İnsanlara hürriyət, millətlərə istiqlal!

Pambıq əvəzinə taxıl - dünyanı gözləyən aclığa qarşı Azərbaycan modeli?

1741 18.03.2022 08:00 İqtisadiyyat A A

 

Ekspertin “pambıq əvəzinə taxıl əkək” təklifi etirazla qarşılandı

Son iki həftədə buğdanın dünya bazar qiyməti 40 faiz artdığına görə Rusiyanın daxilində də artım qeydə alınır. Rusiya ekspertləri bildirirlər ki, ixrac tam qadağan olunsa, dünya bazarında qiymət daha da yüksələcək, ölkə daxilində isə azalacaq. Belə ki, martın 15-dən sonra xaricə satılması planlaşdırılan 6-8 milyon ton buğda ölkədə qalarsa, bu, kəskin qiymət ucuzlaşmasına gətirib çıxarmaqla onun istehsalçılarına böyük zərər vuracaq.

BMT Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının məlumatına əsasən, Ukrayna və Rusiyadan aqrar məhsulların ixracının kəskin azalması, yaxud dayanması qlobal ərzaq qiymətlərinin 8-22 faiz bahalaşmasına gətirib çıxaracaq. Bəzi ekspertlər güman edir ki, Şərqi Ukraynanın münbit əraziləri yaz əkininə qədər rusların nəzarətinə keçəcək Moskva dünyanın ikinci “taxıl anbarından” yararlanmağa çalışacaq.

Qeyd edək ki, Rusiyanın buğda ixracını tamamilə dayandırmasından təsirlənməsi gözlənilən ölkələrdən biri də Azərbaycandır. Ölkəmiz 2021-ci ildə idxal etdiyi buğdanın 90 faizini Rusiyadan alıb.

İqtisadçı alim, siyasətçi Qubad İbadoğlu Azərbaycanın aqrar siyasətində dəyişiklik təklif edir. O yazır ki, Rusiyanın Ukraynaya total hərbi təcavüzünün bölgədə yaratdığı yeni situasiya Rusiyadan taxıl idxalına da təsir edəcək: “Azərbaycanın ərzaq təhlükəsizliyi üçün aqrar siyasətdə dəyişikliklərə ehtiyac var. Kənd Təsərrüfatı Nazirliyi durumu indidən dəyərləndirməli, tendensiyalar nəzərə alınaraq vaxtında təxirəsalınmaz qərarlar qəbul edilməlidir. Vacib məsələlərdən biri taxıl sahələrinin genişləndirilməsidir. Bunun üçün əkinçiliyin strukturunda dəyişikliklər aparılmalı, bu mövsüm pambığın və digər texniki bitkilərin əkinləri indidən təxirə salınmalı, sahələr taxıl üçün hazırlanmalıdır. Çünki yazda pambıq əkilmiş sahələrdə payızda taxıl əkmək mümkün olmayacaq. Azərbaycanın əkin rayonlarında müşahidə olunan şaxtalı havalar meyvəçiliklə yanaşı taxılın da inkişafına mənfi təsir göstərə və məhsuldarlığı aşağı sala bilər. Mart ayı olmasına baxmayaraq Araz və Kür çaylarında suyun səviyyəsi də xeyli aşağıdır. Odur ki, qərarlar vaxtında verilməlidir”.

Qubad İbadoğlu - Günün Səsi

Qubad İbadoğlu

Qubad İbadoğlunun bu açıqlaması bəzi ekspertlər tərəfindən birmənalı qarşılanmayıb. Bildirirlər ki, pambıq əkilən ərazilərdə taxılın əkilməsini təklif etmək qeyri-peşəkarlıqdır. Aqrar sahə üzrə mütəxəssis, biologiya elmləri doktoru Rauf Soltanov mövzu ilə bağlı “Yeni Müsavat”a bunları şərh edib: “Ölkəmiz hər il  dünya bazarından, xüsusilə də Rusiyadan, Qazaxıstandan, Ukraynadan 900 min ton taxıl alır. İndi statistik məlumatlara əsaslanaraq deyə bilərik ki, hazırda bizim 6 aylıq taxıl ehtiyatımız var. Azərbaycan hər zaman öz daxili məhsuluna strateji məhsul kimi baxır. Taxılın əsas hissəsini Rusiyadan alırıq. Rusiya taxılı həm Ukrayna, həm də Qazaxıstan taxılından daha ucuzdur. Çin özü də taxıl istehsalçısıdır. Azərbaycan da bu istiqamətdə müəyyən işlər görməlidir. Ukrayna ilə bizim müqaviləmiz var idi, orada torpaq sahəsini biz icarəyə götürürdük və istehsal edirdik. İndi müharibə vəziyyəti çətinləşdirir. O ki qaldı pambıqçılıq sahələrini saxlayıb, taxıl əkmək, düzgün qərar deyil. Bir dəfə də qoyunçuluq üçün ayrılan otlaq  sahələrini taxılçılıq üçün ayırdılar. Orada məhsuldarlıq 10-15 sentner oldu, halbuki 40-50  sentner məhsul alırdıq. Yəni taxıl harada əkilməlidir, bunu torpaqşünaslar yaxşı bilirlər. Azərbaycanın kifayət qədər imkanları var, amma dağətəyi zonalarada taxılçılıq inkişaf etdirilməyib. O vaxt Qubanın yanında Qonaqkənd rayonu var idi, o rayon ikinci Şəki sayılırdı. Orada taxılı oraqla biçirdilər, çünki kombayn orada işləyə bilmirdi. Boş ərazilərdi hamısı, orada taxıl yetişdirmək mümkündür. Azərbaycanın taxıl əraziləri Şəki, Cəlilabad və Quba rayonlarıdır. Çox təəssüf olsun, Quba ərazisi əsasən meyvəçilik üçün istifadə edilir. Azərbaycanda 1 milyon, milyon yarım ton taxılın ehtiyat saxlanması üçün taxıl anbarları tikilib. Vaxtında dövlət bu istiqamətdə böyük işlər görüb. Biz çalışmalıyıq ki, taxıl istehsal edən ölkələrlə müqavilə bağlayaq, ucuz qiymət müəyyənləşdirilsin. Əvvəldən müqavilə bağlayanda taxılın qiyməti ucuz olur, müqaviləni gec bağlayanda, qıtlıq əmələ gəlir, taxıla ehtiyac yaranır, qiymətlər bahalaşır. Bunlar indinin deyil, 15 ilin problemləridir”.

Rauf Sultanov: “Sərsəng su anbarı Azərbaycanın ən böyük problemlərindən  birinə çevrilib” – AZƏRBAYCANDA VƏTƏNDAŞ CƏMİYYƏTİNİN İNKİŞAFINA YARDIM  ASSOSİASİYASI

Rauf Soltanov

Professor qeyd edib ki, taxıl bizə yalnız çörək üçün deyil, taxıl həm də qaramalın, qoyunların, quşçuluq sahəsinin inkişaf etdirilməsi üçün vacibdir: “Əkin sahələrinin artırılması mütəxəssislərin rəyi əsasında aparılmalıdır. Azərbaycanda 6 cür torpaq, hərəsinin də bir istiqaməti var. Bizim bu sahədə güclü mütəxəssislərimiz var. Elə hesab edirəm ki, onlar taxıl-əkin sahələrinin artırılması istiqamətində güclü işlər görəcəklər. Otlaq sahələrindən taxıl üçün istifadə edilməsi düzgün deyil. Azərbaycanın 30 faiz torpağında şoranlaşma baş verib. Taxıl da strateji məhsuldur, indidən onun alış-verişi ilə bağlı müqavilə bağlanmalıdır. Bağlayacaqlar da, çünki Azərbaycanın bu istiqamətdə böyük təcrübəsi var. Eləcə də biz Çindən, İrandan də taxıl ala bilərik. Biz neft, qaz satırıq, o ölkələr ki, bizdən neft, qaz alır, biz də onlardan taxıl məhsulu ala bilərik”.

R.Soltanov deyib ki, Azərbaycan üçün ikinci ən böyük imkanlar işğaldan azad olunan torpaqlardadır: “Ermənistan taxıla olan tələbatının 40 faizini həmin 20 faiz torpaqlardan alırdı. Əlbəttə, bu ərazilərdə mütəşəkkil olaraq yaz taxıl əkini aparmaq məqsədəuyğundur. Düzdür, torpaqların minalardan təmizlənməsi prosesi nə vəziyyətdədir, bu barədə məlumatım yoxdur. Amma taxıl üçün həmin torpaqlarda ən böyük potensialımız var. Əgər biz 20 faiz torpaqdan səmərəli istifadə etsək, 900 min ton taxılın təqribən 400-500 min tonunu həmin ərazilərdən əldə etmək imkanımız var. Mən özüm kənd təsərrüfatı üzrə rayonlarda dəfələrlə monitorinq aparmışam. Təsəvvür edin, Azərbaycan 500 milyon manata xarici ölkələrdən yağ alır. Həmin ərazilərdə heyvandarlıq inkişaf etməlidir. Heyvandarlıq, dənli bitkilər inkişaf etdirilməlidir ki, 500 milyonu xarici ölkələrdən yox, özümüzdə pulu xərcləyərək yağa olan tələbatı ödəyə bilək. Bizdə qida təhlükəsizliyi ilə bağlı çox böyük problemlər var”.

Qeyd edək ki, baş nazir Əli Əsədov parlamentin Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib ki, Rusiya hökumətinin ixrac rüsumları 28 dollardan 34 dollara qaldırılıb: “Ötən il Prezidentin tapşırığı ilə Azərbaycan hökuməti idxalçılara 75 milyon manata qədər subsidiya verib. Azərbaycanın kifayət qədər taxıl ehtiyatı var. Hökumət bu məsələ ilə məşğul olur. Biz taxıl ehtiyatlarımızı kifayət qədər artırmaqla bağlı çalışırıq. Amma mən detalları burada deməyəcəm”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR