İnsanlara hürriyət, millətlərə istiqlal!

Nürnberqdən xəbər verənlər – nasist cəlladlar narahat olduqları üçün jurnalistlərdən şikayət ediblər

1904 13.06.2022 15:00 Yaxın tarix A A

20 noyabr 1945-ci ildən 1 oktyabr 1946-cı ilə qədər davam edən Nürnberq prosesində bu müddət ərzində 403 iclas keçirilib. Sözsüz ki, çox məhsuldar işləyən məhkəmənin işini işıqlandırmaqda jurnalistlərin üzərinə böyük yük və məsuliyyət düşüb. Məhz kütləvi informasiya vasitələri nümayəndələrinin gərgin əməyi nəticəsində milyonlarla insan “əsrin məhkəməsi” adını alan prosesin gedişi və yekunları haqqında ətraflı məlumat ala biliblər, prosesin ayrı-ayrı iclasları haqqında maraqlı materiallarla tanış olmaq imkanı qazanıblar.

Qeyd edək ki, Nürnberq prosesini işıqlandırmaq üçün məhkəmədə 31 ölkədən 315 nəfər KİV nümayəndəsi iştirak edib. Prosesə SSRİ tərəfindən jurnalistlərin göndərilməsi müzakirə olunanda İosif Stalinin təşəbbüsü ilə 24 nəfərin adı müəyyənləşdirilib. Amma sonra sovet lideri prosesi işıqlandırmaq üçün Nürnberqə ezam olunacaq KİV nümayəndələrini sayının 45-ə çatdırılması ilə bağlı sərəncam imzalayıb. Sərəncamda onların ad və soyadları, işlədikləri orqanlar da öz əksini tapıb.

doc_00134_.jpg (102 KB)

Prosesdə iştirak edən jurnalistlər Nürnberqdən 20 dəqiqəlik məsafədə yerləşən Ştayn şəhərində Faberşloss iqamətgahında yerləşdiriliblər. Qələm əhli bu iqamətgahı öz aralarında “fəlakət iqamətgahı” adlandırıblar. Qidalanmadan və sıxlıqdan şikayətlənən jurnalistlər çalışdıqları mətbu orqanlarda da narazılıqlarını bildiriblər. Bu ərazi ABŞ-ın nəzarətində olduğundan, təminatları Amerika ordusu tərəfindən edildiyindən KİV nümayəndələri narazılıqlarını ABŞ rəsmilərinə ünvanlayıblar.

İqamətgahın sahəsinin kiçik olması və daha çox jurnalistin yerləşdirilməsi, bununla yanaşı, qida təminatında çatışmazlıqlar, antisanitariya 1945-ci ilin dekabr ayında öz “nəticə”sini verib. “Fəlakət iqamətgahı”nda kütləvi dizenteriyaya yoluxma baş verib.

GettyImages-158743769 copy.jpg (118 KB)

SSRİ-dən olan KİV nümayndələrinə iqamətgahın ərazisində ayrıca bina ayrılıb. Əvvəllər bu binada nasist partiyasının yerli qərargahı yerləşibmiş. Sovet jurnalistlərinin yeri həmkarlarından rahatlığı və genişliyi ilə fərqlənib.

İqamətgahaın bir neçə addımlığında amerikalıların barı fəaliyyət göstərib. Bütün ölkələrdən olan jurnalistlər məhz bu barda istirahət ediblər, xarici həmkarları ilə fikir mübadiləsi aparıblar.

Prosesi işıqlandırmaq üçün jurnalistlərə bütün lazımi şərait yaradılıb. Onlar prosesin keçirildiyi Nürnberqin “Ədalət evi”nə gedib qayıtmaq üçün xüsusi nəqliyyatla təmin ediliblər. Çəkiliş, reportaj, müsahibə üçün jurnalistlərə həm məhkəmə zalında, həm də səslərin ötürüldüyü xüsusi otaqda işləmək imkanı verilib. Təxminən gün ərzində hər bir jurnalist öz işlədiyi mətbu orqana 120 000 sözlük xəbər, reportaj, müsahibə, məqalə göndərib.

21a5f4006c5192fe0e31d6019467902e.jpg (73 KB)

Jurnalistlər Nürnberq prosesinə qeyri-rəsmi bir ad da veriblər, “6 milyonluq söz prosesi”. Məhz bütün proses dövründə bu qədər söz sinxron tərcümə olunub, bu qədər söz ictimaiyyətə çatdırılıb.

Nürnberq prosesi dövründə prosesin gedişi və yekunları ilə bağlı ayrı-ayrı ölkələrin mətbu orqanlarında və informasiya agentliklərində minlərlə yazı dərc olunub. Proses zamanı foroqraflar tərəfindən 25 mindən artıq şəkil çəkilib.

075cd2276c8b77c33c29df2bbd7a1504.jpg (76 KB)

SSRİ-dən olan jurnalistlər digər ölkələrdən olan jurnalistlərdən fəallıqları ilə fərqləniblər. Onlar müttəhimlər kürsüsündə əyləşən nasist rəhbərlərinə daha yaxın düşməyə cəhd ediblər və buna nail olublar. Sovet jurnalistləri ən ağır cəzaya, asılmaqla edama məhkum olunan hərbi cinayətkarların son naharlarını, son gecələrini, son sözlərini, bir sözlə, bütün dəhşətli sonluqlarını qələmə almağı, çəkməyi bacarıblar.

Bu fəallıq Nürnberq prosesində müttəhimlər kürsüsündə əyləşənlərin məhkəməyə rəsmi müraciətləri ilə nəticələnib. Ancaq bu müraciətlər nəticəsiz qalıb. Milyonlarla insanın ölümündə ittiham olunan cəlladlara jurnalistlərin peşə hüquqlarını başa salıblar, onların fəaliyyətində heç bir qanun pozuntusu olmadığını bildiriblər.

3-3-636_rgali_1038-2-642-1.jpg (99 KB)

Digər ölkələrdən, o cümlədən SSRİ-dən olan jurnalistlər Nürnberq prosesi başa çatdıqdan sonra “Ədalət evi”ndə onlara yaradılmış iş şəraitindən razılıqlarını bildiriblər. Xüsusilə karikatura çəkən rəssamlar və fotoqraflar razılıqlarını daha çox ifadə ediblər. Belə ki, proses zamanı onlara nasist rəhbərlərinə 7 metrlik məsafəyə qədər yaxınlaşmağa icazə verilib ki, bu da onların yaradıcılığı üçün kifayət edib.
Bütövlükdə, Nürnberq prosesinin işıqlandırılması məsələsi prosesin sonunda SSRİ və müttəfiqləri tərəfindən yüksək qiymətləndirilib, bu işi təşkil edənlər, müttəfiq ölkələrin idelogiya və təbliğat rəhbərləri müvafiq olaraq öz ölkə rəhbərləri tərəfindən mükafatlandırılıblar.

Bundesarchiv_Bild_183-H27798,_Nürnberger_Prozess,_Verhandlungssaal.jpg (139 KB)

Məhz jurnalistlərin məhsuldarlığı nəticəsində Nürnberq prosesi ilə bağlı ayrı-ayrı ölkələrdə minlərlə məqalə, yüzlərlə kitab, sənədli film ictimaiyyətə təqdim edilib.

İlham Cəmiloğlu, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR