İnsanlara hürriyət, millətlərə istiqlal!

Parlament: çox danışanlar, heç danışmayanlar, danışa bilməyənlər

3105 20.08.2022 14:49 Yazarlar A A

 

Sosial mediada parlamentdə heç danışmayan deputatların siyahısı yayılıb. Tanış simalar var: sabiq spiker Oqtay Əsədovdan tutmuş bir neçə ay öncə jurnalistlərlə “qırğına çıxan” Cavanşir Feyziyevə qədər. Orta məktəb məzunlarının vinyetkası kimi düzəldilmiş şəkilli siyahıda cəmi 16 deputatın adı var.

125-dən 16 çıxanda 109 qalır. 4-5 deputat yeri isə ümumiyyətlə boşdur. Elə çıxır ki, yerdə qalan 100-dən artıq deputat plenar iclaslarda həmişə danışır, təkliflər verir, qanun layihələrinin müzakirələrində fəal iştirak edir, cari məsələlərdə seçicilərinin problemlərindən bəhs edirlər və s.

Elə də deyil. Əslində parlamentdə çox danışan, fəal deputatların siyahısını tərtib etmək daha asandır. Onlar göz önündədir və Milli Məclisin plenar iclaslarında həmişə çıxış edirlər, çıxışlarının mətni mediada yayılır. Hətta əməkdaşımızın Milli Məclisdən göndərdiyi “isti xəbərləri” saytımıza yerləşdirən əməkdaşlar fəal deputatların şəklini öncədən Google-dən endirib əl altında saxlayır ki, müvafiq xəbərlər gələndə şəkil seçiminə vaxt itirməsin. Çünki o bilir ki, bu şəxslər mütləq çıxış edəcəklər.

Həmin deputatlar aşağıdakılardır: Vahid Əhmədov, Sabir Rüstəmxanlı, Tahir Mirkişili, Tahir Kərimli, Qənirə Paşayeva, Zahid Oruc, Aqil Abbas, Fazil Mustafa, Qüdrət Həsənquliyev, Fəzail Ağamalı, Elman Nəsirov, Erkin Qədirli, Razi Nurullayev, Məlahət İbrahimqızı, Əli Məsimli, Vüqar Bayramov, Aydın Mirzəzadə, Hikmət Babaoğlu, Etibar Əliyev və az sayda başqaları...

Məhz bu deputatlar parlamentin plenar iclaslarında həmişə danışırlar, ölkənin ictimai-siyasi gündəmində olan müxtəlif məsələlərdən, o cümlədən seçicilərini narahat edən problemlərdən bəhs edirlər.

Deputatların çoxu ya ayda-ildə bir dəfə cari məsələlərdən danışır, ya da sırf hansısa qanun layihəsi müzakirə olunanda fikir bildirir.

Ancaq söhbət “heç danışmamaq”dan gedirsə, belələri daha çoxdur. Sadəcə, Binəqədinin əzəli və əbədi deputatı Madər Musayevin adının bu siyahıda çəkilməsi haqsızlıq ola bilər. Madər Musayev 30 illik deputatlıq karyerası ərzində parlamentdə bir dəfə danışıb, təxminən 24 il əvvəl “İşəgötürənlər haqqında” qanun layihəsinin adında dəyişiklik etdirib. Yoxsa qanun layihəsində “işverənlər” kəlməsi gedirdi.

Vaxtilə “parlament danışmaq yeri deyil” deyə deputatların sözünü kəsən eks-spiker Oqtay Əsədov parlamentin sədri olanda çox danışıb, deputatlarla çox müzakirə, mübahisə aparıb, indən belə o, danışsa nə olacaq, danışmasa nə? Salamatı sakitcə bir tərəfdə oturmaqdır. Sabiq sədr nadir hallarda qatıldığı plenar iclaslarda elə də edir.

300348877_10224833003645315_7438224988652988571_n.jpg (47 KB)

Ancaq Milli Məclisin danışmayan deputatlarının sırasında elə soyadlar var ki, onlar plenar iclaslarda danışmasalar da, vaxtaşırı mətbuatda danışırlar. Məsələn, Cavanşir Feyziyev təkcə müsahibələr vermir, eyni zamanda saytlara məqalələr də yazır. Malik Həsənovun müxtəlif saytlarda müsahibəsinə rast gəlmək olar. Mixail Zabelin qısa açıqlamaları ilə məşhurdur. Rasim Musabəyov politoloq kimi telekanallarda tez-tez çıxış edir.

Açığı, MM-in indiki tərkibində Sabir Hacıyev və Anatoli Rəfailov ad-soyadlı deputatların olduğu, bəlkə, heç öz seçicilərinə də bəlli deyil. Ağalar Vəliyev heç yerdə danışmır, amma jurnalistlər onu tanıyırlar.

Əslində parlamentin plenar iclasında hər kəsin danışmasına ehtiyac yoxdur. Hər deputat 2-3 dəqiqə danışsa, səhər başlayan iclas gecə yarısı bitər. Ancaq deputatlar qanun layihələri hazırlayan komitələrin işində danışmağa, əlavə və düzəlişlər etməyə borcludur. Onların işi odur.

Hər kəsə əyandır ki, bir xeyli deputat mandata sahib olduqdan sonra işlərini bitmiş sayır, öz şəxsi işləri ilə məşğul olur, nə seçiciləri ilə görüşür, onların problemini dinləyirlər, nə də bir xeyir-şərə yarayırlar. Yalnız seçki ilində yenidən fəallaşır, seçicilərlə şəkil çəkdirir, yenidən seçilmək üçün təbliğat aparırlar.

Bəzilərinin isə ümumiyyətlə nəsə danışmaq qabiliyyətləri yoxdur – nə siyasətdən bilirlər, nə iqtisadiyyatdan. Sosial məsələlər də onlarlıq deyil. Ta nə danışsınlar? Qanun layihəsinə səs verməkdirsə, o da texniki məsələdir, düymə basmaq çətin iş deyil.

Ona görə də parlament deyiləndə hər kəsin gözünün önünə əsasən yuxarıda adları çəkilənlər gəlir.

P.S. 26-27 il öncə Strasburda “yazıçılar parlamenti” adlı təşkilat yaradılıbmış, avropalı yazıçıların bəziləri deyiblər ki, yox, biz siyasətçi deyilik, bu təşkilata qoşula bilmərik. O zaman fransızlar deyiblər ki, narahat olmayın, “parlament” “söz danışılan yer” deməkdir, sadəcə, yığışıb danışacağıq, qanun layihəsi qəbul etməyəcəyik.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR