İnsanlara hürriyət, millətlərə istiqlal!

Övladını zəhərli südlə öldürən 20 yaşlı "ana"... – məhkəmə işi

914 16.03.2023 11:41 Son xəbər A A

Sabah, martın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində 20 yaşlı Nərgiz Bağıyevanın cinayət işi üzrə məhkəməyə hazırlıq iclası keçiriləcək. Nərgiz Bağıyeva 1 yaşlı körpəsinin yeməyinə dərman qataraq öldürməkdə ittiham olunur. Bağıyevanın anası Leyla Bağıyeva mətbuata açıqlamasında qızının psixoloji problemləri olduğunu, həyat yoldaşından ayrıldığını deyib. Qızına və nəvəsinə Lalə Bağıyeva özü baxıb. Hadisə zamanı qadın işdə olub, kiçik qızı anasına zəng vurub, bacısının körpəni zəhərləyib öldürdüyünü xəbər verib: “Uşağın südünə zəhər qatıb, içirdib, öldürmək istəyib. İndi də deyir peşman olmuşam. Soruşdum ki, niyə belə etdin? Deyir ki, cin-şeytan girdi beynimə”.

Musavat.com-un xəbərinə görə, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, hadisə ötən il sentyabrın 9-da paytaxtın Suraxanı rayonunun Hövsan qəsəbəsində baş verib. Bir yaşlı uşağın ölməsi barədə Suraxanı rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalar zamanı körpənin anası Nərgiz Bağıyevanın uşağının yeməyinə hidrogen peroksid qataraq zəhərləməklə qəsdən öldürməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Nərgiz Bağıyeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İstintaq dövründə təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin daha ağır – 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə) maddəsinə tövsif olunub.

E.Məmmədəliyeva,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR