İnsanlara hürriyət, millətlərə istiqlal!

Övladını zibilliyə atan ananı hansı cəza gözləyir - uşaqdan imtina ediləndə, körpə hara verilə bilər?

852 20.07.2023 08:26 Hadisə A A

Vəkil Turan Abdullazadə: “Ananın yeni doğduğu uşağı doğuş vaxtı və ya doğuşdan dərhal sonra qəsdən öldürməsi...”

“Cənnət anaların ayaqları altındadır”. Ancaq bəzən elə “ana” da olur ki, dünyaya gətirdiyi övladını - 15 günlük körpəsini zibil qabına atır. Belə hallarla vaxtaşırıq rastlaşırıq. Son olaraq Sabunçu rayonunda belə hadisə baş verib. Sabunçu rayonunda yeni doğulmuş körpənin məişət tullantıları qutusunda tapılması barədə ərazi üzrə Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən APA-ya verilən xəbərə görə, dərhal polis şöbəsinin əməkdaşları tərəfindən uşaq həmin yerdən götürülərək tibb müəssisəsinə yerləşdirilib.

Körpənin anası S.Qasımova polis əməkdaşları tərəfindən qısa zamanda müəyyən edilərək Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə gətirilib. Hazırda həmin şəxs barəsində toplanmış materiala hüqiqi qiymət verilməsi üçün iş Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

 Məişət tullantıları qutusunda tapılan yeni doğulmuş körpə 1 saylı Körpələr Evinin göndərişi əsasında TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin nəzdində fəaliyyət göstərən Ə.F.Qarayev adına 2 nömrəli Klinik Uşaq Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. TƏBİB-dən bildirilib ki, körpəyə mərkəzi sinir sisteminin dəqiqləşdirilməmiş zədələnməsi, düşməmiş göbək diaqnozu qoyulub. Ona ilkin tibbi yardım göstərilib, lazımi müayinələrdən keçirilib. Hazırda körpənin vəziyyəti ağırdır.

Düzdür, burada qadını qınayanlarla yanaşı, onu aldadan, çarəsiz buraxan qarşı cins nümayəndəsini də tənqid edirlər. Ancaq nə olur-olsun, bir insan, bir qadın körpəni zibil qutusuna atmamalıdır. Bu, həm hüquqi, həm mənəvi cinayətdir. Belə əməli törədəni hansı cəza gözləyir?

Yeri gəlmişkən, uşağından imtina etmək istəyən adam körpəni hansı quruma təhvil verə bilər? Belə bir mexanizm varmı?

Vəkil Turan Abdullazadə ilə müsahibə

Vəkil Turan Abdullazadə mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 143-cü maddəsində təhlükədə qoyma cinayəti öz əksini tapıb: "Orada qeyd olunur ki, həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə olan və özünü qorumaq üçün tədbir görmək imkanından məhrum olan şəxsi bilə-bilə köməksiz qoyma, əgər həmin şəxsi köməksiz qoyan onun qayğısına qalmalı idisə və ya onun özü zərərçəkmiş şəxsi həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə qoyduqda, zərərçəkmiş şəxsə kömək göstərmək imkanı olduğu halda bunu etmədikdə - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bundan başqa, Cinayət Məcəlləsinin 121-ci maddəsinə əsasən ananın yeni doğduğu uşağı doğuş vaxtı və ya doğuşdan dərhal sonra qəsdən öldürməsi - üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bundan başqa, Ailə Məcəlləsinin tələblərinə əsasən övladını köməksiz vəziyyətdə küçəyə atan şəxslər valideynlik hüquqlarından da məhrum edilə bilərlər.

Azərbaycan Respublikası Ailə Məcəlləsinin 64.0. maddəsinə əsasən valideynlər (onlardan biri) valideynlik hüquqlarından aşağıdakı hallarda məhrum edilə bilərlər: 64.0.1. öz valideynlik vəzifələrini yerinə yetirmədikdə; 64.0.2. alimenti qəsdən ödəmədikdə; 64.0.3. heç bir üzrlü səbəb olmadan uşağı doğum evindən və yaxud hər hansı müalicə, tərbiyə, əhalinin sosial müdafiəsi müəssisəsindən və digər analoji müəssisələrdən götürməkdən imtina etdikdə; 64.0.4. valideynlik hüquqlarından sui-istifadə etdikdə; 64.0.5. uşaqlara qarşı məişət zorakılığı ilə bağlı hərəkətlər törətdikdə; 64.0.6. xroniki alkoqol və narkomaniya xəstəsidirsə; 64.0.7. uşaqların və ya ərinin (arvadının) sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş cinayət törətdikdə".

Vəkil əlavə edib ki, həmin məcəllənin 65.1. maddəsinə əsasən valideynlik hüquqlarından məhrumetmə məhkəmə qaydasında həll edilir.

Həmin məcəllənin 65.4. maddəsinə əsasən valideynlik hüquqlarından məhrumetmə işinə baxılarkən məhkəmə valideynin (onlardan birinin) hərəkətlərində cinayət əməli olduğunu aşkar edərsə, bu barədə prokurora məlumat verməyə borcludur.

Həmin məcəllənin 66.1. maddəsinə əsasən valideynlik hüquqlarından məhrum edilmiş valideynlər uşağa münasibətdə həmin uşaqla qohumluq faktına əsaslanan bütün hüquqlarını, o cümlədən bu məcəllənin 82-ci maddəsinə əsasən uşaqdan təminat almaq, habelə uşaqlar üçün təyin edilmiş dövlət müavinəti almaq və imtiyazlardan istifadə etmək hüququnu itirirlər.

Həmin məcəllənin 66.6-cı maddəsinə əsasən uşaq, valideynlərin (onlardan birinin) valideynlik hüquqlarından məhrum edilməsi haqqında məhkəmənin qətnaməsindən 6 ay keçəndən sonra övladlığa götürülə bilər.

Həmin məcəllənin 72.1. maddəsinə əsasən uşağın sağlamlığı və ya həyatı birbaşa təhlükədə olduqda, müvafiq icra hakimiyyəti orqanı uşağı valideynlərdən (onlardan birindən) və ya onu qəyyumluğa (himayəyə) götürmüş şəxslərdən təcili olaraq almaq hüququna malikdir. Müvafiq icra hakimiyyəti orqanı bunu müvafiq akt əsasında həyata keçirir.

Həmin məcəllənin 114.1. maddəsinə əsasən valideynlər öldükdə, valideynlik hüquqlarından məhrum olunduqda, valideynin hüquqları məhdudlaşdırıldıqda, valideynlər fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, valideynlər xəstələndikdə, uzun müddət uşaqlarla birlikdə olmadıqda, valideynlər uşaqların tərbiyəsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən yayındıqda, o cümlədən sosial xidmət müəssisələrindən öz uşaqlarını götürməkdən imtina etdikdə, eləcə də valideyn himayəsinin olmadığı digər hallarda uşaqların hüquq və mənafelərinin müdafiəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR