İnsanlara hürriyət, millətlərə istiqlal!

Pandemiyaya görə kəsilən cərimələr silinəcəkmi? - Gözlənti

1431 24.12.2022 13:02 Sosial A A

“Vətəndaşların cərimələrdən azad olunması humanist addım olardı...”

Əksər ölkələrdəki kimi, Azərbaycanda da təxminən iki illik pandemiya dönəmi bitdi. Əfsus ki, COVİD-19 təkcə bir çox insanların səhhətində fəsadlar yaratmaqla yadda qalmadı. Fəsadlar həm də kəsilən cərimələrdə özünü göstərdi, hansılar ki, gələn məlumatlara görə, bir çox hallarda ödənməmiş qalır. Bu da bəzi vətəndaşlar üçün əlavə problemə çevrilib.

Misal üçün, şikayətlər var ki, ödənməmiş cərimələr müəyyən sənədləşmə işlərində, yaxud yeni sənədlərin alınmasında problem yaradır. Şərt qoyulur ki, öncə cərimə ödənsin.

Ancaq pandemiya artıq bitib. Maska rejimi də yoxdur. Cərimələr isə əsasən maska taxmamağa görə yazılıb. Ən əsası, cərimə kəsilənlər müstəsna olaraq imkansız təbəqənin nümayəndələridir, avtobusda, metroda cərimələnənlərdir.

Qeyd edək ki, artıq qardaş Türkiyə və Gürcüstanda pandemiya cərimələri silinib. Konkret olaraq qonşu Gürcüstanda baş nazirin təşəbbüsü ilə parlament müvafiq amnistiya aktı qəbul edib. Azərbaycanda da belə bir humanist aktın qəbulu mümkünmü?

Milli Məclis amnistiya versəydi, o halda, sözsüz ki, bu təbəqədən olan insanların bir problemi azalmış olardı. Onsuz da inflyasiya, bahalaşma cəmiyyətdə gərginliyi, narahatlığı, əsəbi ovqatı artırıb.

Erməni cinayətləri sistemləşdirildi – İlk dəfə

Əlövsət Allahverdiyev

Hüquqşünas Əlövsət Allahverdiyev “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, pandemiya dövründə yaranmış problemlər dövlət və cəmiyyət üçün böyük təhlükə yaratmışdı: “Hamı üçün qorxulu vəziyyət yaranmışdı. O dövr artıq geridə qalıb. Sərtləşdirilmiş karantin dövründən qalan problemlər həll olunmalıdır. Bu baxımdan düşünürəm ki, dövlət rəsmiləri, ümumilikdə qanunverici orqanlar karantin dövründə yazılan cərimələr məsələsinə yenidən baxa bilərlər. Qanunvericilik bu növ cərimələrin silinməsini qadağan etmir. Pandemiyadan sonra kifayət qədər problemlə üzləşən vətəndaşların cərimələrdən azad olunması humanist addım olardı”.

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov xatırlatdı ki, mövzu xeyli zamandır gündəmdədir: “Pandemiyanın səngidiyi zamanda da məsələ aktual idi. Cəmiyyət tərəfindən geniş dəstəklənsə də, millət vəkilləri də mövzunu gündəmə gətirsə də cərimələrin ləğvi ilə bağlı konkret sənəd qəbul edilmədi. Hesab edirəm ki, fiziki şəxslərlə bağlı cərimələrə xitam verilməsi məqsədəuyğun olar. Fiziki şəxslər pandemiya dövründə daha çox əziyyət çəkdilər: işlərini itirənlər, maddi çətinliklə üzləşənlər, müalicəyə külli miqdarda vəsait xərcləyənlər oldu. Bu kateqoriyadan olan vətəndaşları nəzərə alaraq cərimələrin ləğv olunmasının tərəfdarıyam”.

Qeyd edək ki, Azərbaycanda karantin rejiminin tətbiqi ilə bağlı ilk qərar 2020-ci ilin martın 24-də verilib. Həmin ilin iyun ayının əvvəlində həm açıq, həm də qapalı məkanlarda maska taxmaq məcburi elan olunub, bu qaydanı pozanları isə cərimələyiblər. Sonra cərimələrin məbləği iki dəfə artırılıb. İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən, karantin rejimində maska taxmaq tələbini pozmağa görə fiziki şəxslər üçün nəzərdə tutulan cərimə 50 manatdan 100 manata, vəzifəli şəxslər üçün cərimə 100 manatdan 200 manata, hüquqi şəxslər üçün cərimə isə 200 manatdan 400 manata artırılıb.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR