbaycan -Türkiyə ilə münasibətləri normallaşdırdıqdan sonra bu il Zəngəzur dəhlizi məsələsi də həll olacaq".

Cavanşir ABBASLI
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR