İnsanlara hürriyət, millətlərə istiqlal!

Nüvə savaşının şahidi olmaq şansı...

2157 09.04.2023 11:58 Yazarlar A A

 

Biz uşaq olanda taxta tapançalarla nə qədər “dava-dava” oynasaq da, sözümüz-söhbətimiz eyzən müharibə haqqında olsa da, döyüşlü filmləri çox sevsək də, əslində gerçək müharibənin başlanacağından qorxurduq.

Çünki başa düşürdük ki, indiki müharibələrdə Gəray Əsədov kimi sinəni düşmən pulemyotunun qabağına vermək, Bəxtiyar kimi 8 düşməni öldürüb, 9-cunun boğazını gəmirmək, “Mixaylo” tək partizanlıq edib faşistləri kinoteatrda partlatmaq çox çətindir. Radio-televiziya nüvə müharibəsindən danışırdı, qəzetlər sürətlə silahlanmadan-filandan yazırdı, böyüklər də deyirdilər, müharibə olsa, bir dənə knofkanı (“knopka”-düymə) basacaqlar, yekə-yekə şəhərlər külli-kuf olacaq.

Bizim yaşadığımız yer “yekə şəhər” deyildi, amma yenə də qorxurduq. Hətta xəritədə baxmışdıq ki, nüvə müharibəsi olsa, qlobusda ayı dərisi qədər yer tutan ölkəmizin ən ucqarında yerləşən kəndimizə sədəmə toxunmayacaq, amma andıra qalmış III dünya müharibəsinin zəhmi bizi basırdı.

Tez-tez “ay balalar, siz xoşbəxt nəsilsiniz, bizim kimi müharibə, qıtlıq, aclıq görmədiniz” deyən böyüklər yeni müharibədən söhbət gedəndə gözümüzün alacalandığını, sarımızı udduğumuzu görüb deyirdilər ki, amma elə şey ola bilməz, böyük dövlətlərin rəhbərlərinin də ailə-uşaqları var, axmaqlıq edib, dünyanı dağıtmazlar.

Ona görə də nüvə dövləti olan ölkələrin başına yeni rəhbər gələndə diqqət edirdik ki, adamın ailə-uşağı varmı, qısır, soysuz deyil ki...

1983-cü ilin sentyabrında SSRİ səmasında Cənubi Koreyanın sərnişin təyyarəsi vurulanda və məlum olanda ki, təyyarədə ABŞ konqresmeni Lorens MakDonald da daxil olmaqla 269 nəfər həlak olub, elə bildik, gözlədiyimiz gün yetişdi, indi nüvə müharibəsi başlayacaq. Amma elə olmadı. ABŞ və Cənubi Koreya bir az əsib-coşdular, amma o qədər insanın öldürülməsini, indiki dildə desək, peysərə verdilər.

Hərçənd belə bir söhbət var ki, o dövrdə ABŞ prezidenti olan Ronald Reyqan öz yaxın ətrafının audensiyasında deyib ki, o şər imperiyasını dağıtmaq mənə borc olsun. Yeri gəlmişkən, o hadisədən sonra SSRİ-ni dünyanın çox yerində “şər imperiyası” adlandırırdılar.

Gün gəldi, Reyqan Moskvaya gəldi, Qorbaçovla Reykyavikdə, orda-burda görüşdülər, söhbətləşdilər, anlaşdılar, razılaşdılar ki, araya nüvə müharibəsi salmasınlar, raketləri ixtisar eləsinlər. Üçüncü və sonuncu dünya müharibəsinin olmayacağından xatircəm olub dərindən nəfəs almaq istərkən, “xoşbəxt nəsillər” bir də gözlərini açdılar ki, Qarabağda tank, avtomat, top-tüfəng müharibəsi başlayıb.

Beləcə, 70-ci illərin “xoşbəxt nəsillər”i bədbəxt oldular, müharibə də gördülər, qıtlıq da, aclıq da, ölüm-itim, didərginlik də.

Budur, azı beş ildir ki, III dünya müharibəsinin başlanacağı barədə anonslar verilir. 1 ildir də Moskva, Kreml dünyanı nüvə silahı ilə hədələyir. Elə bir gün olmur ki, Rusiyanın böyüklərindən biri çıxıb deməsin: “Elə etməsinlər, nüvə silahından istifadəyə məcbur qalaq”, “belə getsə, taktiki nüvə silahından istifadə edəcəyik”, “Avropa paytaxtları özlərini təhlükəsizlikdə hiss etməsinlər”. Heç kim dinməsə də, RF-nin keçmiş prezidenti, sabiq baş naziri Dmitri Medvedyev yarım litr araq içibən çıxır, Avropanı dağıdır, ABŞ-ı vurur, Ukraynanı dünya xəritəsindən silir (orta məktəbdə təmizkom olub qırışmal, yazı lövhəsini həmişə özü silib).

Hər gün bu xüsusda yayılan informasiyaları oxuyanda adam düşünür ki, yoox, deyəsən, bu dəfə gerçəkləyiblər, bir-birinə nüvə başlığı daşıyan raketlər atacaqlar və dünyanı dağıdacaqlar. Ortada “vur, vurum” havası var. Yaxşı ki, o biri böyük dövlətlər iki dalaşanı qızışdıran kənd uşaqları kimi “vurmayan oğraşdır” demirlər, yoxsa ağac-ağaca durmuş dövlətlər üzə düşüb bir-birinə atım bombası atarlar.

Beləcə, 50 ildir söhbəti gedən “nüvə müharibəsi”nin canlı şahidi olmaq şansımız qalır. Hərdən şeytan da adamın qulağına pıçıldayır ki, siz şanslı nəsilsiniz, sosialist düşərgəsinin çöküşünü, SSRİ-nin dağılmasını, kommunist ideologiyasının puç olduğunu, N qədər qiyam və dövlət çevrilişini, hiperinflyasiyanı, devalvasiyanı, hər şeyi gördünüz, nüvə müharibəsini də görsəniz, çələng tamam olacaq.

Elədir. 40-50 il qabağın xoşbəxt uşaqları artıq heç nədən, hətta nüvə müharibəsindən də qorxmurlar. Hətta artıq maraq yaranıb ki, olsun, baxaq, görək necə şeydir. Amma o müharibədən qorxan uşaqlar, gənclər var axı. İndi onlar gendən xoşbəxt görünürlər, amma əlində nüvə raketi oynadan gicbəsər liderlərin dövründə yaşadıqlarına görə heç də xoşbəxt deyillər. Gözəgörünməzin onlara yazığı gəlsin.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR