İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan diktaturanı möhkəmləndirir: Rusiya səfiri ABŞ və Fransanı qəliz vəziyyətə saldı

3009 16.07.2022 17:00 Analitika A A

ABŞ və Qərb “demokratiya” ilə “diktatura” arasındakı fərqi birmənalı şəkildə öz maraqları çərçivəsində müəyyən edir... ABŞ və Fransa istər-istəməz Azərbaycandakı səfirlərinin Şuşaya niyə səfər etmədiyini izah etməli olacaq, bundansa, rəsmi Bakının bu iki dövlətə münasibəti birbaşa asılıdır...

Ermənistan artq iki ilə yaxındır ki, daxili siyasi toqquşmalar ilə yüklənib. Bu ölkədə hakimiyyət uğrunda mübarizə siyasi böhran həddinə çatıb. Paşinyan hakimiyyəti və daha çox revanşistlərin təsiri altında olan erməni müxalifəti arasındakı savaş artıq həlledici mərhələdədir.

Onu da qeyd etmək lazımdır ki, daxili siyasi mübarizə uzandıqca və erməni müxalifəti nisbətən zəiflədikcə, Paşinyan hakimiyyəti də buna paralel olaraq, aqressivləşir, qəddarlaşır. Siyasi rəqiblərinə qarşı repressiya tətbiq edir. Və hazırda erməni müxalifətinin rəhbərliyinə daxil olan əksər siyasətçilərə qarşı müxtəlif bəhanələrlə cinayət işləri açılıb.

Halbuki, Qərbdə, xüsusilə də ABŞ-da bəzi siyasi dairələr Paşinyan hakimiyyətini Ermənistanda “demokratik islahatlar” aparan hökumət kimi təqdim edirlər. Hətta ABŞ prezidenti Co Bayden Ermənistanda müxalifətin etiraz aksiyalarını qəddarlıqla dağıdan, siyasi opponentlərini həbsxanalara dolduran baş nazir Nikol Paşinyanı “demokratiya sammiti”nə də dəvət etmişdi. Və Ağ Ev sahibinin bu “seçimi” ABŞ-ın Cənubi Qafqazdakı maraqları ilə bağlı idi.

Məsələ ondadır ki, ABŞ Rusiyanın Cənubi Qafqazdakı mövqelərinin zəiflədilməsində birbaşa maraqlıdır. Ona görə də, Ağ Ev Rusiyanın regional for-postu olan Ermənistanı Kremlin təsir dairəsindən çıxararaq, öz nəzarəti altına almağa çalışır. “Soros” Fondunun Ermənistanda Rusiyaya bağlı Qarabağ klanını “məxməri inqilab” yolu ilə devirərək, indiki baş nazir Nikol Paşinyanı hakimiyyətə gətirməsinin əsas səbəbi də budur.

pasha-sorossss.jpg (92 KB)

Ancaq Paşinyan hakimiyyəti öz repressiv daxili siyasəti və opponentlərinə qarşı qəddar davranışları ilə prezident Co Baydenin həmin “demokratiya sammiti”nin insan hüquq və azadlıqları ilə heç bir əlaqəsinin olmadığını sübuta yetirməkdə davam edir. Çünki, ABŞ-a dünyada, Cənubi Qafqazda, lap elə Ermənistanda demokratiya lazım olsaydı, Paşinyan hakimiyyətini siyasi rəqiblərinə qarşı repressiyalara, kütləvi həbslərə reaksiya verərdi. Ağ Ev isə müəmmalı şəkildə susur, Paşinyan hakimiyyətinin ölkədə əsl diktatura qurmasına göz yumur.

Təbii ki, Ağ Ev bu susqunluğunu Ermənistanda baş verənlərlə bağlı məlumatın az olması ilə izah edə bilməz. Çünki, ABŞ-ın dünyada ən çoxsaylı əməkdaşları olan səfirliyi məhz Ermənistanda fəaliyyət göstərir. Və ABŞ səfirliyinin Ermənistanda formalaşan diktaturanın törətdiyi siyasi cinayətlərdən məlumatsız olduğuna yalnız sadəlövhlər inanar.

Məsələn, Paşinyan hakimiyyəti “Ermənistan əhalisini təhqir etmək” ittihamı ilə kinoprodüser, teleaparıcı Armen Qriqoryanı həbs etdirmişdi. Halbuki bu həbsin əsl səbəbi A.Qriqoryanın aparıcısı olduğu verilişdə Paşinyan hakimiyyətini 44 günlük savaşda biabirçı məğlubiyyətə, Ermənistanın hərbi büdcəsinin oğurlanmasına və s. görə davamlı tənqid etməsindən qaynaqlanırdı. Və Paşinyan hakimiyyəti A.Qriqoryanı başqa bəhanə ilə həbsə ataraq, neytrallaşdırdı.

“Demokratiya təəssübkeşi” olan ABŞ və Qərb isə israrla susdu. Nəticədə ABŞ və Qərbin “demokratiya təəssübkeşliyi” Paşinyan hakimiyyətinin bir opponentinə həyatı bahasına başa gəldi. A.Qriqoryan məhkəmə salonunda öldü, daha doğrusu, öldürüldü. Belə ki, teleaparıcının vəkilləri dəfələrlə onun sağlamlıq durumunun təhlükəli vəziyyətdə olması barədə həkim arayışları təqdim etmişdilər. Ancaq ona müalicə almaq imkanı yaratmaqdan imtina edilmişdi.

4bb37e030ee41ee47ca3fb06a881ad8a.jpg (348 KB)

İndi belə anlaşılır ki, ABŞ “demokratiyası” Ermənistanda da sınaqdan çıxa bilmədi. Çünki Ağ Ev “demokrat” kimi təqdim etdiyi baş nazir Nikol Paşinyanın Ermənistanda qurduğu diktaturanı hələ də görə bilməyib. ABŞ və Qərb müxalif fikirli teleaparıcı A.Qriqoryanın məhkəmə zalında Paşinyan hakimiyyətinin günahı ucbatından ölməsinə də reaksiya verməyə tələsmir.

Bütün bunlar onu gəstərir ki, ABŞ başda olmaqla, dünyanın nüfuzlu dövlətlərinə demokratiya lazım deyil. ABŞ və Qərb “demokratiya və diktatura” arasındakı fərqi birmənalı şəkildə öz maraqları çərçivəsində “müəyyən edir”. Yəni, ABŞ və Qərbə lazımlı olan istənilən diktator “demokrat” elan edilə bilər. Və bu prinsip hətta ölkələrin ərazi bütövlüyünə yanaşmada da özünü biruzə verir.

Məsələ ondadır ki, rəsmi Bakı Azərbaycanın işğaldan azad edilmiş ərazilərində, xüsusilə də, Şuşa şəhərində dəfələrlə beynəlxalq tədbirlər keçirib. Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirləri Şuşa şəhərinə dəfələrlə səfərlər ediblər, müxtəlif beynəlxalq tədbirlərdə iştirakçı olublar. Və bu, səfirləri belə səfərlərdə iştirak edən ölkələrin Azərbaycanın beynəlxalq hüquqla təsbit olunmuş sərhədlərinə, ərazi bütövlüyünə hörmətlə yanaşması anlamına gəlir.

Ancaq nə qədər qəribə də olsa, 30 ilə yaxın bir müddətdə ATƏT-in Minsk Qrupuna həmsədr olmuş üç ölkə - ABŞ, Fransa və Rusiya digər dövlətlərdən fərqli davranırdı. Bu üç ölkə Şuşada təşkil edilən tədbirlərdə iştirakdan israrla yayınırdı. Belə təəssürat yaranırdı ki, Azərbaycanın BMT tərəfindən təsdiqlənmiş sərhədləri barədə Minsk Qrupu həmsədrlərinin fərqli mövqeyi var. Halbuki, prezidenti Vladimir Putinin “Dağlıq Qarabağ beynəlxalq hüquqa görə Azərbaycanın ayrılmaz tərkib hissəsidir” bəyanatını nəzərə aldıqda, Rusiyanı bu məsələdə ABŞ və Fransadan bir qədər ayırmaq lazım gəlir.

Digər tərəfdən, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikovun Şuşaya səfəri bir neçə gün əvvəl artıq reallaşıb. Yəni, Rusiya bu önəmli məsələdə artıq ABŞ və Fransa ilə eyni sırada deyil. Bu baxımdan, Rusiya səfirinin Şuşa səfəri rəsmi Bakının diplomatik uğuru da hesab oluna bilər.

5830d1231ba9d3614fabda50f86db6fc.jpg (388 KB)

Eyni zamanda, rəsmi Bakı Rusiya səfirini Şuşaya aparmaqla, həm də ABŞ və Fransanı da çətin vəziyyətə salıb. Çünki, ABŞ və Fransanın beynəlxalq rəqibi olan Rusiya da daxil olmaqla, ölkəmizdə fəaliyyət göstərən xarici ölkə səfirləri Şuşaya səfər ediblər, bununla da Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşdıqlarını biruzə veriblər.

Ancaq ABŞ və Fransa hazırda Azərbaycandakı səfirləri Şuşaya səfər etməyən iki ölkədir. İndi həm Ağ Ev, həm də rəsmi Paris qəliz situasiya qarşısında qalıb. Çünki ABŞ və Fransanın davranışları, Azərbaycanın ərazi bütövlüyünə yanaşması artıq müəyyən suallar doğurmağa başlayıb. Rəsmi Bakı isə belə məsələlərdə güzəştsiz davranır və hər hansı xarici ölkənin geopolitik maraqlarına əhəmiyyət vermir.

Ona görə də, ABŞ və Fransa istər-istəməz Azərbaycandakı səfirlərinin Şuşaya niyə səfər etməkdən yayındıqlarına aydınlıq gətirməli olacaq. Böyük ehtimalla rəsmi Bakının bu iki dövlətlə qarşılıqlı münasibətlərində mövcud suallara veriləcək cavabların məzmunu böyük əhəmiyyət daşıya bilər. Və ən önəmli məqamlardan biri ondan ibarətdir ki, həm ABŞ, həm də Fransa Azərbaycanla münasibətlərini korlayacaqları təqdirdə, Cənubi Qafqazdakı maraqlarını reallaşdıra bilməzlər.

Bütün bunlar onu göstərir ki, ABŞ və Qərb də mövqeyini konkretləşdirmək məcburiyyətində qala bilər. Ermənistandakı Paşinyan diktaturasını dəstəkləməklə Cənubi Qafqazda geopolitik proseslərə qatılmaq imkanı qazanmaq mümkün deyil. Cənubi Qafqaza gəlmək və ya bu regionda istinad məkanı tapmaq üçün ilk növbədə beynəlxalq hüquqa hörmətlə yanaşmaq lazımdır.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR