İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölkə gənclərinin yolu – təhsil, zəhmət, möhnət...

1247 02.09.2022 12:50 Yazarlar A A

Ölkənin 18-22 yaşlı gənclərini üç şərti qrupa bölmək olar: 1. Oxuyan uşaqlar; 2. Zəhmətkeşlər; 3. İşsüz-gücsüz kefcillər...

Bu günlərdə birincilərin sorağı çox gəldi. Onlardan yüzlərləsi öz təhsillərini ölkə xaricində davam etdirəcəklər – ABŞ-dan Yaponiyaya qədər yaxşı təhsil verən bütün ölkələrdəki ali məktəblərdə oxuyacaqlar. Bu sırada İngiltərə, İtaliya, Almaniya, Kanada, İsveçrə, Türkiyə, Fransa kimi ölkələr var.

2.jpg (70 KB)

Futbol millimiz və ya hansısa klubumuz xarici ölkədə matça çıxanda biz bu vətənpərvər gəncləri əllərindəki milli bayraqla stadionlarda görürük. Hər ölkədə ən azı bir stadion sektorunu dolduracaq qədər vətənpərvər tələbə gənclərimiz var.

3.jpg (44 KB)

On minlərlə “oxuyan uşaq” isə ölkə daxilində təhsil alacaqlar və onlardan bir xeylisi sonradan magistr pilləsi üçün xaricə üz tutacaq. Söz yox, bəziləri ölkəyə qayıtmayacaq, öz karyeralarını hansısa firavan və qədirbilən ölkədə quracaqlar. Bir çoxu qayıdacaq, ölkə insanına qarışacaq. Bir sözlə, onlar xalqımızın gələcək intellektualları, idarəediciləridır, gələcəkdə dövlər idarəçiliyinin bütün pillələrində təmsil olunacaqlar.

5.jpg (298 KB)

“Zəhmətkeşlər” ordusu isə qarşımıza hər yerdə çıxır – maşın təmiri sexlərində, inşaat, ticarət, xidmət, iaşə sektorunda. Onlar adi və ağır işlərdə çalışırlar. Usta yanında danlana-danlana, şadlıq saraylarında, restoranlarda harın qonaqlardan, şıltaq müştərilərdən söz götürə-götürə, tikintilərdə çiyinlərini ağır yüklərin altına verə-verə işləyir, halal çörəklərini qazanır, ata-analarına dəstək olur, özlərindən kiçik qardaş-bacılarına himayədarlıq edirlər. Bəziləri atasız böyüyüb, 15 yaşından ailənin “evə çörək gətirən kişisi” olub. Amma belə getməyəcək, onlar bir tərəfə çıxacaqlar. Bu zəhmətkeş, halal yolla özünün və ailəsinin güzəranını təmin edən gənclər bir gün daha yaxşı yerlərə gələcəklər, iş quracaqlar, yaxşı usta, bacarıqlı ticarətçi kimi ad çıxaracaqlar, çox qazanacaqlar, sayılan, seçilən adam olacaqlar.

Bu yazının yazılmasına səbəb olan isə üçüncülərdir – işsiz-gücsüz kefcillər.

Əslində bu qrupa daxil olanları da iki qrupa bölmək olar: imkanlı ailənin harın övladları olduqlarına görə işsiz-gücsüz gəzən, avaralıq edənlər; kasıb olduğu halda əllərini ağdan-qaraya vurmayan, heç bir faydalı işlə məşğul olmayan gənclər.

6.JPG (46 KB)

Birincilərin vecinə deyil, nə qədər ki ata-anaları yaxşı vəzifədədir, biznesləri yaxşı pul gətirir, bu gənclər lüks avtomobillər sürə-sürə fırlanacaq, məşhur meyxanada deyilən kimi, “gəz, dolan kafe-restoran papanın gül balası” həyatı yaşayacaqlar, bir ayaqları paytaxtın istirahət məkanlarında olacaq, bir ayaqları da Dubayda, İspaniyada, Fransada, İsveçrədə. Sonrası nə ola-ola, ya valideynləri bir gün onları hansısa vəzifəyə düzəldəcək, öz biznesinə qoşacaq, ya da cazibədar gecə həyatının həzzləri onları geridönməz bir yola aparacaq və həyatları yasaq kimyəvi maddələrin güdazına gedəcək.

7.JPG (23 KB)

İkincilər isə tinlərdə yığışaraq təsbeh fırlada-fırlada, meyxanaya qulaq asa-asa (arada özləri də bir ağız deyə-deyə), “söhbət xırdalaya-xırdalaya”, onun-bunun dalınca söz qoşa-qoşa, özlərindən başqa gözlərinə görünən hər kəsi “quş” və “peysər” çıxara-çıxara gün keçirəcək, “niyə işləmirsiz, ay bala” deyə onları məzəmmət edənlərə “iş vaaaar” əks-sualı ilə cavab verəcək, yavaş-yavaş kriminal aləmə meyllənəcək, heç nə üstündə dalaşıb, bıçaqlaşıb türməyə düşəcək, narkotik aludəçisinə çevrilib həyatlarını puç edəcəklər.

Bu təhlükə çox böyükdür. İstər şəhərin mərkəzi rayonlarında, istərsə şəhərətrafı qəsəbələrdə, eləcə də bir sıra rayonlarda bu kateqoriyadan olan on minlərlə gənc var. Onların başlıca qayğısı “kayf tutmaq”, “həyatdan həzz almaq”, özlərini işə-gücə verməməkdir. Bu gənclər hər şeyə qol qoya bilərlər: təqaüdçülərin kartındakı pulu çıxarıb məniməsəyərlər, qollarına qolay bir şəxsi döyüb soyarlar, mənzil oğurluğuna gedərlər, hətta bir banka pivə üçün utanmadan kiməsə əl də açarlar.

7700.jpg (323 KB)

Onlar cəmiyyətin tör-töküntüləri, tullantılarıdır. Belə gənclər yalnız nə zamansa cəzaçəkmə müəssisələrinin kontingentini artırmaq üçün yaşayırlar. Narkotik ticarətilə məşğul olanlar üçün bu gənclər ən “etibarlı elektorat”dır. Bir halda ki. onlar avaralığı, “həyatdan zövq almağı” seçiblər və buna nail olmaq üçün istənilən yolla pul əldə etməkdən çəkinmirlər, onlara istədiklərini verən adamlar tapılacaq. (Belə avara gənclərin əks-cinsdən olan təmsilçilərinin gələcəklərinin necə olacağını isə adam nəinki yazmaq, heç düşünmək də istəmir). Bu adamları irəlidə iztirab, məhrumiyyət və möhnət gözləyir.

Əlbəttə, “oxuyan” və “zəhmətkeş” gənclər zümrəsində də narkomaniyaya meyllənənlər, özlərini bəbəxt edənlər ola bilər. Ancaq bu istisna hallar olacaq, istisnalar isə qaydanı pozmur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR