İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölən adam ona qarşı “ifadə verdi” - Stalin Rokossovskinin xahişini qəbul etdi

3347 29.10.2022 19:04 Yaxın tarix A A

1930-cu illərin repressiya dalğalarında ən yaddaqalan hadisələrdən biri Konstantin Rokossovskinin həbsi olub ki, iki ildən artıq davam edən istintaq dövründə NKVD bütün vasitələrdən istifadə etsə də, ona qarşı irəli sürülən ittihamları sübuta yetirə bilməyib. Rokossovski Polşa və Yaponiyanın xüsusi xidmət orqanlarına işləməkdə ittiham edilib. NKVD-nin Leninqrad vilayət idarəsinin təcridxanasında saxlanılan Rokossovski ən ağır işgəncələrə məruz qalsa da, bu ittihamlarla razılaşmayıb. 

Rokossovskinin həbsində onun mülki həyatda ən yaxın dostlarından biri olan polşalı Adolf Yuşkeviçin ifadələri əsas götürülüb. Həmin ifadələrdə Rokossovskinin xarici kəşfiyyatla əməkdaşlığı əks edilib. O, bu ifadələrlə tanış olduqdan sonra istintaqa bildirib:

- Siz əyani şəkildə Adolf Yuşkeviçlə məni üzləşdirin, istədiyiniz sənədə imza atım. Hətta bu üzləşmədən sonra məhkəmə keçirilmədən belə güllələnməyimə də razıyam.

Maraqlı məqam odur ki, NKVD kimi ciddi bir qurum həyatda olmayan bir adamın “verdiyi” ifadəyə görə Rokossovskini həbs edib. Belə ki, orqan əməkdaşları Adolf Yuşkeviçin hələ illər öncə öldüyünü nəzərə almayıblar.

Amma NKVD çox qısa bir zamanda bu səhvini düzəldib. Yuşkeviç soyadlı başqa biri, general Vasili Yuşkeviç Rokossovskinin üzünə duraraq onun Polşa kəşfiyyatı ilə işbirliyi haqqında istintaqa ifadə verib. Amma bu saxta proses də Rokossovskinin casusluğunu sübuta yetirə bilməyib.

Yushkevich-Vasily-Aleksandrovich (1).jpg (66 KB)

Nəhayət, Rokossovskinin antisovet fəaliyyətinin olmadığı ilə bağlı Georgi Jukov, Semyon Timoşenko və Semyon Budyonı Stalinə müraciət ediblər. Hər üç marşal Stalini əmin edib ki, Rokossovskinin Polşa, yaxud da Yaponiya kəşfiyyatı ilə heç bir əlaqəsi yoxdur. Beləliklə, 1940-cı ildə Rokossovski həbsdən azad edilib, tam bəraət alıb, Kommunist Partiyası üzvlüyünə bərpa edilib, eyni zamanda rütbəsi geri qaytarılaraq hərbi xidmətini davam etdirib və onun üzünə duran general Yuşkeviçlə eyni orduda xidmət edib.

İş elə gətirib ki, 1943-cü ildə Rokossovski Mərkəzi cəbhənin komandanı olanda general Yuşkeviç həmin cəbhədə korpus komandiri təyin edilib. Hərbi qaydalara görə, Yuşkeviç öz təyinatı ilə bağlı ilk növbədə cəbhə komandanlığına məruzə etməli olub və o, Rokossovskinin qəbuluna gəlib, təyinatı ilə bağlı ona məruzə edib.

Юшкевич_Василий_Александрович.jpg (176 KB)

Rokossovski Yuşkeviçin məruzəsini dinlədikdən sonra bir neçə dəqiqə reaksiya verməyib. Ağır sükutu Yuşkeviç pozub:

- Yoldaş ordu generalı (həmin vaxt Rokossovski ordu generalı rütbəsini daşıyıb), icazə verin qeyri-rəsmi bir məruzəmi də sizə çatdırım. Bunu olduqca vacib sayıram.

Rokossovski söhbətin nədən gedəcəyini yaxşı anlayıb:

- Mən sizi dinləməyə hazıram.

- Konstantin Konstantinoviç, mən yaxşı anlayıram ki, sizə qarşı verdiyim ifadələri heç vaxt unutmayacaqsınız. Elə mən də həmin hadisələri heç vaxt yadımdan çıxarmayacağam. Amma mən bu məsələ ilə bağlı bəzi məqamlara aydınlıq gətirmək istəyirəm. Bunu həm də ona görə etmək istyirəm ki, vicdanım rahatlıq tapsın. Həmin hadisələrdə məni ölümlə təhdid edirdilər, mən məcbur idim bu addımı atmağa. Mən sizi uzun illərdir tanıyıram, sizə həmişə böyük rəğbətim olub. Çox təəssüf edirəm ki, həmin çətin vaxtlarınızda sizə qarşı böyük haqsızlıq etmişəm. Yəqin ki, mənim vəziyyətimi anlaqlı qarşılayacaqsınız.

- Yəqin ki, bu etiraflardan sonra vicdanınız bir rahatlıq tapdı. Belədirsə, mən çox sevinirəm. Amma buna inanmıram. Çünki sizin vicdanınız yoxdur.

Rokossovski bu sözləri dedikdən sonra “VÇ” telefonu ilə Stavkaya zəng vurub:

- Mən təcili yoldaş Stalinlə danışmalıyam.

Dəstəyi yerə qoyduqdan sonra Yuşkeviç kabinetdən çıxmaq üçün icazə istəyib. Rokossovski əlinin işarəsi ilə ona oturmağı göstəriş verib və yazı stolunun üstündəki xəritələrlə işini davam etdirib. Beləcə yarım saatdan artıq vaxt keçib. Nəhayət, telefon zəng çalıb, Rokossovskiyə bildiriblər ki, dəstəkdə gözləsin, Stalin onunla danışacaq. Bir neçə dəqiqədən sonra onların telefon danışığı başlanıb. Rokossovski cəbhədəki vəziyyəti Stalinə məruzə edib, onun bir neçə sualını cavablandırıb və sonda zənginin məqsədini açıqlayıb:

- İosif Vissarionoviç, mən general Yuşkeviçlə eyni cəbhədə xidmət etməyəcəm, bunu mümkün saymıram. Xahiş edirəm bununla bağlı qərar verəsiniz.

Ötən hadisələrdən xəbərdar olan Stalin Rokossovskinin xahişini qəbul edib:

- Onu göndərin Stavkaya, başqa bir yer fikirləşərik.

Danışıq sona çatıb. Rokossovski Yuşkeviçə qapını göstərib:

- Gedə bilərsiniz, sizi Stavkada gözləyəcəklər. Kabinetdən çıxanda vicdanınızı da özünüzlə götürməyi unutmayın.

Müharibədən sonrakı illərdə marşal Rokossovski ilə general-polkovnik Yuşkeviç tədbirlərdə tez-tez üzləşiblər. Marşal İvan Konyev onları barışdırmağa çalışıb. Amma onun bu cəhdi baş tutmayıb.

Qeyd edək ki, general Yuşkeviç 1951-ci ildə, 54 yaşında, marşal Rokossovski isə 1968-ci ildə, 71 yaşında vəfat edib.

İlham Cəmiloğlu,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR