İnsanlara hürriyət, millətlərə istiqlal!

Pambıq ixracını iki dəfə azaldan səbəb

1060 11.08.2023 11:52 İqtisadiyyat A A

Hökumət şirkətləri ixrac bazarlarını genişləndirməyə çağırır

Son illər ölkəmizdə qeyri-neft sektorunun inkişafına, xüsusilə ölkəyə daha çox valyuta gətirən kənd təsərrüfatı məhsullarının istehsalına geniş meydan açılıb. Dövlət ixrac yönümlü məhsulların istehsalını çoxsaylı mexanizmlərlə dəstəkləyir. Belə məhsullardan biri pambıqdır.

Müstəqillik illərində kəskin azalan pambıq istehsalına diqqət 2015-ci ildə neft qiymətlərinin kəskin düşməsi nəticəsində gəlirlərin azalmasından sonra yetirilməyə başlanıb. 2016-cı ildən etibarən toplanan pambığa görə dövlət tərəfindən dəstək ödənişi təyin edilib. Bundan sonra rayonlarda torpaq sahiblərinin bir çox hallarda məcburi qaydada sahələrini pambığa ayırmaları prosesi başlayıb. Bir çox hallarda buğda və balıqçılıq üçün ayrılan sahələrdə də pambıq əkini həyata keçirilib. Nəticədə, 2016-cı ildə 89 min 442 ton olan pambıq istehsalı 2017-ci ildə 207 min 525 tona, 2018-ci ildə 233 min 592 tona, 2019-cu ildə 295 min 279 tona, 2020-ci ildə 336 min tona  çatdırılıb. Pambıq əkinlərinin sahəsi qeyd olunan illərdə 51,4 min ha, 136,4 min ha,  132,5 min ha, 100,1 min ha təşkil edib. Bu zaman orta məhsuldarlıq 2016-cı ildə 17,3 sentnerdən 2017-ci ildə 15,3 sentnerə düşsə də, 2018-ci ildən artmağa başlayaraq 2020-ci ildə 33,6 sentnerə çatıb. Göründüyü kimi, məhsuldarlığın artırılması istiqamətində nəzərəçarpacaq irəliləyiş vardı: 2017-ci illə müqayisədə 2020-ci ildə əkin sahələri 36 min ha azalsa da, istehsal həcmində 72 faizə yaxın artıma nail olunmuşdu.

2017-ci ildə təsdiqlənən “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nın 6.3-cü bəndində sənədin icrası nəticəsində 2022-ci ildə xam pambıq istehsalının 500 min tona çatdırılması hədəflənirdi. Lakin 2021-ci ildə istehsal 287 min 41 tona, məhsuldarlıq isə 28,5 sentnerə düşüb. Rəsmilər istehsaldakı azalmanın iqlim şərtlərindən qaynaqlandığını bildiriblər. Belə ki, 2021-ci ildə ölkədə quraqlıq və yağıntıların qeyri-bərabər paylanması nəticəsində pambıq sahələrinin vaxtında suvarılmasını təmin etmək mümkün olmayıb. Xüsusilə pambıq istehsalında öndə gedən rayonlarda suvarmanın müasir metodlarından istifadə olunmaması, sentyabrda - yığım ərəfəsində güclü yağışların yağması məhsuldarlığı kəskin azağı salıb.

Azərbaycanda 2022-ci ildə pambıq əkinləri artırılaraq 104,3 min hektara çatdırılıb. Dövlətin hər 1 ton məhsula görə verdiyi subsidiya 100 manatdan 170 manata qaldırılıb. Eyni zamanda ötən il yığım ərəfəsində xam pambığın alış qiyməti iki dəfə 50 manat, ümumulikdə 100 manat artırılıb. Nəticədə  emal müəssisələri  istehsalçılara xam pambığın birinci növü üçün 1 tona 800 manat, 2-ci növ üçün 780 manat, 3-cü növ üçün 740 manat, 4-cü növ üçün 700 manat ödəyiblər. Kənd Təsərrüfatı Nazirliyinin hesablamalarına əsasən, xam pambığın alış qiymətinin hər tona görə əlavə 100 manat qaldırılması 2022-ci ildə pambıq istehsalı ilə məşğul olan fermerlərin 30 milyon manata yaxın əlavə gəlir əldə etməsinə imkan verəcəkdi. Bu isə o deməkdir ki, ötən il pambıq istehsalı həcminə dair gözləntilər 300 min ton civarındaydı. Rəsmi statistikadan aydın olur ki, 2022-ci ildə faktiki istehsal 321,8 min ton (2021-ci ildəkindən 12,1 faiz çox) təşkil edib.

Yuxarıda da qeyd etdik ki, pambıq ixracyönümlü məhsul olduğuna görə dövlət onun istehsalını subsidiyalaşdırır, ixracı isə stimullaşdırılır. Rəsmi statistikadan aydın olur ki, 2020-ci ildə Azərbaycandan xaricə133 milyon 260,32 min dollarlıq 100 min 466,82 ton, 2021-ci ildə 210 milyon 919,04 min dollarlıq 126 min 997,96 ton, 2022-ci ildə isə 174,5 milyon dollar dəyərində 77,6 min ton  pambıq lifi ixrac olunub. Pambıqdan hazır məhsul istehsalı zəncirində ikinci həlqə olan pambıq iplik ixracı isə 2020-ci ildə 18 milyon 951.27 min dollar dəyərlə   9 040.91 ton, 2021-ci ildə 58 milyon 115.09 min dollar dəyərlə 18 429.01 ton 2022-ci ildə isə 33,1 milyon dollar dəyərlə 8,6 min ton təşkil edib. Göründüyü kimi, 2022-ci ildə pambıq lifi ixracında illik azalma həcm ifadəsində 39 faiz, dəyər ifadəsində isə 17,3 faiz, pambıq iplik ixracında isə müvafiq olaraq 54 faiz və 43 faiz olub.

Pambıq lifi ixracındakı azalma bu il də davam edir. Belə ki, cari ilin yanvar-iyun aylarında Azərbaycandan 68 milyon 882 min ABŞ dolları dəyərində 37 min 307 ton pambıq lifi ixrac edilib. Dövlət Gömrük Komitəsinin məlumatı əsasında apardığımız hesablamya əsasən, bu, illik müqayisədə 2,2 dəfə azdır. Pambıq iplik ixracında azalma 5 faizdən bir qədər yüksəkdir.

Oxu.az - Zəlzələnin pambıq ixracına vurduğu zərər - “Kaspi”nin ARAŞDIRMASI  + FOTO

Pabmıq ixracındakı azalmanı bəzi mənbələr Türkiyənin tekstil sənayesi bölgəsi olan Kahramanmaraşda zəlzələnin yaratdığı dağıntılarla əsaslandırırlar. Lakin nəzərə alsaq ki, ixracın azalması ötən ilin ikinci yarısından başlayıb, onda bu amilin prosesdə ciddi rolunun olmadığını söyləyə bilərik. Bu prosesdə qiymətləri salan əsas amillər olaraq ötən ildən qlobal iqtisadiyyatda artım dinamikasının zəifləməsi, yüksək inflyasiya şəraitində əsas istehlakçı ölkələrdə insanların geyimə qənaət etməsi fonunda pambıqdan əldə olunan məhsullara tələbatın azalması, ABŞ-də sərt monetar siyasət nəticəsində dolların məzənnəsinin artması çıxış edir. Pambıq məhsullarının əsas istehlakçısı olan Çində, Avropa İttifaqı və ABŞ-də iqtisadiyyatda gözləntilər neqativlik zolağında davam etdiyinə görə cari ildə də pambıq qiymətlərinin azalması müşahidə olunur. 2020-2022-ci illərdə pambığın qiyməti 1,59 dollardan 2022-ci ilin ikinci rübündə 3,48 dollara qədər bahalaşıb. Ondan sonra proses əks istiqamətdə gedərək 2022-ci ilin sonuna pambığın 1 kiloqramı 2,22 dollara ticarət olunub. 2023-cü ilin iyun ayında pambığın 1 kiloqramının qiyməti (“A Index”) əvvəlki aya nisbətən 1.4 faiz azalaraq 2.04 ABŞ dolları səviyyəsində qərarlaşıb, iyulda bu göstərici cəmi 1 sent artmaqla 2,05 dollara bərabər olub.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin məlumatına görə, dünya üzrə pambıq balansına əsasən, 2023/24-cü məhsul ilində pambıq istehsalının 2022/23-cü məhsul ili ilə müqayisədə 1.17 faiz azalaraq 25.4 milyon ton olacağı proqnozlaşdırılır. Azərbaycanda pambıq istehsalının ən azı keçənilki səviyyədə olacağı gözlənilir. Belə ki, bu il ölkədə 104,3 min hektar sahədə pambıq əkilib. Aqrar Subsidiya Şurasının qərarına əsasən, hər ton pambığa görə istehsalçılara 180 manat subsidiya ödəniləcək.

2022-ci ildə pambıq istehsalının 88,2 faizi 10 rayonun payına düşüb. Əsas istehsalçı rayonlar bunlardır: Ağcabədi - 12.5 faiz, Saatlı - 12.4 faiz, Bərdə - 11.1 faiz, Sabirabad - 11 faiz, Salyan - 9.1 faiz, Beyləqan - 9 faiz, Neftçala - 7.4 faiz, İmişli - 6.6 faiz, Biləsuvar - 5.5 faiz, Tərtər - 3.5 faiz təşkil edib. 2022-ci ildə Beyləqan, Ağcabədi, Bərdə, Tərtər, Saatlı və Salyan rayonlarında məhsuldarlıq göstəricisi ölkə üzrə orta göstəricidən yüksək olub. Bu il də istehsalda həmin rayonların fərqlənəcəyi gözlənilir.

Qeyd edək ki, Azərbaycanda pambıqdan son məhsulun əldə edilməsi zənciri qurulmayıb, ixracın mühüm hissəsini ilkin emaldan keçən xammal - mahlıc təşkil edir. Ölkədə 23 pambıq emalı zavodu fəaliyyət göstərir ki, onların da illik istehsal gücü  465 min tondur. Yəni istehsal olunan pambığın hamısını emal etməyə güc var. Amma mahlıcın ipliyə çevrilməsi üçün ölkədə potensial azdır. Mingəçevirdə 2 iplik istehsalı zavodu fəaliyyət göstərir, lakin mütəxəssislərə görə, bu sahədə də əlavə güclərin yaradılmasına ehtiyac var. Əldə olunan ipliyi parçaya, parçanı paltara çevirmək potensialı çox məhduddur.

AZƏRTAC

Azərbaycan üçün vacib məsələlərdən biri də pambıq ixracının diversifikasiyasıdır. 2022-ci ildə ixrac olunan pambıq lifinin 91,8 faizi Türkiyənin, 6 faizi isə İranın payına düşüb. 2022-ci ildə ixrac olunan pambıq ipliyinin 76,6 faizi Türkiyənin, 22,9 faizi Rusiyanın, 0,5 faizi isə digər ölkələrin payına düşüb. Bu ilin 5 ayında pambıq lifi ixracının 89,2 faizi Türkiyəyə, 5 faizi İrana, 5,7 faizi Türkmənistana ixrac olunub. Bir-birinə bağlı olan 2-3 bazardan asılı olmaqdansa, ixracatçı şirkətlərin bazarları genişləndirməsi daha əlverişli şərtlərin təmin olunması demək olar.

May ayında  Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Vergi Xidməti, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Sahibkarlığın İnkişafı Fondu, İqtisadi Zonaların İnkişafı Agentliyi və Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələrinin iştirakı ilə pambıq ixracatçıları ilə görüş keçirilib.

AZPROMO-nun yaydığı məlumata görə, tədbirdə ixrac coğrafiyasının genişləndirilməsi məqsədilə pambığın yeni ölkələrə tədarük olunması üçün tələb olunan sertifikatlar və keyfiyyət standartları haqqında ixracatçılara məlumat verilib, ixracatçıların sualları cavablandırılıb.

Görüşdə bildirilib ki, müəyyən ixrac bazarlarında pambıq ipliyinə tələbin azalması və idxalda pambıq mahlıcına üstünlük verilməsi səbəbi ilə ümumi ixrac göstəriciləri enib. İxracın azalmasının digər səbəbi kimi Türkiyədə baş verən güclü zəlzələ nəticəsində müəssisələrin fəaliyyətini dayandırması göstərilib. Bundan əlavə, nəqliyyat çatışmazlığı tədarük prosesini yubadıb. Bu məsələlər ilə bağlı şirkət nümayəndələrinin tələb və təklifləri dinlənilib və ixracatçılar tərəfindən səsləndirilən çətinliklərin həlli istiqamətində aidiyyəti qurumlar tərəfindən işlərin aparılacağı bildirilib.

Dünya SAKİT,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR