İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölkədən “beyin axını” problemi yenidən gündəmdə

1617 03.05.2023 08:12 Təhsil A A

 

Ekspertlər problemin həllini universitetlərin maddi-texniki bazasını və əcnəbi mütəxəssisləri dəvət etməklə kadr potensialını gücləndirməkdə görür

“Azərbaycanda elmi araşdırmaların, qanunların tətbiq səviyyəsi bizi qane etmir”. Bunu Milli Məclisin Elm və təhsil komitəsinin son iclasında çıxış edən komitə sədri Bəxtiyar Əliyev bildirib.

“Bu o demək deyil ki, ölkədə yaxşı alimlərimiz yoxdur. Bizim çox güclü alimlərimiz var. Necə olur ki, azərbaycanlı alimlər ABŞ-da, İngiltərədə, Almaniyada, Yaponiya və Koreyada böyük mərkəzlərə rəhbərlik edirlər. Elmi araşdırmalar aparır, yeniliklər gətirirlər. Həmin ölkələrə milyonlara pul qazandırırlar. Demək ki, Azərbaycan xalqında bu potensial var”. “Siyasətimizə müəyyən dəyişikliklər etməliyik. Vaxtilə elm siyasəti Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) həvalə olunmuşdu, təəssüflər olsun ki, AMEA bu yükü çəkə bilmədi. Çünki mərkəzi icra orqanı kimi o vəzifəni icra etmək iqtidarında deyildi”, - deyə komitə sədri qeyd edib.

Ekspertlərə görə, mütəxəssislərin xaricə getmə səbəblərindən biri ölkəmizdə əmək haqlarının az olmasıdır.  Avropanın tanınmış universitetlərində yaxşı bakalvr, magistr təhsili almış mütəxəssislər üçün təklif edilən əmək haqqı ilə Azərbaycanda təklif edilən maaş arasında kifayət qədər fərqlər var. Qeyri-rəsmi statistikaya görə, təkcə son 10 ildə 120 mindən çox ali təhsilli Azərbaycan vətəndaşı ölkəni tərk edərək, xaricə gedib.

Mütəxəssislər qeyd edir ki, vəziyyətin bu cür davam etməsi gələcəkdə ölkədə kadr böhranı yarada bilər. Bəzi mütəxəssislər qeyd edir ki, əsas səbəblərdən biri Azərbaycanda reytinqli universitetlərin olmamasıdır. Dəfələrlə dünya üzrə reytinqli universitetlərin siyahısı açıqlananda Azərbaycan universitetləri nəinki 1000-ci, heç ən son sırada belə yer almayıb. Nəticədə xaricdə təhsil almaq üçün ölkədən gedənlərin sayı artır.  Ən pis tərəfi isə odur ki, təhsil alan həmin gənclər sonradan ölkəmizə qayıtmaqda maraqlı olmurlar.

Komitə sədrinin açıqlaması da onu göstərir ki, Azərbaycandan xaricə “beyin axını”nın artması hakimiyyət kuluarlarında da narahatlıq doğurur.  Bəs savadlı gənclərin ölkədə qalıb, xidmət etməsi üçün hansı addımların atılması zəruridir?

700 bal toplamaq üçün savad qədər bəxt amili də öz rolunu oynayır”- Təhsil  eksperti - AzEdu.az AZƏRBAYCAN TƏHSİL PORTALI

Adil Vəliyev

Təhsil eksperti Adil Vəliyev dedi ki, xaricdə təhsil alanlar iki hissəyə bölünür. Birinci kateqoriya təhsil alıb, orada işləmək üçün gedir. İkinci kateqoriya isə təhsil alıb geri qayıtmağı düşünür: “Birinci tip çoxluq təşkil edir. Çünki onlar inkişaf etmiş ölkələri görüb geri qayıtmaq istəmirlər. Halbuki 2022-2026-cı illərdə xaricdə təhsil üzrə dövlət proqramımız var, savadlı kadrlar xaricdə təhsil almağa göndərilir, təhsil aldığı müddətdə bütün xərcləri qarşılanır. Təhsil aldıqdan sonra bir şərt var ki, yenidən Azərbaycana qayıdın, öz töhfənizi verin”.  

Təhsil eksperti Elşən Qafarov bildirir ki, bu gün ali təhsil müəssisələri hələ də 60-70-ci illərdə olduğu kimi yalnız nəzəri biliklər verməklə məşğuldur: “Düşünürəm ki, burada kompleks tədbirlər görülməlidir. İlk olaraq alimlər və pedaqoji kadrlar hazırlanmalıdır. Ali məktəblərdə məzmun dəyişikliyi aparılmalıdır. Ali məktəblərin elm və innovasiya mərkəzinə çevrilməsi üçün müəyyən istehsalat sahələri ilə  birbaşa əməkdaşlığı təmin olunmalıdır”.

Medicina.az - : "Ana bətnində talassemiya xəstəliyinin aşkar edilməsi  mümkündür"Vaqif Qarayev

Vaqif Qarayev 

Tanınmış pediatr Vaqif Qarayev isə deyir ki, “beyin axını” dünyanın hər yerində var: “Amma bizim işıqlı beyinlərimiz çox deyil, olanlar da ölkədən gedir. Danimarkada yaşayan azərbaycanlı Məsud Aşina var, Beynəlxalq Baş Ağrıları Cəmiyyətinin rəhbəri və İnsan Miqreni Araşdırma Birliyinin direktorudur. Nüfuzlu "Lundbek" fondu ona 5, 3 milyon avro mükafat verib. Təsəvvür edək ki, bu məşhur həkim Azərbaycana dəvət olunur. Bir mərkəzi yaradıb ona veririk, təbii ki, bütün istəklərini ödəmək şərtilə. Təkcə özümüzə yox, regiondakı miqrenli xəstələrə xidmət etsin. Çox sayda bu xəstəlikdən əziyyət çəkən insanlar sağlamlığına qovuşardı. Nə qədər "mall", “hipermarket”lərlə fəxr eləmək olar? Daha faydalı, daha qalıcı xidmət sahəsi yarada bilmərik? Pulumuz var axı..."

Yeni təhsil modelinin tətbiqi aktuallaşıb - Telman Cəfərovun yazısı

Telman Cəfərov 

Filologiya üzrə elmlər doktoru, əməkdar müəllim Telman Cəfərov da bizimlə söhbətdə deyib ki, 10 il öncə “Azərbaycanda təhsilin inkişafı üzrə Dövlət Strategiyası” qəbul olunsa da, obyektiv və subyektiv səbəblərdən nəzərdə tutulan səviyyədə icra olunmadı: “Fikrimizcə, ən başlıca səbəb təhsilin idarəçiliyində rəhbər heyətlərin tez-tez dəyişməsi, eləcə də yaşlı və gənc nəsillərin bir-birini əvəz etməsində tələskənliyə yol verilməsidir. Bu isə pedaqoji sahədə məqsədəuyğun sayılmamaqla bərabər,  qəbul olunan 10 illik strategiyanın icrasına məsul konkret şəxslərin və komandaların müəyyən olunmasını çətinləşdirir. Milli Kurrikulum və Qiymətləndirmə Konsepsiyası təcrübəsi hökuməti ehtiyatlı davranmağa vadar etməlidir. Ölkə prezidentinin sərəncamları ilə təsdiq olunmuş belə məzmunlu konseptual xarakterli dövlət proqramları ciddi müzakirə və hesabatlardan keçməlidir. Əsas hədəflər və yeni dövr üçün təhsilin məzmunu ilə bağlı təkliflərimi də vermişəm. 13 səhifədən ibarət təkliflərimi Elm və Təhsil Nazirliyinə göndərmişəm. Layihə ictimai müzakirəyə verilibsə, ali təhsil sistemində çalışan hər bir mütəxəssisin rəyinin eşidilməsinə şərait yaradaq. Sosial şəbəkələrdə səslənən rəyləri nəzərdən keçirək. Bu, sadəcə, bir təhsil pilləsi ilə bağlı qanun deyil: ölkənin hazırkı və perspektiv inkişafı ondan asılıdır. Bu, elmə, sənayeyə, ölkənin insan resurslarının qorunmasına və inkişafına, əqli və maddi mülkiyyətimizə... inteqrasiya olunmuş qanunvericilik aktıdır. Ölkənin ali təhsil sistemini başqa relslər üzərinə daşımalıyıq. Qanun layihəsində görmək istədiyimiz məqamlar isə bunlardır. İlk olaraq universitetlərin müstəqil təsərrüfat subyektinə keçməli, müstəqil tələbə qəbulu həyata keçirməli, hətta tələbə "startup"ları qarışıq dövlət və maraqlı biznes strukturları tərəfindən profil üzrə istənilən layihələrin maliyyələşdirilməsi üçün maliyyə dəstəyi göstərilməlidir.  Milli məzmun və spesifikaya əsaslanan əqli mülkiyyətin yaradılmasına dəstək, ali təhsil sistemi üçün tədris resurslarının hazırlanmasına büdcə vəsaitinin ayrılması, ali təhsilin bütün səviyyələri üçün tədris standartlarının yenidən nəzərdən keçirilməsi, pedaqoji internaturaların və istehsalat təcrübə bazalarının yaradılması və müvafiq təcrübənin təşkili barədə yeni əsasnamələrin hazırlanıb təsdiq olunmasıdır. Təkliflərdən ən vacibi isə ölkə gənclərinin müxtəlif səbəblərdən, ən əsası, ali təhsil bəhanəsi ilə xaricə axınına şərait yaradan səbəbləri araşdırmaqdır. Bunun qarşısını almaq üçün universitetlərimizin maddi-texniki bazasını, əcnəbi mütəxəssislər də dəvət olunmaqla kadr potensialını gücləndirmək lazımdır. Digər təkliflər isə ali məktəblərin kitabxana, məlumat-informasiya bazalarını modernləşdirmək, ixtisaslar üzrə açıq elektron platformalara çıxışı təmin etmənin vacibliyidir. Bütövlükdə ali təhsilin transformasiyası, yeni məzmun və strukturun yaradılmasından irəli gələn vəzifələri nəzərdən keçirmək, universitetlərə rəhbərlərin təyin olunması mexanizminin dünyada təsdiq olunmuş müasir yanaşmalar və təcrübələrə uyğun işlənilməsi, müxtəlif elm və təhsil sahələri üzrə virtual respublika elmi-tədris mərkəzlərinin, kafedraların formalaşdırılması olduqca vacibdir".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR