İnsanlara hürriyət, millətlərə istiqlal!

Onların fəalları qətliamı qınamırlar, bizim fəallar isə...

1639 27.12.2022 11:05 Yazarlar A A

Millətçilik, tolerantlıq, xoşməramlılıq kimi məsələlərdə ermənilərlə bizim aramızda ciddi fərqlər var. Bu fərqlərin kimin xeyrinə, kimin ziyanına olması da başqa məsələdir.

Bəşəri dəyərlər baxımından yanaşdıqda bizim mövqeyimiz üstündür; bizdə başqa millətləri xor görmək yoxdur, düşdüyümüz yad mühitə tez adaptasiya olur, yerli cəmiyyətlə qaynayıb-qarışırıq, onların içində muxtar qruplar yaratmırıq, sırf öz millətimizin oğludur deyə haqsız olduqları halda müdafiə etmirik və s.

Ermənilər isə ən ideal, dürüst cəmiyyətlərdə belə mütləq “milli icma” təşkil edir, öz aralarında “erməni qardaşlığı” yaradır, bunun sayəsində üstün mövqelər tutmaq istəyir, haqlı-haqsız olmalarından asılı olmayaraq, bir-birini haray-həşirlə müdafiə edir, başqa millətləri xor görür, hər yerdə məhz özlərini daha qədim, daha mədəni millət kimi qələmə verirlər (sanki başqaları sonradan əmələ gəliblər).

Onların mövqeyi bəşəri dəyərlər baxımından qəbuledilməzdir. 21-ci əsrin bu vədəsində Avropada hələ də həmin arxaik, ibtidai qəbilə təfəkkürü ilə yaşayan millətlər barmaqla sayılacaq qədərdir və heç biri xoşbəxt deyil.

Bir sözlə, çoxmillətli Azərbaycanla monoetnik cəmiyyətə malik olan Ermənistanın arasında fərq bariz şəkildə ortadadır. Amma aşırı millətçiliyi hər fürsətdə qamçılayan Avropa dairələri ermənilərə gəlincə, bu detala önəm vermirlər. Onlara görə, ermənilərin şovinistliyi sırf özünüqoruma instinktindən doğur, yoxsa bu ərköyün və gülməşəkər qövmün mövcudluğuna təhlükə yaranar.

Bu kimi düşüncələrin sayəsində ermənilər totalitar cəmiyyət formalaşdırıblar. Onlar hücuma total şəkildə keçir, total halda da müdafiə olunur, hər zaman xor təşkil edirlər. Öz aralarında didişmələri ola bilər, amma düşmənlərinə münasibətdə ermənilərdən hələm-hələm solo ifa eşitməzsən.

Üstündən 30 ilə yaxın vaxt keçir, indiyə qədər Xocalı qətliamını, 613 nəfər əliyalın, qaçıb canını qurtarmağa çalışan qoca, qadın və uşağın xaincəsinə qətlə yetirilməsi hadisəsini qınayan 3 erməni ziyalısı ortaya çıxmayıb. İki nəfərlə məhdudlaşıb. Onlardan biri - rejissor Georgi Vanyan – ölüb, yazıçı Vahe Avetyan isə mövqeyini dəyişib. Vaxtilə Bakını ziyarət edən, Xocalı abidəsinin önünə gül qoyan yazıçının üzü 2020-ci ilin payızında çöndü – millətçi damarı yoğunladı, ermənilərin acı məğlubiyyətini sinirə bilmədi və bizi aqressiyada qınadı (Avetyan hesab edirmiş ki, ermənilərin tutduğu torpaq özlərinə qalmalıdır və sülh olmalıdır).

İndi özümüzə baxaq. Bu son 30 ildə ermənilərlə barışıq, sülh, gediş-gəliş tərəfdarı olan, ermənilərin hərəkətlərini, tələblərini haqlı sayan, onların maraqlarına uyğun danışan yüzlərlə soydaşımız olub. Bəzən bu, məşhur ifadə ilə desək, açıq kollabirasionizm (düşmən tərəfə keçərək öz vətəninə qarşı vuruşmaq) səciyyəsi daşıyıb.

Özü də onlar bunu son iki ildə, ermənilərin məğlub, zəif olduqları vaxtda etmirdilər, ərazimizin 20 faizinin işğal altında olduğu, düşmənin heç bir güzəştə getmək, bir kəndi belə xoşluqla tərk etmək niyyətində olmadığı dönəmdə edirdilər.

Macarıstanda milli münaqişə zəminində cinayətdə ittiham olunaraq ömürlük həbs cəzasına məhkum olunmuş zabit Ramil Səfərovun 9 ilə yaxın cəza çəkdikdən sonra ölkəmizə ekstradisiya edilməsi hadisəsində kosmopolit fəalların nə həngamələr çıxardığı, nə tozanaqlar qopardığı unudulmayıb. Ermənilərdən daha çox canfəşanlıq edənlər vardı, sosial şəbəkələrdə öz millətinə həqarət edənlərin sayı bizə nifrət püskürən ermənilərin sayından az deyildi.

Əgər bütün məsələlərə bəşəri dəyərlər prizmasından yanaşmaq lazımdırsa və bu, hər iki ölkədə - Ermənistanda və Azərbaycanda eyni cür, aşağı-yuxarı eyni miqyasda edilirsə, buna birtəhər təhəmmül etmək olar. Yox, ermənilər bizə münasibətdə total düşmənçilik xətti yeridirlərsə, necə deyərlər, ellikcə qanımıza yerikləyirlərsə, bəs biz nə düşüb ki, onların nazıyla oynayaq? Özü də bilə-bilə ki, biz belə edəndə özümüzü haqsız, onları haqlı elan etmiş oluruq, onların əlini gücləndiririk.

Fakt budur ki, erməni-azərbaycanlı müharibəsi hələ bitməyib, bitən şey müharibənin aktiv hərbi fazasıdır (hələ onun da yenidən başlanması təhlükəsi var – ermənilər revanş niyyətindədir), siyasi və diplomatik planda savaş davam edir.

Bu iki millət arasında nə vaxt qalıcı və dönməz sülh bərqərar olunar, məhz o zaman münasibətləri yumşaldan fikirlərin səslənməsi prioritet olar.

Laçın-Xankəndi yolunda Azərbaycana məxsus post və keçid məntəqəsi qoyulması ideyasına bu rakursdan yanaşmaq lazımdır. Bu, xaqımızın ümdə maraqlarına, dövlətimizin mənafeyinə tam uyğundur. Bu məsələdə dissidentlik edənlər yanılırlar. 34 ildir buna çalışırdıq ki, ermənilərin Ermənistandan Xankəndiyə silah-sursat daşımasının qarşısını alaq. İndi o məqsədə yaxınlaşmışıq. Bu, ermənilərin qələmə verdiyi kimi, Xankəndini blokadaya almaq deyil, məqsəd bölgəyə silah keçirilməsinə mane olmaq, ermənilərin yenidən silahlanaraq aktiv hərbi əməliyyatlara başlamasını önləmək, Azərbaycan dövlətinin qanunlarını öz yurusdiksiyasında olan qiyamçı bölgədə yaymaqdır.

Başqa necə olmalıdır ki? Belə olmasın, necə olsun? Yəni o ərazinin bizdən qoparılması faktı ilə barışaqmı?

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR