İnsanlara hürriyət, millətlərə istiqlal!

Özbəkistanın zəif bəndi Qaraqalpaqıstan

1106 07.07.2022 16:12 Yazarlar A A

 

Çağdaş dünyada və regionumuzda sürətlə dəyişən geosiyasi proseslər, türkdilli ölkələr arasında əməkdaşlığın son dövrlər genişlənməsi bəzi qüvvələri ciddi narahat etməkdədir.

 Özbəkistanda son günlər baş verən Qaraqalpaqıstan çaxnaşması təsadüfi məsələ deyil. Bu, Rusiyanın Özbəkistan dövlətinə qarşı təzyiq, təhdid vasitələrindən biridir. Xüsusilə, dövlətçiliyi və siyasi immuniteti zəif olan ölkələrdə belə təzyiqlər daha ağrılı olur. Rusiya-Ukrayna müharibəsinin ağır məqamında, partlamayan Qaraqalpaq minasının işə salınması bugünkü dövrdə Şimal qonşumuzun nəyinə lazımdır? Deməli, lazımdır. Böyük potensialı və kifayət qədər sosial-iqtisadi problemləri olan Rusiya gorbagor olmuş SSRİ-ni diriltmək fikrindən hələ ki, vaz keçməyib. Məhz buna görə də MDB məkanında zəif bənd axtarır.



Amma bütün bu cəhdlərin, separatizmə dəstəyin, partlamayan minaların işə salınmasının heç bir faydası olmayacaq. Artıq Mərkəzi Asiya Respublikaları əvvəlki kölə vəziyyətdə deyil. Bunu 2022-ci ilin yanvar ayında baş verən Qazaxıstan hadisələri, qazaxların öz milli dövlətləri üçün mücadiləyə hazır olduqları və digər məqamlar sübut edir. Hətta Rusiya-Ukrayna müharibəsinin davam etməsi Şimal qonşumuzun əvvəlki kimi hegemon gücdə olmadığını çılpaqlığı ilə ortalığa çıxarıb. Prosesləri izləyəndə bu qənaətə gəlmək olar ki, Türkiyə daxil olmaqla bütün türkdilli ölkələrin inteqrasiyasında praktik addımlar atılmalıdır. Bəlağətli şüarlarla bərabər ciddi hədəflərə söykənən iqtisadi layihələrin icrası sürətlənməlidir. Çünki Türk birliyi bəşəri prinsiplərə, əxlaqi dəyərlərə söykənən əməkdaşlıq modelidir. Dünyada çox fərqli bir proses yaşanır.

Bu gün geosiyasi proseslərin davamı olaraq, tarixi gerçəyin yaratdığı şəraitin diktəsilə türkdilli ölkələr arasında əməkdaşlıq xeyli dərinləşib. Dünyada gedən proseslər dərindən təhlil olunduqda görünür ki, türkdilli ölkələr arasında qarşılıqlı iqtisadi, siyasi, mədəni əməkdaşlığın dərinləşməsi əsas hədəflər sırasındadır. Bu gün Türkiyənin və Azərbaycanın regionda, dünyada rolu, əsas strateji hədəfləri ümumilikdə birlik üçün mühüm töhfədir. Bu müsbət tendensiya Türkdilli Dövlətlərin Əməkdaşlıq Təşkilatına üzv ölkələr, türkdilli xalqlar da daxil olmaqla bütün dünyada yaşayan və sayı təxminən 300 milyona çatan türklərin birlikdə hərəkət etməsini özündə ehtiva edir. Türkdilli ölkələr arasında əməkdaşlıq modeli möhkəmləndikcə xarici təhdidlərin heç bir perspektivi olmayacaq.



Sonda Özbəkistanın zəif bəndi olan Qaraqalpaqıstan haqqında bəzi resurslardan əldə etdiyimiz qısa məlumatları qeyd etmək istərdim. Qaraqalpaqıstan Özbəkistanın şimal-qərbində yerləşir. Paytaxtı və ən böyük şəhəri Nukus şəhəridir. Ümumi sahəsi 166,600 kvadrat kilometrdir. Qaraqalpaqıstan 14 inzibati rayona bölünüb. Muxtar respublikanın 12 şəhəri və 25 şəhər tipli qəsəbəsi vardır. Qaraqalpaq türklərinin 92%-i Qaraqalpaqıstanda yaşayır. Qaraqalpaq dili qıpçaq qrupunun qıpçaq-noqay as bölümünə daxildir. Səs və tələffüz xüsusiyyətləri baxımından bu cəhətlər ön plana çıxır. Yazı dili bütün Türküstan əhalisinin XIX əsrin sonuna qədər müştərək istifadə etdikləri türkcədir. Danışıq dilləri qazax və qırğızcaya çox yaxındır. Göründüyü kimi qaraqalpaqlarda türkdür. Türkdilli xalq arasında nifaq salmaq isə yalnız məkrli qüvvələrin planları ola bilər. Gəlin qara qüvvələrin fitnəsinə uyub zəif bənd olmayaq.

Əkrəm Bəydəmirli

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR