İnsanlara hürriyət, millətlərə istiqlal!

Parisi görmək və məhəl qoymadan yaşamaq...

2489 17.11.2022 10:00 Yazarlar A A

 

İki ildir dünyada, regionda və ölkədə gedən siyasi proseslər elə bir şərait yaradır ki, bunu böyük şairimiz Sabirin bir beyti ilə ifadə etmək daha münasib olar. Sabir 110+ il öncə belə demişdi:

Çalxalandıqca, bulandıqca zaman nehrə kimi,
Yağı yağ üstə çıxır, ayranı ayranlıq olur!

2020-ci ildən bəri onsuz da təlatümlü və bulanıq olan zaman, eləcə də dünya çalxalanır, bulanır və ölkəmizin dost-düşmənləri də üzə çıxır: düşmən olmaq istəyənlər düşmənlərimizin yanına keçir, dost olmağı düşünənlər dostlarımızın səfində yer alır.

İndi artıq hər şey ortadadır: düşmənlərimiz də bəllidir, dostlarımız da. Düşmənlərimizə işləyən rəğbət qrupları, casuslar, yadelli sevdalıları da ortadadır, onlara qarşı çıxan gerçək vətənpərvərlər də, hələ bulanıq suda balıq tutmaq istəyən psevdopatriotlar da.

Daha ATƏT-in Minsk qrupu yoxdur, onun fransalı həmsədrləri uzun-uzadı diplomatik cümləpərdazlıqlarla başımızın altına yastıq qoya bilmirlər. Bu da bir iş olmuşdu, gəlirdilər, gülümsər çöhrə ilə yastı-yastı, eyhamlarla danışır, hər iki ölkədə yerəl delikateslərdən ağulanır, status-kvonun saxlanmasının vacibliyinə, münaqişənin hərbi yolla həllinin olmadığına dair zəvzəyir və rədd olub gedirdilər.

Biz isə rusiyalı həmsədrlərin bütün bu məsələlərdə Rusiya neoimperiyasının maraqlarını güdməsinə təhəmmül edirdik, amerikalı həmsədrin ikibaşlı oynamasına göz yumurduq, fransalı həmsədrin açıq ermənipərəst mövqe tutmasına dözürdük.

Ümid edirdik ki, nəhayət, bir gün onları başa sala, xüsusilə də fransızları ayılda biləcəyik. Bu yolda biz dövlət olaraq çox şey xərclədik - əsəbdən maliyyə vəsaitinə, uzun vaxtdan boşa gedən enerjiyə qədər. Amma Fransanı idarə edən siyasilərə təsirimiz hər zaman sıfırın ya üstündə oldu, ya da altında.

Uzun illərdən sonra hər kəsə əyan oldu ki, ermənilərin qardaşımız Türkiyə ilə yaxınlaşıb, yollaşıb, yaxşı münasibət qurmaq şansı bizim Fransa ilə eyni büsat içinə girməyimizdən daha çoxdur. Başqa sözlə, bizim Türkiyə qardaşlığımız bir tərəfə, fransızlarla ermənilərin “bacılığı” (özləri belə adlandırır) bir tərəfədir.

Bunun üstündən bəzən Azərbaycanı idarə edənləri Fransa ilə münasibətləri düzgün qurmamaqda, demokratiya sahəsindəki problemləri həll etmədikləri üçün ölkəmizin Paris tərəfindən sevilməməsinə səbəb olmaqda qınayanlar da olur və onlar yanılırlar.

Fransanın Azərbaycanda (eləcə də bütün dünyada) demokratiya ilə bağlı dərdi, qayğısı yoxdur. Son yüz ilin tarixinə baxın: dünyanın hər yerində despotik rejimləri dəstəkləyən, qətliamlar, genosidlər törədən xuntaları himayə edən, dövlət çevrilişi edən güclü qiyamçıların yanında yer alan, hərbi qiyamları, xalq üsyanlarını qanla boğan qəddar hakimiyyətlərin köməyinə yetişən iki ölkədən biri məhz Fransa olub. O biri ölkənin hansı olduğunu təsbit etmək üçün 3-4 namizəd arasında seçim aparmaq lazımdır, amma onlardan birinin Fransa olduğu dəqiqdir, onun yeri sabitdir.

Ona görə də bu gün fransalı siyasilərin ermənilərə növbəti dəfə qahmar çıxmasını nə təəccüblə qarşılamaq olar, nə də buna görə aşırı şəkildə hiddətlənmək lazımdır. Anlayışla qarşılamaq gərəkdir: Fransa ikinci erməni dövlətidir. Ermənilərlə fransızların 300 illik bağlılığı var. 100-107 il əvvəl fransızlar erməniləri qızışdırıb güdaza vermələrinin bədəlini bu əsrdə ödəməyə çalışırlar və hələ uzun müddət onların hamisi olacaqlar. Nə bizim, nə də başqa ölkələrin (Türkiyə, Rusiya və başqalarının) fransızların bu fikrini dəyişmək üçün əllərində rıçaq yoxdur.

Bəs nə edək? Bu proses öz axarıyla belə getsinmi? Başqa variant yoxdur, anlamaq lazımdır ki, dünya təkcə Avropadan ibarət olmadığı kimi, Avropa da Fransadan ibarət deyil. Başqa dövlətlərlə yaxşı dostluq, müttəfiqlik, iqtisadi tərəfdaşlıq münasibətləri qurmaq, fransızlarla erməniləri isə baş-başa buraxmaq lazımdır. Qoy fransızlar “erməni genosidi”ni növbəti, dördüncü dəfə “tanısınlar”, bəs etməsə, tanımayanların məsuliyyətinə dair daha bir qanun qəbul etsinlər. Görək axırı necə olacaq?

P.S. Rusiya və İrana işləyən “5-ci kolon” mənsublarından sonra, görünür, bütün məsələlərdə Qərbi, o cümlədən Fransanı haqlı elan edən yerli “rəğbət qrupları”ndan da bəhs etmək lazım gələcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR