İnsanlara hürriyət, millətlərə istiqlal!

Palçıq - patriotluq meyarı və ya Şorsulu torpağı müqəddəs deyilmi?

2398 18.05.2022 09:25 Yazarlar A A

Uzun illər öncə idi. Yağışlı bir gündə avtobusla Müşfiqabad qəsəbəsindən “20 Yanvar” metro stansiyasına gəlirdim. Avtobusumuz At yalını (belə bir yaşayış məntəqəsi var) keçdi, Mexkalona (belə biri də var) çataçatda, yeni salınmış, adına Nübar deyilən yaşayış məntəqəsinin dayanacağında saxladı ki, sərnişinləri götürsün.

Avtobusa geyimindən müəlliməyə oxşayan gənc qadın və 3-4 kişi mindi. Kişilərin hamısının ayaqqabısı el arasında “zığ-zımırtdağ” kimi ifadə olunan palçığa bulaşıq idi, qadının ayağındakı yarımboğazlı ayaqqabı isə diricə sellofon torbaların içindəydi. Avtobusdakıların heç biri ona qəribə baxmadı, əksinə, anlayışla baxdılar.

Avtobusumuz camaatın hələ də “Respublikanski balnisa” adlandırdığı tibb müəssisənin yanında saxlayanda ayaqqabısı sellofon torbaların içində olan qadın avtobusdan ehmalca endi, ayağındakı torbaları çıxartdı, ətrafa göz gəzdirdi, zibil qabına oxşayan bir şey tapdı, torbaları ora atdı, sonra ayaqqabısı təmiz şəkildə metroya tərəf yönəldi. Kişilər isə ora-bura boylandılar, sonra parkın girəcəyindəki çayxananın həyətində şlanqdan axan suya tərəf getdilər, növbə ilə ayaqqabılarının palçığını yuyub təmizlədilər ki, metroya o biabırçı gündə düşməsinlər.

Sonrakı yağışlı günlərdə fikir verdim ki, At yalı ilə Mexkalonun arasındakı dayanacaqda ayaqqabılarını palçıqdan sellofon torbayla qoruyanların sayı artıb. Bəziləri torbasını elə avtobusa minəndə çıxarırdı, bəziləri “20 Yanvar”a qədər ayağı torbalı gəlirdi. Başqa variant yox idi. O vaxtlar oralar da, hətta Müşfiqabadın əsas və ara yolları da yağış yağanda lehmə, lıqqa olurdu, sərnişinlər  “20 Yanvar”da ayaqqabı təmizləmək məcburiyyətində qalırdılar. Hətta bununla bağlı bir zarafat da vardı, deyirdilər ki, əgər “20 Yanvar”da ayaqqabısı palçıqlı adam gördünüzsə, bilin ki, Müşfiqdən gəlib (Müşfiq, yəni Müşfiqabad - - qədirşünas camaatımız qəsəbənin adındakı “abad”ı çoxdan ixtisar edib).

Ona görə də Şuşada yağan yağışda ayaqqabılarını palçıqdan qorumaq üçün ayağına klinika baxılı geyənlərin şəklini görəndə heç təəccüblənmədim və burada antimilli, qeyri-vətənpərvərlik, hətta manqurtluq elementləri görmədim.

Yağış torpağı At yalında da palçığa döndərir, Şuşada da. Hər iki variantda palçıq diskomfort yaradır və insanlar bacardıqca ayaqlarını bulaşdırmaq istəmirlər. Ayaqqabısını təmiz saxlamaq insanın özündən çox, avtomobilə minəcəksə, sürücüyə, otelə girəcəksə, xadiməyə hörmət etməkdir. Bir baxılla bu problem həll olunursa, nədən olmasın?

“Şuşanın müqəddəs torpağı” nə deməkdir? Lap Məkkənin torpağıdır, yağış yağıb, torpaq palçığa dönüb və mədəni insan üst-başını da, ayaqqabısını da palçığa bulaşdırmamalıdır ki, başqalarına narahatlıq yaratmasın. Yox, Şuşanın palçığı belə müqəddəsdirsə, onda onun üstünə ayaqqabıyla çıxmayaq, Cıdır düzündə ellikcə ayaqyalın gəzək.

Bu demaqogiyadır. “Müqəddəs vətən torpağı” deyilərkən, heç torpağın 40 santimetrlik bərəkətli humus qatı da nəzərdə tutulmur, vətənin ərazisi, sərhədinin içi, onun toxunulmazlığı nəzərdə  tutulur. Şuşa torpağı necə müqəddəsdirsə, Salyanın Şorsulu kəndinin torpağı da eləcə müqəddəsdir.

Ona görə də hansısa məmuru, naziri, səfiri tənqid, qınaq hədəfi etməyə çalışarkən söhbətə baxıl-maxıldan girmək lazım deyil. Tam əksəriyyətinin fəaliyyətində kifayət qədər neqativ hallar (korrupsiya, yerlibazlıq, səriştəsizlik və s.) var, onlardan danışmaq lazımdır.

Ancaq baxıram ki, bir həftədir sosial şəbəkədə müqəddəs torpaq-baxıl-ayaqqabı-palçıq-məmur söhbəti gedir. Bir həmkarımızın müvafiq statusuna yarızarafat-yarıciddi şərh yazmışam ki, müğınni-səfirin ayaqqabasını baxıla salması anlaşılandır, çünki səhnəyə çıxacaqdı, səhnəni palçığa batırsaydı, ondan sonra çıxış edən rəqqasələr sürüşüb yıxılardılar. Adam götürüb mənə cavab yazıb: “Bu səfiri müdafiə cəhdidir, yoxsa xalqın dəyərlərinə qarşı çıxmaqdır?”

Ta heç nə. Sinnimizin bu vədəsində palçığın milli dəyər olduğunu da öyrəndik.

İndi kimsə pafosa basacaq ki, vətən torpağının palçığına da qurban olum, lıqqasına da.  Boşboğazlığa və hansısa yaşayış məntəqəsini fetişləşdirməyə gərək yoxdur. Ayaqqabısı, üst-başı palçığa batmaq vətənpərvərlik meyarı olsaydı, o zaman ən böyük patriotlar palçığa çəkinmədən girən eşşəklər və lığda uzanıb gövşəyən camışlar olardı.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR