İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölkədə oxuyub-yazmağı bacarmayan “11"cilər varmış - üç mühüm səbəb

939 05.07.2023 09:33 Təhsil A A

Ekspert: "Mövcud vəziyyət orta ümumtəhsil  məktəblərində tədrisin keyfiyyətindən xəbər verir"

“9-cu və 11-ci sinif şagirdləri arasında nəinki tədris proqramını minimum mənimsəməyənlər, hətta oxuyub-yazmaqda çətinlik çəkənlər və ya ümumiyyətlə, oxuyub-yazmağı bacarmayanlar da aşkar olunub”.

Bu barədə “Abituriyent” jurnalının 12-ci nömrəsində qeyd olunub. Bildirilib ki, 2022-ci ilin nəticələrinə görə, 9-cu sinif şagirdləri arasında 21 nəfər, 11-ci sinif şagirdləri arasında 2 nəfər oxuyub-yazmağı bacarmayıb.

“Bu cür halların imtahan rəhbərlərinin əksəriyyətinin protokollarında qeyd olunmamasını nəzərə alsaq, yuxarıda göstərilən faktların əslində daha çox olduğunu ehtimal etmək olar. Rayonlar üzrə oxumağı və yazmağı bacarmayan 9-cu sinif şagirdlərinin sayı belədir: Masallı rayonunda 4 nəfər, Goranboy, Gədəbəy və Quba rayonlarının hərəsində 2 nəfər, Abşeron, Astara, Cəlilabad, Kəlbəcər, Lənkəran, Lerik, Saatlı, Xocalı, Yardımlı rayonlarının, Bakı, Mingəçevir şəhərlərinin hərəsində 1 nəfər. 11-ci sinif şagirdlərindən oxumağı və yazmağı bacarmayanlar isə Ağdam və Qobustan rayonlarından olub”, - deyə jurnalda qeyd olunub.

Bəs müasir dövrdə ölkədə 9-cu, 11-ci sinif şagirdləri arasında ümumiyyətlə yazıb-oxumağı bacarmayan şagirdlərin mövcud olmasının səbəbi nədir?

Artıq Təhsil Nazirliyində rüşvət adi hala çevrilib" - Kamran Əsədov

Kamran Əsədov 

Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”a danışıb. Ekspert qeyd edib ki, mövcud vəziyyət orta ümumtəhsil  məktəblərində tədrisin keyfiyyətindən xəbər verir: “9-cu və 11-ci sinif  imtahanlarının nəticələri tam olaraq orta ümumtəhsil məktəblərinin güzgüsü hesab olunur və burada nəticələrin aşağı olmasının bir neçə səbəbi var. Xüsusən də qeyd etməliyik ki, oxuma-yazma bacarıqlarının olmadığını əks etdirən nəticələr çox ciddi və təhlükəli  nəticədir.

Birincisi, Dövlət İmtahan Mərkəzi 11-ci sinif imtahan iştirakçılarına imtahan keçirdikdə, onların aşağı siniflərdəki bilgilərini də yoxlayırlar. Təbii ki, bu zaman müəyyən qədər bilik və bacarıqların unudulması  müşahidə oluna bilər. Yəni şagird 11-ci sinifdə oxuyanda 5-6-cı sinifdə əldə etdiyi bilikləri unuda bilər və bütün dünyada bu ola bilir. Amma burada təqdim edilmiş test tapşırıqlarının ağırlıq səviyyəsi də öz  təsirini göstərir. Təbii ki, heç də bütün şagirdlər ali məktəblərə və yaxud orta ixtisas müəssisələrinə getmək istəmir və bu da öz təsrini mütləq şəkildə göstərir. Amma məşhur bir ifadə var ki, təhsil sisteminin  səviyyəsi müəllimin səviyyəsindən, biliyindən artıq olmur. 

2014-2018-ci illərdə müəllimlərin diaqnostik imtahan nəticələrini, həmçinin ilk dəfə 2022-ci ildə dörd bölgə üzrə 11 min  ibtidai sinif müəllimlərinin iştirak etdiyi sertifikasiya nəticələrini təhlil edəndə görürük ki, 11 mindən 2800 müəllim keçid balını toplaya bilməmişdi, yəni öz ixtisası ilə bağlı minimum suallara cavab verə bilməmişdilər. Özü bir şey bilməyən müəllim əlbəttə ki, şagirdlərə heç nə öyrədə bilməz və bu, yuxarı siniflərin müəllimlərinə də aiddir ki, fənlərin tədrisi zamanı müəllimlərin bilik  və bacarıqları aşağıdır.

İkincisi, bu gün Azərbaycan təhsil sistemi repetitorluqdan asılı vəziyyətdə qalıb. Kimlər ki, repetitorluq xidmətindən, hazırlıq kurslarından yararlana bilir, onların  tədris göstəriciləri, qəbul nəticələri yaxşı olur. Amma kimlər ki, bu prosesdən məhrumdur, təbii ki, nəticələri aşağı olur. Hətta bölgələr üzrə adıçəkilən ərazilərə baxanda görürük ki, Lerik, Saatlı, Gədəbəy və sairə mərkəzdən kənardadır və həmin ərazilərdə repetitorluq, hazırlıq kursları çox da yayılmayıb və yaxud təkmil deyil.

Lakin bəzən mərkəzi ərazilərdə də nəticələrin o qədər də ürəkaçan  olmadığını görürük. Səbəb müəllimlərin bilik və bacarıqlarının zəif olmasıdır.

Digər səbəb isə dərsliklərlə bağlıdır. Yəni dərsliklər öyrədici funksiyanı yerinə yetirmir və şagirdlər repetitor, hazırlıq kursu olmadan dərslikləri mənimsəyə bilmirlər. Beləliklə, dərsliklərimizin ağır olması nəticələrin aşağı olmasına gətirib çıxarır.

Daha bir əsas səbəblərdən biri təhsilin idarə  olunmasında ciddi boşluqların, təhsilin qiymətləndirilməsindəki qeyri-obyektivliyin mövcud olmasıdır. Əlbəttə ki, bunu aradan qaldırmaq mümkündür. Hesab edirəm ki, müstəqil qurumlar və yaxud  DİM ildə bir dəfə hər sinif üzrə  monitorinq imtahanları keçirməlidir və müəllimlər şagirdlərinin nəticələrini analiz edib, tədbirlər görə bilər.

Qeyd etdiyim kimi, test tapşırıqlarının ağırlıq səviyyəsi də öz təsirini göstərir. Müşahidə edəndə görürük ki, test tapşırıqları çətin olur və şagirdlər bu test tapşırıqlarını cavablandırmaqda çətinlik çəkirlər. Bəzən şagirdlər sual modelləri ilə tanış olmur, çünki  məktəblərdə KSQ, BSQ sualları kurikulum standartlarına uyğun olmur. Müəllimlər bəzən internet resurslarından götürdükləri KSAQ, BSQ suallarını şagirdlərə tətbiq edirlər və bu da DİM-in test suallarına uyğun olmur. Hesab edirəm ki, bu məsələlər üzərində ciddi işlər görülməlidir".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR