İnsanlara hürriyət, millətlərə istiqlal!

Nüvə təhdidi, Xirosima dərsləri və Türk dünyasını dinləmə zamanı...

1758 06.08.2023 19:37 Analitika A A


Dünya binnət olandan adamlar bir-birini qırır. Dava-dalaş, müharibə tarixi aşağı-yuxarı insan yarandığı günlə eynidir. Bəlkə də insan cəmiyyətinin fəlsəfəsi elə budur?!..
Fakt bundan ibarətdir ki, dünyanı perspektivdə də müharibələrsiz, savaşlarsız, qan-qadasız təsəvvür etmək mümkün deyil. Sanki Yer planeti mübarizə, müharibə meydanı kimi yaranıb...

Yerdə təkcə insanlar deyil, bütün canlılar savaşır, dalaşır, bir-birini öldürür. Hansı, kim güclüdür, o daha artıq yaşayır, daha çox sahiblənir...
İbtidai insan daş-kəsəklə savaşdı. Sonra ağlı azca inkişaf etdi, ox-nizə düzəltdi. Azca da inkişaf edəndə, odlu silah hazırladı. Beləcə, beyinlər, elm, texnika inkişaf etdikə, dinc yaşamaq daha əlçatmaz oldu, bu inkişaf, ixtralar əsasən insanlara qarşı vasitələr hazırlanmasına yönəldi...
Müasir dünya dediyimiz dövrdə isə artıq nüvə müharibəsi kimi dəhşətli təhdidin altında yaşamağa məhkumuq.
Rusiya deyir ki, Ukrayna istiqamətindən ona böyük hücum baş versə, ilhaq etdiyi Krımı ondan geri almaq istəyi baş qaldırsa, düşünmədən nüvə silahına əl atacaq. Kremlin rəqibləri də mesaj verir ki, Rusiya harasa nüvə bombası atsa, Moskvaya, yaxud da RF-nın digər şəhərinə iki o boyda bomba atılacaq.
Təsəvvür edilməsi belə dəhşətlidir. Şəkillərdən, viedokadrlardan Xirosimaya atom bombası atılmasından sonra yaranan ağır mənzərələri hər birimiz görmüşük...

Xirosimanı təsadüfən qeyd etmədik. Zatən, ermənilər də atomsuz, nüvəsiz də işğal dövründə Azərbaycanın Ağdam şəhərini Xirosimaya çevirmişdilər.

16194360562914130708_1000x669.jpg (459 KB)

Sadəcə, bu gün Xirosimaya atom bombası atılmasının ildönümüdür, o dəhşətdən 78 il ötür...

Dünyada ilk dəfə atom bombasını Amerika Birləşmiş Ştatları hazırlayıb və İkinci dünya müharibəsi zamanı Yaponiyanı təslim etmık üçün 1945-ci il 6 avqustda bu şəhərə atıb.

fn-bnqbxoaivvw7.jpg (359 KB)
Bundan 3 gün sonra – 9 avqustda Naqasakiyə də atom bombası atdılar. Və Yaponiyanı təslim etdilər.
1945-ci ilin sonuna qədər atomdan ölənlərin sayı 140 mini keçib. İndi də Yaponiya və ətrafı bu faciənin nəticələrindən tam xilas olmayıb...
Ötən 78 ildə dünya xeyli inkişaf edib və hazırda nüvə silahına malik dövlətlər Xirosima və Naqasakiyə atılan bombaların təqribən 3000 qat artıq güclüsünü istehsal edə bilir. Müxtəlif hesablamalara görə, dünya dövlətlərində 3 mindən artıq nüvə başlığı var...
Təsəvvür edirsiniz?..
Bu gün Rusiya, ABŞ, Çin, Pakistan, İngiltərə, Şimali Koreya və s. ölkələrin arsenalında nüvə silahı var.
Müasir dünyanın bəlalarından biri də nüvə silahı, daha dəqiqi bəşəriyyətin onunla təhdid edilməsidir. Rusiya-Ukrayna müharibəsinin fonunda bunu əyani görə bilirik.

De-fakto Rusiya-Qərb qarşıdurmasında bu təhdid kifayət qədər realdır və yuxarıda da qeyd etdiyimiz kimi, Kreml yetkililəri dəfələlə bəyan ediblər ki, müəyyən bir mərhələdə nüvə silahından istifadə edə bilərlər...
Bu gün BMT Baş katibi Antonio Quttereş Xirosimaya atom bombası atılmasının 78-ci ildönümü münasibətilə məktubunda isə yazıb ki, “dünyada etimadsızlıq və fikir ayrılığı artır, atom müharibəsinin təbilləri yenidən döyülür”.
BMT Baş katibi bildirib ki, Soyuq Müharibə dövründən sonra dünyanın başı üzərində yenidən atom kölgəsi peyda olub: “Bəzi ölkələr yenidən düşüncəsiz şəkildə atom silahından istifadə məsələsini ortaya atır”.
Quttereş dünyanı atom silahından imtina etməyə çağırıb: “Bu, atom müharibəsi təhlükəsini istisna etməyin yeganə vasitəsidir. Nüvə tərksilahı BMT-nin əsas məqsədlərindən biridir”.
Əlbəttə, dünyanı dəhşətli faciələrdən xilas etməyin yolu nüvə tərksilahıdır. Quttereşin təklifi optimaldır, ancaq hegemon dövlətləri buna razı salmaq mümkün olarmı? Bu istiqamətdə proses başlamalıdırmı və kim başlada bilər?
Dünyada ilk dəfə atom bombasını insanların üzərinə atan ABŞ atom silahını “utilizasiyaya” təhvil vermək təşəbbüsü qaldırarm? Rusiya bu gün mövcudluğunu qorumaq üçün ən böyük hədə-qorxu aləti olan nüvə arsenalını neytrallaşdırmaq ideyasının müəllifi olarmı?..
Təbii ki, yox.
Bəs BMT özü Amerikanın razılığı olmadan hansısa konkret tələblə, indiki halda qurumun prioritet elan etdiyi “atomsuzlaşdırma” ideyasını gerçəkləşdirə, rəsmi sənəd kimi təqdim edə bilərmi? Yenə də yox...

Çünki onlara sərf etmir. Onlar bundan pul-para qazanır. Klassik anlamda yanaşsaq, bu böyük (?!) dövlətlər, hegomon güclər TARİX boyunca öncə kiçik dövlətlərdə münaqişələr yaradıb, yaradır, sonra istehsal etdikləri silah-sursatları o müharibələrin iştirakçılarına satırlar...
Bəs kim səmimiyyətlə “Nüvə silahına son!” şüari ilə dünya qarşısına çıxa bilər və ona hər kəs etimad göstərər? Kim dünya qarşısında vicdanlı şəkildə bir tələb, razılaşa təşəbbüsü qaldıra bilər?

Burada gözlər dünyanın qüdrətli güc sahibinə çevrilmiş, son dövrlərdə ən humanist ideyalarla çıxış edən Türkiyəyə yönəlir.
Türkiyə dünyanın sülh, barış, əmin-amanlıq içində yaşaması üçün səmimi mövqe sərgiləyən, dirəniş göstərən dövlətdir. Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan bunadək sülh, barış yolunda kifayət qədər mühüm addımlar atıb, missiya üzərinə götürüb. Bura kasıb ölkələrin inkişafı, Afrikanın bədbəxt edilmiş dövlətlərinin xilası da daxildir.

Bu prosesdə Azərbaycan da Türkiyə ilə birlikdə addımlaya bilər. Azərbaycan bu gün dünyada sözü, çəkisi, yeri maksimum artmış qalib ölkədir.

prezident_rize_140522_5.jpg (68 KB)

Onun lideri, Prezident İlham Əliyev bu gün dünyanın nüfuzlu şəxslərindəndir. O, İkinci Qarabağ savaşı zamanı, post-müharibə, habelə pandemiya, postpandemiya dövründə cəsarətli qərar, çağırış, bəyanat, təşəbbüsləri və sülh düşünələri ilə dünyanın azsaylı ən səmimi şəxslərindən biri olduğunu təsdiq edib və hər kəs tərəfindən qəbullanıb.
Dünyanın dəhşətləri təkrarlamaması üçün səmimi liderləri dinləməyə ehtiyacı var...

Elşad MƏMMƏDLİ

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR