İnsanlara hürriyət, millətlərə istiqlal!

Pandemiyanın təhsilimizə vurduğu yaralar sağalandırmı? - Ekspert rəyləri

903 20.05.2023 08:42 Təhsil A A

“Pirls 2021" qiymətləndirmə nəticələri elan edilib. Bu tədqiqat COVID təsirlərini ölçməyə yönəlib. Gözlənildiyi kimi, qlobal təhsil nəticələrində geriləmə müşahidə edilib".

Musavat.com xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün brifinqdə deyib.

Onun sözlərinə görə, qiymətləndirmədə Azərbaycan daxil olmaqla, 65 ölkə iştirak edib: “Ümumilikdə, 184 qrup üzrə 5,3 min şagird iştirak edib. Oxu nailiyyətləri sıralanması üzrə Azərbaycan 35-ci sırada 440 bal toplayıb”.

Nazir qeyd edib ki, COVID təhsilə ciddi təsir edib: “2026-cı ildə keçiriləcək növbəti ”Pirls"in nəticələri açıqlananda biz biləcəyik ki, itirdiklərimizi bərpa etmişik, ya yox. Təsirlər təkcə Azərbaycanda yox, bütün dünya ölkələrinin tədrisində hiss olunub. Yalnız 5 ölkə üzrə nəticələr stabil qalıb".

Həmin 5 ölkə hansılardır? Ekspertlər pandemiyanın təhsilimizə vurduğu ziyan, nazirin açıqladığı nəticələri necə dəyərləndirir?

Mövzu ilə bağlı təhsil eksperti Elşən Qafarov “Yeni Müsavat”a danışıb. Ekspert qeyd edib ki, məsələni böyük faciəyə çevirməyə ehtiyac yoxdur: “Bəli, hamı bilir ki, koronavirus dövrü nəinki Azərbaycan, bütün dünya ölkələrinin təhsil sisteminə böyük zərbə vurub. Nazirin də dediyi kimi, bu bir daha sübut etdi ki, məktəb anlayışı, şagirdlərin gündəlik tədrisə cəlb olunması təhsildə nə qədər əhəmiyyətlidir. O ki qaldı nəticələrin qısa müddətdə aradan qaldırılmasına, düşünürəm ki, hətta nəticələrdə müəyyən mənada irəliləyiş olsa da şagirdlərin, eləcə də cəmiyyətin aldığı psixoloji travmanı aradan qaldırmaq üçün hələ uzun illər lazım olacaq”.

Məktəblinin dostunu görəndə “dovşana”, yeni kadrları görəndə “əjdahaya”  dönən direktorlar...-Elşən Qafarov - AzEdu.az AZƏRBAYCAN TƏHSİL PORTALI

Elşən Qafarov: “Məsələni böyük faciəyə çevirməyə ehtiyac yoxdur, çünki...”

Ekspert qeyd edib ki, hansı nəticələr göstərməsindən asılı olmayaraq, Azərbaycanın beynəlxalq qiymətləndirmədə iştirakı vacibdir: “Xatırladım ki, Azərbaycan ilk dəfə 2000-ci illərdə ”Pirls"ə qoşulanda çox zəif nəticə göstərmişdi. Həmin vaxt təhsil naziri bir daha beynəlxalq qiymətləndirmədə iştirak etməməyə qərar verdi, hansı ki, bu çox yanlış qərardır. İstənilən halda beynəlxalq qiymətləndirmələrdə iştirakımız vəziyyətin nə yerdə olduğunu görməyimizə və təhsillə bağlı müvafiq  qərarlar verərkən bu nəticələrə əsaslanmağımıza və nəticələrin daha da yaxşılaşdırmaq üçün kompleks tədbirlər görməyə gətirib çıxarır.

Beləliklə, təhsilimizin beynəlxalq qiymətləndirmədə iştirak etməsi, nəticələrin ildən-ilə yaxşılığa doğru dəyişməsi ümidvericidir. Lakin tənqid olunası məqamlar da çoxdur. Bununla belə, qeyd etdiyim kimi, nəticələrimizin digər ölkələrə nisbətən hansısa parametrlərdə geri olmasını faciəyə çevirməməli və  nəticələri yaxşılaşdırmaq üçün müəyyən tədbirlər  görməliyik. Vurğulayım ki, görüləsi işlər çoxdur".

Təhsil eksperti Kamran Əsədov isə bildirdi ki, oxu bacarığının inkişafı üzrə beynəlxalq tədqiqat (Progress in International Reading Literacy Study - PIRLS) dördüncü sinifdə oxu materiallarının qavranılmasının beynəlxalq qiymətləndirilməsidir və 2001-ci ildən başlayaraq hər beş ildən bir həyata keçirilir: “Pirls" 2021 iyirmi illik bir dövrdə oxu nailiyyətlərinin tendensiyalarının müəyyən olunmasını təmin edən beşinci qiymətləndirmə tədqiqatıdır. Kompleks struktura əsaslanan “Pirls” uşaqların dörd il ibtidai təhsil səviyyəsində təhsil aldıqdan sonra nə dərəcədə yaxşı oxuduqları haqqında beynəlxalq müqayisəli məlumatlar təqdim edir. Təhsil nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya (IEA) tərəfindən təşkil olunan “Pirls” 60-dan çox ölkənin şagirdlərinin iştirak etdiyi qiymətləndirmə tədqiqatıdır. Azərbaycan bu tədqiqatın 2011-ci il, 2016-cı il və 2021-ci il dövrlərində iştirak etmişdir.

Artıq Təhsil Nazirliyində rüşvət adi hala çevrilib" - Kamran Əsədov »  Gundelik-Baku.Com

Kamran Əsədov: "Pirls" ilə bağlı pandemiyanı bəhanə etmək absurddur"

“Pirls” 2021-də Azərbaycanın nəticələri nəinki 2011-ci ilin nəticələrindən, hətta bizdən dəfələrlə iqtisadi, siyasi, sosial baxımdan zəif olan ölkələrdən dəfələrlə aşağı düşüb. Doğrudur, Elm və Təhsil Nazirliyi bu enməni pandemiya ilə əlaqələndirsə də, bizimlə qonşu olan və bizdən iqtisadi baxımdan, təhsilə ayrılan büdcə baxımdan dəfələrlə zəif olan Gürcüstanda nəticələr daha yaxşıdır və pandemiya dövründə zəifləmə olmayıb.

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində reallaşması nəzərdə tutulan 3-cü prioritet - “Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı”na əsasən, gələcək illərdə dünyada artan rəqabətə hazır olmaq üçün hər bir ölkə yüksək rəqabətli insan kapitalını formalaşdırmağı hədəfləyir. Həmin prioritetin 1-ci bəndində beynəlxalq qiymətləndirmə tədqiqatları bilavasitə vurğulanıb: “Cəmiyyətin inkişafının təminatçısı olan ümumi təhsilin gücləndirilməsi üçün təhsil sistemində gedən modernləşmə davam etdirilməli, məzmun islahatları dərinləşməli, inteqrativ tədris təcrübəsi inkişaf etdirilməlidir. Bu əsasda ölkənin beynəlxalq qiymətləndirmələrdə (PISA, PIRLS, TIMSS, ICILS) mövqeyinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına nail olunmalıdır. Amma Elm və Təhsil nazirliyi bu prioritetin yerinə yetirilməsi adı altında təhsil, beynəlxalq qiymətləndirmə sahəsində təcrübəsi olmayan şəxs və QHT-lərə milyonlarla vəsait ayıraraq təlim nəticələrini yaxşılaşdırmaq yerinə, bu nəticələri ciddi şəkildə geri aparır”.

Ekspertə görə, 2021-in nəticələri onu sübut edir ki, son 3 il ərzində ölkə təhsilində tədrisin təşkili və idarəolunması ilə bağlı ciddi problemlər mövcuddur: “Belə ki, 2013-cü ildə Təhsil İnstitutu işçi qrupu tərəfindən hazırlanmış Azərbaycan dili fənni üzrə təhsil proqramında (kurikulum) oxunun məqsədləri aşağıdakı kimi müəyyənləşdirilmişdir.  Oxu şagirdlərin dil duyumunun inkişafını, fikrin ifadə olunmasında sözün məna xüsusiyyətlərinin, cümlə və mətnin rolunun anlaşılmasını, lazımi vərdişlərin məqsədyönlü şəkildə təkmilləşdirilməsini, dilin gözəlliyinə, üslub imkanlarının zənginliyinə şagirdlərin maraq və məhəbbətinin formalaşmasını təmin edir. Bu məzmun xətti müxtəlif üslublarda yazılmış mətnlərin məzmun və struktur elementlərinin müstəqil qavranılmasına imkan yaradır, ana dilinə, bu dildə yazılmış elmi-kütləvi və ədəbi-bədii nümunələrə marağı dərinləşdirməyə, ümumi nitq mədəniyyətinin inkişafı üçün lüğət ehtiyatını daha da zənginləşdirməyə xidmət edir.

Təhsil proqramında ifadə edilən bu məqsəd ibtidai təhsil səviyyəsi üzrə 2 əsas,  33 alt standartda (1-ci sinifdə 9, 2,3,4-cü siniflərdə 8 alt standart olmaq üzrə)  öz əksini tapmışdır. Bu iki əsas standartdan biri 1-ci sinifdən 4-cü sinfə qədər 2.1. Qarşılaşdığı yeni sözlərin mənasını başa düşdüyünü nümayiş etdirir, ikincisi isə 1-ci sinifdə  2.2. Oxu texnikası və ilkin oxu bacarıqlarına yiyəyəndiyini nümayiş etdirir, 2-ci və 3-cü sinifdə 2.2. Oxu bacarıqlarına yiyələndiyini nümayiş etdirir,  4-cü sinifdə 2.2. Oxu vərdişlərinə yiyələndiyini nümayiş etdirir, şəklində müəyyənləşdirilmişdir.

İbtidai siniflərdə oxu məzmun xətti üzrə 2.1. əsas və buna bağlı alt standartlarda əsasən, yeni əşya və hadisələrin adlandırılması, yeni sözlərin mənasının müəyyənləşdirilməsi, izah edilməsi, fərqləndirilməsi, 2.2. əsas və buna bağlı alt standartlarda düzgün, sürətli və intonasiyalı oxu, mətnin məzmunun nəqletmə, mətnin müxtəlif (şəkilli, geniş, yaradıcı) planını tutma, əsas fikri müəyyənləşdirmə kimi idraki bacarıqlar nəzərdə tutulmuşdur. (Ümumi təhsilin məzmun standartları, Bakı 2012, s. 12-18)

Oxunun mətnlə oxuyucu arasında interaktiv bir fəaliyyət olaraq təsvir edildiyi “Pirls”də isə oxu məqsədləri əsasən 2 istiqamətdə müəyyən edilib.

1.Oxu təcrübəsi qazanmaq üçün oxu;

2.Məlumata tənqidi yanaşma  və məlumatdan istifadə etmək üçün oxu (Martin&Mullis 2017, 49).

İmtahanın ölçdüyü idraki bacarıqlar isə oxuduğunu anlama istiqamətində 4 idraki prosesi əhatə edir,

1.Xatırlama;

2.Birbaşa nəticə çıxarma;

3.Şərhetmə və əlaqələndirmə;

4.Dəyərləndirmə və tənqidi yanaşma.

Məzmun etibarilə 10 ədəbi, 10 informativ mətndən ibarət olan “Pirls” 2016 imtahanında bu 20 mətndən  8-i ənənəvi oxuma anlama, 4-ü həm ənənəvi, həm oxu savadlılığını, 8-i isə sadəcə oxu savadlılığını ölçməyə yönəlik olub.

“Pirls” imtahanındakı ədəbi mətnlər illüstrasiyalarla dəstəklənmiş qısa hekayələrdən və ya epizodlardan ibarətdir. Bu mətnlər təxminən 500 sözdən ibarət məna baxımından aydın və sadə quruluşlu hekayələrdir.  10 ədəbi mətn müasir və ənənəvi mətndən ibarətdir. Mətnlər əsasən bir mövzu və ya informasiya ətrafında cərəyan edən bir-iki əsas hadisədən və ya bir- iki əsas xarakterdən ibarət süjet xətti əsasında qurulur. Mətnlərin dili gündəlik istifadə olunan sözlərdən və birbaşa məna çıxarılan cümlə quruluşundan ibarətdir. Nisbətən kompleks mətnlər təxminən 800 söz uzunluğunda olub, süjet xətti qoşa xarakterlər və bu xarakterlərin inkişaf etdirilərək,  məna qatlarının kəşfolunması çərçivəsində qurulur. Mətnin abzasları dialoq, yumor, hekayət kimi müxtəlif üslublardan ibarətdir.

Məlumatlandırıcı mətnlər bioqrafiya, essey (persuasive essay), təlimat, müzakirələr və s. formatından ibarət olur. Məlumatlandırıcı mətnlərdə müxtəlif ilustrasiyalar, diaqramlar, xəritələr, şəkillər və ya cədvəllər kimi təqdimedici elementlər olur. Bu mətnlər elmi, etnoqrafik, bioqrafik, tarixi məlumatları əhatə edir. Mətnlər quruluş baxımından müxtəlif olur, məsələn, məlumatlar alt başlıqlarla və ya kiçik qutular içində verilir. Bu mətnlər də təxminən 400-500 sözdən ibarət məna baxımından aydın və sadə quruluşludur. Nisbətən kompleks mətnlər 600-900 sözdən ibarət, konseptual olaraq daha çox diqqət tələb edir, bəzi parçlar sətiraltı detalları,  vacib rəqəmləri, xülasələri və texniki ideyaları əhatə edir. Məlumatlandırıcı mətnlərdə mürəkkəb cümlə quruluşları və tanış olmayan sözlər ola bilər.

“Pirls” imtahanı bu 4 idraki prosesi 4 beynəlxalq səviyyə (International Benchmarks) üzrə yoxlayır və aşağıdakı cədvəldə, hər səviyyə üzrə 4-cü sinif şagirdindən gözlənilən bacarıqlar meyarlar şəklində təsvir olunur.

Dəhşətlisi odur ki, “Progress in International Reading Literacy Study” (PIRLS) - Oxu bacarığının inkişafı üzrə beynəlxalq tədqiqatın nəticələrinə görə, azərbaycanlı şagirdlərin 2016-cı ildə oxu bacarıqları 2011-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 462 baldan 472 bala yüksəlmişdi və ya 10 bal artmışdısa da, 2021-ci ilin nəticələrində 472-dən 400 -ə enmiş və ya 72 bal azalaraq tarixin ən aşağı nəticəsinə düşmüşdür. 

Əgər pandemiya dövründə beynəlxalq olimpiyada nəticələri, buraxılış və qəbul imtahanları nəticələri ciddi şəkildə azalmayıb, enməyibsə, “Pirls” ilə bağlı pandemiyanı bəhanə etmək absurddur. Çünki şagirdlərdə oxu bacarıqları 1 ildə formalaşmadığı kimi, 1 ildə də itmir, azalmır. Biz 2021-ci il nəticələrini gender üzrə təhlil edəndə ölkəmizin nəticələrinin xoş olmadığının şahidi oluruq. Baxmayaraq ki, pandemiya dövründə təhsilə ən çevik reaksiyanı Azərbaycan hökuməti vermişdi".

Xalidə GƏRAY,

“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR