İnsanlara hürriyət, millətlərə istiqlal!

Özünü və maşınını yandıran qazilərin dərdi nədir? - problemdən çıxış yolu...

1127 22.06.2023 12:57 Sosial A A

Tarixən dünyada postmüharibə dövründə qazilərin, döyüşçülərin, veteranların özlərinə qəsd etməsi halları olub. Bu, onların həm müharibə dövründə aldıqları travmaların, habelə diqqət tələb etdikləri halda etinasız hesab etdikləri münasibətlərin nəticəsində baş verir. Əlbəttə, digər səbəblər də var və bunlar barədə psixoloqlar zaman-zaman izahlar veriblər...

İkinci Qarabağ savaşından sonra da bir neçə qazi özünə qəsd edib. Bəziləri isə ona müharibə iştirakçısı olaraq verilən maşınını yandırıb. Bir müddət bu proses səngimişdi, ancaq yenə də bu faciələr baş verir.

Son 1 həftədə bir qazi maşınını, digəri isə özünü yandırıb. Sonuncu hadisə iyunun 20-də Naftalanda baş verib, qazi özünü yandırıb.

Musavat.com-a verilən məlumata görə, özünü yandıran qazi Tağıyev İlkin Həmid oğludur.

Məlumatda qeyd edilir ki, hadisə bir müddət öncə etiraz səbəbindən rayon icra hakimiyyətinin qarşısında baş verib. Onun bədəninin 30 faizi yanıb.

Rəsmi məlumatlar açıqlananda isə bəlli olur ki, qazilər bəzi məsələlərdən narazı olsalar da, qayğısız qalmayıblar. Maddi və tibbi dəstəklə əhatə olunublar. Fakt isə dəyişmir - onlar narazılıq edirlər və nəticədə xoşagəlməz tendensiya artan xətlə inkişaf edir. Bütün hallarda bu prosesdə müvafiq qurumların da məsuliyyəti var. Əsas məsələ qazilərlə profilaktik, psixoloji işlərin aparılmasıdır.

Rey Kərimoğlu: “Nazirliyin binasında baş verənlər təəssüf hissi doğurdu”

Rey Kərimoğlu: “Müharibə iştirakçıları ilə bağlı dövlət komitəsi yaradılmalıdır”

Qarabağ qazisi Rey Kərimoğlu qeyd etdi ki, onlar uzun illərdir müharibədə iştirak edənlərlə bağlı dövlət komitəsinin yaradılmasını təklif edirlər: “Dövlət qazilərə və şəhid ailələrinə nə qədər dəstək olsa da, problemlər azalmır. Problemlərin həlli üçün təklif etmişik ki, dövlət komitəsi yaradılsın. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Diasporla İş üzrə Dövlət Komitəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olduğu kimi, müharibə iştirakçılarının problemləri ilə bağlı xüsusi komitənin yaradılması məqsədəuyğundur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Vahid Əlaqələndirmə Mərkəzi yaradıldı. Bu mərkəzdə 14 dövlət qurumunun nümayəndəsi təmsil olunur, lakin bu tədbir gözlənilən nəticəni vermədi. Buna görə də komitə yaradılsa və hər kateqoriyaya uyğun şöbə təşkil edilsə, yaxşı olar”.

Sosioloq Əhməd Qəşəmoğlu “Yeni Müsavat”a bildirdi ki, vəziyyətin gərginləşməsi həm müharibədə yaşananlar, həm də sosial problemlərlə bağlıdır. Onun fikrincə, təkcə qaziləri yox, ümumiyyətlə, cəmiyyətin həssas qruplarını nəzarətdə saxlamaq lazımdır: “İnsanlar iki halda özünə qəsd edir: sabaha inam olmadıqda və cəmiyyətdə özünü təsdiq edə bilməyəndə. Əgər ikinci vəziyyətin düzəldilməsi üçün uzun zaman lazım olursa, sabaha inam hissini qısa zamanda gücləndirmək mümkündür. Müstəqillikdən öncəki dövrdə insanların sosial vəziyyəti çox ağır idi. Buna baxmayaraq, məsul şəxslər müəyyən çıxışlar edərək insanları rahatlaşdırırdılar. Mən demirəm ki, yalan danışıb aldatmaq lazımdır. Sadəcə, həssas qrupların inamını itirməsinə imkan vermək olmaz. Hətta bəzən maddi dəstək belə psixoloji vəziyyətin gərginləşməsinin qarşısını ala bilmir. Tarixin müxtəlif mərhələlərində insanların maddi vəziyyəti bundan daha pis olub. Maddi dəstəyi artırdıqda belə, psixoloji dəstək kifayət deyilsə, özünə zərər yetirmə, yaxud özünəqəsd hallarının qarşısını almaq mümkün deyil. Məlumdur ki, zəngin, tanınmış şəxslər belə buna əl atıblar”.  

Boşanmaların sayı bir az da artacaq" - Əhməd Qəşəmoğlu

Əhməd Qəşəmoğlu: “Sosial iş xidməti yaradılmalıdır”

Ə.Qəşəmoğlu vahid operativ qurum yaradılması təklifini belə dəyərləndirdi: “20 ildir təklif edirəm ki, sosial iş xidməti yaradılmalıdır. İndiki cəmiyyətdə buna çox ehtiyac var. Hər məhəllədə 2-3 nəfərdən ibarət xidmət olmalıdır. Onlar hər ailədə baş verən problemdən xəbərdar olurlar. Bununla da xoşagəlməz hadisələrin, cinayətlərin qarşısının müəyyən dərəcədə alınmasında az olsa faydalı fəaliyyət göstərmək olar.  Bu barədə Daxili İşlər Nazirliyinə (DİN) bir neçə ay öncə müraciət etmişəm. Hələ ki konkret nəticə yoxdur”.

Günel Səfərova \"Omicron\"a yoluxdu: “Maskanı çıxarmayın”

Günel Səfərova: “Qazinin icra hakimiyyətinin qarşısında özünü yandırması dövlətə, ictimai qurumlara mesajdır”

“Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri Günel Səfərova isə mövzunu belə şərh etdi: “Müharibədən çıxmış bütün cəmiyyətlərdə psixoloji gərgin dövr olur. Biz bunu gözləyirdik. Qazilərin əsas problemlərindən biri onlara davamlı sosioloji-psixoloji dəstəyin göstərilməməsidir. Qanunvericilikdə və təcrübədə sosial paketlərin olduğu görünür. Psixoloji dəstək üçün mərkəzlər var, amma bu dəstək qazinin müraciəti ilə edilməməlidir. Bu xidmətlər icmanın ayağına getməlidir. Beynəlxalq modellərə diqqət çəkmək istəyirəm. Məsələn, ABŞ müharibələr zamanı muzdlu əsgərlərdən istifadə edir, buna baxmayaraq, icma daxilində veteranlar evləri yaradır. Veteranların sosial problemləri qısa zamanda həll olunur, psixoloji mərkəzlər mütəmadi dəstək göstərir”.

G.Səfərova hesab edir ki, Azərbaycanda mövcud problemlərdən biri sosioloji sorğuların keçirilməməsidir: “Məhz belə sorğular vəziyyəti aşkar göstərir. İnsan həyatı hər şeydən önəmli olmalıdır. Bələdiyyələr, icra hakimiyyətləri, gənclər mərkəzləri və s. resurslardan istifadə edərək xidmətləri əlçatan etmək olar. Nəzərə almaq lazımdır ki, qazi özünəqəsd həddinə çatıbsa, bu, birdən-birə olmayıb, müəyyən zaman ərzində bu vəziyyətə çatıb.  Qazinin icra hakimiyyətinin qarşısında özünü yandırması dövlətə, ictimai qurumlara mesajdır. Bu mexanizmdə zəif tərəflərin olduğunun göstəricisidir. Mən mərkəzi qurumların bütün məsələlərə müdaxiləsinin tərəfdarı deyiləm. Bəzi məsələlər yerli səviyyədə həll oluna bilər. Əgər bu mümkün deyilsə, mərkəzi qurum müdaxilə etməlidir. Görünən odur ki, etinasız yanaşma olduğu üçün vəziyyət bu həddə çatıb. Hər bir məsələ koordinasiyalı iş tələb edir. Dövlət qurumları bu barədə düşünməlidir”.

Deputat Ceyhun Məmmədovun atası vəfat etdi

Ceyhun Məmmədov: “Əsas problem qazilərin psixoloji vəziyyətidir”

Millət vəkili Ceyhun Məmmədov “Yeni Müsavat”a bildirdi ki, dövlət öz üzərinə düşəni edir. C. Məmmədov şəhid ailələri və qazilərə ən yüksək səviyyədə diqqət göstərildiyini vurğuladı: “Naftalanda özünü yandıran qazi ilə bağlı icra hakimiyyətinin açıqlamasından bəlli oldu ki, ona maddi cəhətdən lazımi dəstək göstərilir. Əksər hallarda narazılıqların səbəbsiz və əsassız olduğu üzə çıxır. Əsas problem qazilərin psixoloji vəziyyətidir. Müharibə nəticəsində yaranmış sarsıntılar zaman-zaman özünü bu şəkildə büruzə verir. Bu da o deməkdir ki, qazilərlə daha diqqətli davranmaq lazımdır. Əsaslı tələblərlə əlaqədar yaranmış narazılıqlar dövlət qurumları tərəfindən diqqətdə saxlanmalıdır. Bu istiqamətdə müvafiq işlər görülür. Düşünürəm ki, qazilərin problemlərinin həll edilməsi üçün ayrıca qurumun yaradılmasına ehtiyac yoxdur”.

Nigar HƏSƏNLİ,

“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR