İnsanlara hürriyət, millətlərə istiqlal!

Özbək süvarisini qara papaqla ürkütmək cəhdi – Nukusda baş verənlər nəyin göstəricisidir...

3238 03.07.2022 14:20 Yazarlar A A

Ötən ilin sentyabrında Özbəkistanda keçirilən bir həftəlik beynəlxalq mədəniyyət tədbiri çərçivəsində iştirak edərkən bizi Xivə şəhərinə apardılar. Ürgənc aeroportunda endik, daha sonra avtobusla 40-45 dəqiqəlik yol gedərək Xivə şəhərinə çatdıq. Orada bizə dedilər ki, tədbir iştirakçılarının bir hissəsi də Qaraqalpaqıstanın paytaxtı Nukus şəhərinə yollanıb.

Xivə ilə Nukusun arası 171 kilometrdir, 3 saatlıq yoldur. Bu şəhərlərdə yaşayan xalqlar təkcə məsafəcə yox, bir çox cəhətdən bir-birinə yaxındırlar.

Bir neçə gündən sonra Nukusa daha bir beynəlxalq tərkibli nümayəndə heyəti aparıldı. Bu, onu göstərirdi ki, Özbəkistanın indiki hakim dairələri ölkənin tarixi-mədəni irsinə böyük önəm verir.

Özbəkistanın tarixinə, regiona bələd olmayan əcnəbilər türk dünyasına daxil olan özbəklərlə qaraqalpaqların fərqinin nədə olduğunu ilk baxışdan bilməzlər. İnsanların antrpoloji cizgiləri, demək olar ki, eynidir, dilləri arasında böyük yaxınlıq var (qaraqalpaq dili qazax dilinə də yaxındır – o da Qazaxıstanla həmsərhəd bölgələrin dialekti). Bu xalqların tarixi də eynidir, eyni dövlətlərin tərkibində yaşayıblar, eyni ordularda çiyin-çiyinə savaşıblar.

3.jpg (116 KB)

İstənilən ölkədə vilayətlər, mahallar arasında yüngülvari öcəşmə, qarşılıqlı bəyənməzlik və rəqabət olduğu kimi, Özbəkistanın 40 faizini təşkil edən Qaraqalpaqıstanın vilayətləri ilə digər vilayətlər arasında dartışma, sürtüşmə olmamış deyil. Ancaq bu məişət səviyyəsində, lokal səciyyəlidir, ciddi siyasi ziddiyyət yoxdur. Ona qalsa, xarəzmlilər özlərini, öz tarixlərini daha üstün tuturlar.

Hazırda Qaraqalpaqıstanda baş verən hadisələr, küçə iğtişaşlarını etnik münaqişə hesab etmirlər, ancaq “konstitusiya dəyişikliklərinə etiraz”ın ölkənin yalnız bir nahiyəsində, etnik qaraqalpaqların yaşadığı Nukusda baş verməsi göstərir ki, prosesi etnik qarşıdurma müstəvisinə keçirmək istəyən qüvvələr var. Bu, öz-özünə və elə-belə baş verə bilməz. Çünki bir ölkədə həyata keçirilməsi nəzərdə tutulan konstitusiya islahatları həmin ölkənin bütün əhalisinin həyatına təsir edir, ayrıca götürülmüş muxtar bölgənin yox.

Gələn informasiyalardan isə belə anlaşılır ki, yeni konstitusiyada qaraqalpaqların ümdə mənafelərini zədələyəcək müddəalar yoxdur, tam əksinə, dəyişikliklər mütərəqqi xarakterlidir, irəliyə doğru addımdır və insanların hüquqlarının artırılmasına yönəlikdir.

1131779da (1).jpg (67 KB)

Əslində İslam Kərimovun despotik hakimiyyətindən sonra mülayimləşmə, dünyaya açılma yolu tutan Şavkat Mirziyoyev iqtidarına qarşı bu cür ayaqlanmaların olacağı gözlənilən idi. Kərimov ölkəni dünyaya qapatmışdı, ölkəyə daxil olan hər kəsə casus, onlara yaxınlaşan yerlilərə agent gözü ilə baxılırdı. Onun zamanında ölkədə sosial tələblərlə hər hansı bir piket keçirmək də mümkün deyildi. Məsələn, aylarla su verilməyən küçənin insanları bir dövlət binası önündə toplaşıb şikayət etsəydilər, dərhal fiziki zorakılığa, həbsə məruz qalardılar.

Bir qayda olaraq elə bir repressiv müstəbid rejimindən sonra müəyyən azadlıqlar əldə etmiş insan kütlələrinin toplanmış enerjisi mütləq bir yerdən çıxır. Adətən, xalqlar despotların acığını sonradan gələn yumşaq liderlərdən çıxırlar. Dünya tarixində buna dair minlərlə fakt var.

77.jpg (155 KB)

Bununla belə, gözlənilən ayaqlanmanın Qaraqalpaqıstanda yox, məsələn, etnik taciklərin çoxluq təşkil etdiyi Səmərqənd civarında olacağı ehtimal olunurdu. Bu regionda yaşayan taciklər Tacikistanda yaşayan soydaşlarından daha ötkəm, daha imkanlı, daha fəal, daha ambisiyalıdırlar və özləri üçün dövlətdə müəyyən üstünlüklər əldə ediblər. Amma Özbəkistan dövlətinin adının dünya mediasında hallanmasının səbəbkarı taciklər yox, qaraqalpaqlar oldular. Bu da ona görə ola bilər ki, qaraqalpaqların Özbəkistan dövlətinə siyasi-hüquqi problem yaratmaq imkanları böyükdür. Ölkə konstitusiyasına görə, Qaraqalpaqıstan Özbəkistanın tərkibində qalmaq və çıxmaq hüququna malikdir.

Ölkə ərazisinin az qala yarısı qaraqalpaqlara məxsus olsa da, bu muxtar respublikanın əhalisi azdır: 2 milyon nəfər. Özbəkistanın ümumi əhalisi isə 36 milyona yaxındır.

566.JPG (33 KB)

Sadəcə, qaraqalpaqların yaşadığı ərazilər böyük ölçüdə səhralıqlardan ibarətdir. Yəqin ki, məhz ona görə Qaraqalpaqıstanın qərb və şimal sərhədləri xəritdə xətkeşlə çəkilmiş düz xətdən ibarətdir. Dünya xəritəsində belə hal Afrikanın şimal hissəsində - Misir, Sudan, Çad, Liviya, Əlcəzair, Mali, Mavritaniya arasında mövcuddur. Bu xətkeşlə çəkilmiş demarkasiya xətləri həmin regionda yaşayış, insan məskəni olmaması və yeknəsəq relyef üzündəndir.

Güzəran səviyyəsinə qalsa, qaraqalpaqlarla özbəklərin yaşayış səviyyəsi aşağı-yuxarı bərabərdir. Təbii ki, dünyanın hər yerində iri şəhərlərin əhalisinin rifah halı ilə regionların əhalisinin yaşayışı şərtləri fərqlənir. Orada da Daşkənddə yaşayanlarla Nukusda yaşayanların güzəranı arasında fərq var. Eyni fərq Xivə-Daşkənd əhalisi arasında da mövcuddur.

88.jpg (65 KB)

Bütün Özbəkistandan olduğu kimi, Qaraqalpaqıstandan da öz rusisini yaxın ölkələrdə axtaran qastarbayterlər çoxdur. Qaraqalpaqlar da əsasən Rusiyaya üz tuturlar. Rusiyada təhsil alan, daha sonra bu ölkədə qalan, hətta onun silahlı qüvvələrində karyera quran qaraqalpaqlar da var. Məsələn, bu ilin aprel ayında rəhbərlik etdiyi hərbi hissə ilə Ukraynanın Buça şəhərində dinc əhaliyə qarşı qətliam törədən 40 yaşlı polkovnik Azatbek Asanbekoviç Omurbekov Qaraqalpaqıstandadır.

Ayrıca Rusiya ilə Qaraqalpaqıstanın avtonom münasibətləri var. Qaraqalpaqlar Rusiyanın şəhərlərinə Nukus aeroportundan birbaşa uçurlar.

Elədirsə, Nukusdakı hərəkətlənmənin Özbəkistan dövlətinin tutmuş olduğu yeni strateji kursa qarşı olduğunu düşünməyə əsas varmı? Var.

Без названия.jpg (10 KB)

Çünki ortada xalqı küçələrə çıxaracaq ciddi əsas yoxdur. Yeni konstitusiyaya etiraz bəhanədir. Araşdırılanda məlum olacaq ki, iğtişaşlara qoşulanların böyük əksəriyyətinin nəinki konstitusiyada  tutulan dəyişikliklərdən xəbəri yoxdur və meydana kimlərinsə təhriki ilə çıxıblar.

Ancaq çox vaxt olduğu kimi, insanlara “başlayın” göstərişi verən “dirijor”un kimliyi naməlum qalacaq. Daha dəqiqi, hər kəs ortalığı qarışdıran “dirijor çubuğu”nu görsə də, çubuğun kimin əlində olduğunu heç kəsin boynuna qoymaq mümkün olmayacaq.

nocomment_b66a98ee51ef867e65a5a8759a8646bf_y3c2uwn17gho6q45p8mi.jpg (39 KB)

Xatırlayırsınızsa, cəmi 1 həftə əvvəl Özbəkistan prezidenti Şavkat Mirziyoyev azərbaycanlı həmkarı İlham Əliyevi necə isti qarşılamış və necə hərarətlə yola salmışdı. O zaman bu mənzərəni müşahidə edən bir çox KİV qurumları, eləcə də sosial şəbəkə istifadəçiləri bunun sıradan bir lütfkarlıq olmadığını qeyd etmişdilər. Hamı o fikrə gəlmişdi ki, regionda yeni ittifaqlar yaranır və bu dostluq münasibətlərinin daha da sıxlaşacağı, nüvəsinə yeni dövlətləri cəlb edəcəyi gözlənilir.

Nukus hadisələri bu dostluq büsatına qarşı addım kimi düşünülmüş ola bilər. Belə bir ehtimal böyükdür. Bu ilin yanvarında Qazaxıstanda baş verən iğtişaşlar da Qazaxıstan dövlətinin rəhbərliyinin digər türk dövlətləri yaxınlaşma cəhdindən dərhal sonra baş vermişdi.

Yenə də hadisələrin mabədini izləyək. Nizəni çuvalda gizlətmək mümkün deyil.

P.S. “Qara qalpaq” sözü biizm dildə “qara papaq” deməkdir. Keçmiş dönəmlərdə sürətlə gələn süvarinin atını ürkütmək üçün önünə qara papaq atarmışlar.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR