İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölkədən könüllü gedən qaçqın sayılmaz! - hüquqşünasdan erməni-fransız hiyləsinə cavab

871 14.10.2023 13:21 Gündəm A A

Vüsalə Əhmədova: “İşgəncə, qeyri-insani rəftar, alçaldıcı davranış baş versəydi, bu, “etnik təmizləmə” kimi səciyyələndirilə bilərdi” 

Oktyabrın 12-də Fransanın təşəbbüsü ilə bir qrup ölkə (28 dövlət) BMT-nin İnsan Hüquqları Şurasında Azərbaycan əleyhinə birgə bəyanat verib. Bəyanatda Azərbaycanın Qarabağ bölgəsindən erməni köçü ilə bağlı əsassız iddialar və şər-böhtan yer alıb. 

Halbuki ermənilərin Qarabağdan necə rahat, hər hansı məcburiyyət, zorakılıq olmadan çıxdığını hamı bilir. Buna dair yüzlərlə dəlil-sübut, o cümlədən video-faktlar var. Köç edən ermənilərin özləri etiraf edir ki, onlar öz xoşları ilə gedirlər, hər hansı zorakılıqla üzləşməyiblər, amma Fransa və ona yaxın bir necə ölkə neçə həftədir bunun əskini isbatlasın. 

Aydındır ki, ermənilərin Qarabağdan köçündə onilliklər ərzində onlara təbliğ edilən etnik dözümsüzlüyün təsiri mühüm rol oynayıb. Təkcə Xocalı hərbi canisi Robert Köşəryanın bu xüsusda vaxtilə Avropa Şurası Parlament Assambleyasının tribunasından səsləndirdiyi irqçi fikirləri yada salmaq yetər. Amma azərbaycanlılarla ermənilər qonşu Gürcüstanda və Rusiyada günü bu gün də dinc-yanaşı yaşayırlar. 

Bəs Qarabağdan Ermənistana könüllü şəkildə köç edən erməniyə “qaçqın statusu” verilməsi hüquqi baxımdan nə dərəcədə doğrudur? Axı onları heç kim qovmayıb, qaçqın salmayıb. Məgər Ermənistandan xaricə köç edən minlərlə erməni qaçqın adlandırılır? 

Qeyd edək ki, Avropa Şurası Nazirlər Komitəsinin sədri Kristianis Karinşin bildirib ki, Qarabağı tərk etmiş “etnik ermənilərin mühacir, yoxsa qaçqın olduğunu aydınlaşdırmaq lazımdır”. 

Bu da var ki, Qarabağdan çıxıb gedən ermənilərin 10 mindən çoxu Ermənistan silahlı qüvvələrinin hərbçiləri və onların ailə üzvləri olub. Yerdə qalanların əksəriyyəti isə işğal zamanı Qarabağda qanunsuz məskunlaşmış şəxslərdir ki, bu da beynəlxalq konvensiyalara ziddir. Deməli, onları “qaçqın” kimi təqdim eləməklə Fransa və bəzi digər Qərb ölkələri faktiki olaraq qanunsuz məskunlaşmaya bəraət qazandırmaq istəyirlər. 

Məhkəmələrə müraciətlər artdı -

Beynəlxalq hüquq üzrə mütəxəssis Vüsalə Əhmədova mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki,  Qarabağdan köç edən ermənilərə qaçqın statusunun verilib-verilməyəcəyi, təbii ki, hüquqi baxımdan araşdırılacaq: “Qeyd edim ki, 22 aprel 1954-cü il tarixli ”Qaçqınların hüquqi statusu haqqında Konvensiya" və 31 yanvar 1967-ci il tarixli “Qaçqınların hüquqi statusu haqqında Protokol” birlikdə beynəlxalq qaçqın hüququnun əsasını təşkil edir. 1951-ci il tarixli “Qaçqınların hüquqi statusu haqqında Konvensiya”da, “irqinə, dininə, milliyyətinə, müəyyən sosial qrupa mənsub olduqlarına və ya siyasi baxışlarına görə təqib olunacaqlarından əsaslı qorxuya düşərək vətəndaşı olduqları (yaşadıqları) ölkədən qaçan və qorxu səbəbindən həmin ölkənin müdafiəsindən faydalana bilməyən və ya faydalanmaq istəməyən və ya belə bir qorxu səbəbindən həmin ölkəyə qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxslər” qaçqın sayılır. Konvensiyasının ilk maddəsindən də göründüyü kimi, qaçqınlar yaşadıqları ölkədəki “təqib olunma riski”nin qurbanı kimi həmin ölkəni tərk edərək başqa dövlətdən sığınacaq alan şəxslərdir. Az öncə qeyd etdiyim kimi, Konvensiyanın 1-ci maddəsində qeyd olunan “irqi, dini, milliyyəti və ya müəyyən sosial qrupa mənsubiyyətinə görə təqib olunmaq qorxusu” halları silahlı münaqişələr zamanı və ondan sonrakı dövrdə yarana bilər. Bu baxımdan, Qarabağdan köçən ermənilərin Konvensiyaya qoşulan hər hansı bir xarici ölkədən sığınacaq almaq hüququ yaranır. Fəqət burada önəmli olan, qaçqının irəli sürdüyü “təqib olunma qorxusu”nun həqiqi olub-olmadığıdır. Yaşadığı ölkədən qaçan ərizəçi əsaslı qorxusunu nümayiş etdirə bilməlidir. Sığındığı ölkə, qaçqının “təqib olunma qorxusu”na obyektiv qiymət verərək onun statusu ilə bağlı qərar qəbul edir. Dediyim kimi, ərizəçinin subyektiv qorxusu ola bilər, lakin qorxunun əsaslı olub-olmadığını müəyyən etmək üçün mənşə ölkəsindəki vəziyyət obyektiv qiymətləndirilməlidir". 

Ekspert əlavə edib ki, hazırda Qarabağdan köçən erməni vətəndaşlarının böyük əksəriyyəti 90-cı illərdəki işğaldan sonra əraziyə yerləşdirilən şəxslərdir: “Bu artıq beynəlxalq humanitar hüququn mövzusudur. Nəzərinizə çatdırım ki, Dördüncü Cenevrə Konvensiyasının 49-cu maddəsinə görə, sivil şəxslərin işğal edilmiş ərazidən hər hansı bir digər ərazilərə deportasiyası və o cümlədən də, işğalçı dövlətin öz mülki əhalisinin bir hissəsini işğal etdiyi əraziyə yerləşdirməsi motivindən asılı olmayaraq qadağandır və Konvensiyanın ağır pozuntusunu təşkil edir. Bu hal isə bütövlükdə Ermənistan dövlətinin məsuliyyətinə gətirib çıxarır. Azərbaycan hökuməti isə erməni vətəndaşlarına ”mənfi ayrı-seçkiliyə məruz qoymadan humanist rəftar, hərbi əməliyyatların təsirindən ümumi müdafiə, məhkəmə təminatı, münaqişədən əvvəlki vəziyyətin qorunması, ərazidən məcburi çıxarmama, ərazini istəklərinə görə tərk etməyə şərait yaratma" kimi hüquqları təmin edib. Günlərdir ərazidə yerli və xarici jurnalistlər fəaliyyət göstərdi, vəziyyəti işıqlandırdılar. Bunlar əlbətdə ki, dəlil təşkil edir. Əgər sivillərin məcburi köçürülməsi, həmçinin işgəncə, qeyri-insani rəftar, alçaldıcı davranış və sairə baş versəydi, bu, “etnik təmizləmə” kimi səciyyələndirilə bilərdi. Düşünürəm ki, ədalətli araşdırma aparılacaq və doğru hüquqi qiymət veriləcək".

Aydın Quliyev: “Məni Heydər Əliyevlə düşmən edənlərdən ikisi qalıb”

Politoloq Aydın Quliyev də erməni mediasının yalançı siyasəti barədə fikirlərini bölüşüb. Politoloq yazır ki, erməni mediası könüllü olaraq Qarabağdan gedən ermənilərin sayını durmadan şişirdir: “Ermənistan mediası Qarabağdan gedənlərin sayını 100 minə çıxardı, hələ artıra- artıra gedirlər. Təbii ki, bu rəqəmlər reallığı əks etdirmir.100 il əvvəl Osmanlıda 1,5 milyon erməninin ”genosid edildiyini" uyduran daşnakların əlində Qarabağdan “100 min qaçqın və ya məcburi köçkün erməni” nağılı uydurmaq nə çətin məsələdir ki . Bəli, əsas say deyil, odur ki, həmin ermənilər gah “qaçqın”, gah da “məcburi köçkün” adlandırılır. Halbuki bunların heç biri doğru deyil. Əvvəla, onları Azərbaycandan getməyə heç kim məcbur etmədiyi üçün onların barəsində qaçqın və ya məcburi köçkün ifadəsi qətiyyən yerinə düşmür. İkincisi, onlar heç bir halda qaçqın adlandırıla bilməz, çünki artıq çoxdan Ermənistan vətəndaşlığını qəbul ediblər və pasportlarını da alıb qoyublar ciblərinə. Onlar məcburi köçkün də adlandırıla bilməzlər, çünki Azərbaycanın torpaqlarından başqa ölkənin ərazisinə gediblər. Bəs Qarabağdan gedən ermənilər status etibarilə kimlərdi? Məncə, onlar siyasi mənada separatizm oyununun qurbanlarıdır, hüquqi mənada isə legitim vətəndaşlığı olmayan şəxslərdi". 

Afaq MİRAYİQ, 
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR