İnsanlara hürriyət, millətlərə istiqlal!

Özbəkistan qarışdı

4057 01.07.2022 22:15 Yazarlar A A

Ölkə konstitusiyasına təklif edilən dəyişiklikliklər arasında prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə uzadılması da var

Özbəkistanda kütləvi etiraz aksiyaları başladığı haqda xəbərlər yayılıb. Rusiya KİV-ləri yazır ki, ölkə ərazisinin 40%-ni əhatə edən Özbəkistanın ən böyük bölgəsi Nukusda kütləvi etiraz aksiyaları keçirilir. Bildirilir ki, Özbəkistan hakimiyyəti bölgədə mobil interneti bağlayıb və Nukusa Milli Qvardiyanın əlavə qüvvələrini göndərib.

Etirazlar konstitusiyanın yeni redaksiyasından Qaraqalpaqıstanın xüsusi statusunun çıxarılmasından sonra başlayıb. Təklif olunan yeniliklərə görə, region ayrılma ilə bağlı referendum tələb etmək hüququndan məhrum oluna bilərlər.

Özbəkistan prezidenti Şavkat Mirziyoyev ötən həftə konstitusiyaya dəyişikliklərlə bağlı ümumxalq referendumunun keçirilməsini təklif edib. Mayın sonunda parlament əsas qanuna dəyişiklikləri hazırlamaq üçün konstitusiya komissiyası yaradıb. İyunun sonunda konstitusiya qanunu layihəsi Milli Məclisə təqdim olunub. Daha sonra qanun layihəsi birinci oxunuşda bəyənilib və ictimai müzakirəyə çıxarılıb. Müzakirələr iyulun 4-dək davam edəcək, ondan sonra qanun layihəsi referenduma çıxarılacaq.

“Atlas” araşdırmalar mərkəzinin bir neçə gün əvvəl yaydığı analitik təhlilində bu məsələyə xüsusi diqqət yetirilib. Məqalədə qeyd edilib ki, Qaraqalpaqıstan Özbəkistan ərazisinin təxminən 40 faizini təşkil edir: “29 milyon əhalisi olan Özbəkistanda 1 milyon 500 minə yaxın qaraqalpaq türkü yaşayır. Qaraqalpaqıstan 14 inzibati rayona bölünüb. Muxtar respublikanın 12 şəhəri və 25 şəhər tipli qəsəbəsi var. Muxtar respublika ərazisinin təxminən 85 faizi səhralıqdır. Hazırkı konstitusiyada muxtar respublikanın referendum yolu ilə Özbəkistandan ayrılma hüququ var. Prezident Mirziyoyevi qorxudan da budur. Yeni konstitusiyada “muxtar respublikanın referendum yolu ilə Özbəkistandan ayrılma hüququ” bəndi olmayacaq. Muxtar respublikanın bayrağı, gerbi, Konstitusiyası, məhkəmə sistemi və parlamenti var. Yeni Konstitusiyada muxtariyyətin bu səlahiyyətlərinə toxunulmayacaq, sadəcə bunların hər biri Özbəkistan Konstitusiyası və qanunlarına tabe etdiriləcək. Daşkənd yeni dəyişiklikləri “vahid vətən – ortaq tale” konsepsiyası əsasında həyata keçirir”.

0d2cfed51ed73eb700cedd364dff6e50.jpg (69 KB)

Daşkənd niyə Qaraqalpaqıstan Muxtar Respublikası ilə bağlı dəyişikliklərə ehtiyac duyub? Təhlildə bunun bir neçə səbəbinin olduğu deyilib: “Birincisi, Rusiya hansı dövlətə təzyiq etmək istəyirsə, həmin ölkənin içindəki separatçı fəaliyyətlərdən istifadə edir. Rusiyanın 2008-ci ildə Gürcüstana qarşı işğalçı müharibəsi, Abxaziya və Cənubi Osetiya separatçılarına hərtərəfli dəstəyi, 2014-cü ildə Krımı ilhaqı və Donbasda separatçı bölgə yaratması Mərkəzi Asiya ölkələrini, o cümlədən Özbəkistanı narahat edir. Kremlin nəzarətindəki Rusiya mediası son vaxtlar Qaraqalpaqıstanın keçmişi haqda, o cümlədən 1930-cu illərdə Rusiya Sovet Federativ Sosialist Respublikasına aid olması barədə yazılar yayımlayır. Bu təsadüfi deyil.

İkincisi, Kremlin istəyinə baxmayaraq, Özbəkistan Avrasiya İqtisadi Birliyinə üzv olmaq istəmir. Özbəkistan Rusiya ilə yanaşı, Qərb ölkələri ilə əməkdaşlığıa maraq göstərir. Daşkəndin müstəqil xarici və təhlükəsizlik siyasəti Moskvadakı mərkəzlərin xoşuna gəlmir.

qaraq-1627383454.jpg (167 KB)

Daşkənd Kremlin müxtəlif istiqamətlərdə separatçılığa dəstək vasitəsilə hərəkət etdiyini anlayaraq, Özbəkistan daxilində mümkün separatizm fəaliyyətlərini bəri başdan ortadan qaldırmaq istəyir ”.

Özbəkistanın Daxili İşlər Nazirliyi Nukusda ictimai asayişin bərpa olunduğunu bildirir. Vətəndaşlarla ölkədə qüvvədə olan qanunvericiliyin pozulması hallarının yolverilməzliyinin izahı istiqamətində iş aparılır.

Layihə Özbəkistan Konstitusiyasının 64 maddəsinə 200-dən çox dəyişikliyi nəzərdə tutur. Onların arasında prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə uzadılması, ölüm hökmünün qadağan edilməsi və s.var.

 

Orxan Əliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR