İnsanlara hürriyət, millətlərə istiqlal!

Nurəddin Mehdixanlı: “Teatra rəhbər təyin edilərkən bizim rəyimiz soruşulmalıdır"

1345 18.04.2023 13:47 Mədəniyyət A A

Məlum olduğu kimi aprelin 11-12-də ölkəmizdə ilk dəfə olaraq böyük Teatr Forumu keçirildi. Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) tərəfdaşlığı ilə "Azərbaycan teatrı - 150: inkişaf perspektivləri" mövzusunda keçirilən Teatr Forumu ulu öndər Heydər Əliyevin 100 illiyinə və Azərbaycan peşəkar teatrının 150 illik yubileyinə həsr olunmuşdu.

İki gün davam edən Forumun "Azərbaycan teatrında ənənələr və trendlər", "Milli teatrda müasir rejissor və aktyor sənəti: yenilənmə prosesində sistemli yanaşma", "Konsepsiya və strateji hədəflər, "Teatr sahəsində insan kapitalının inkişafı" kimi müxtəlif mövzuları əhatə edən panel iclasları təşkil olundu, tanınmış teatr xadimləri, incəsənət nümayəndələri, teatr direktorları, rejissor və aktyorlar bu tədbirlərdə iştirak etdilər,  teatrın bugünkü problemlərini, onları narahat edən məsələləri müzakirə edib, təklif və rəylərini bildirdilər.

Belə ki, tanınmış teatrşünas, Əməkdar incəsənət xadimi İlham Rəhimli teatrların kommunal ödənişlərdən azad olunmasını, teatrlara yardım edən sponsorların vergidən azad edilməsini, Xalq artisti Vidadi Həsənov müstəqil teatrlara diqqətin artırılmasını təklif etdi.

Xalq artisti Afaq Bəşirqızı isə aktyorların yaşayış şəraitinin yaxşılaşdırılmasını, maaşlarının artırılmasını, onlar üçün evlər tikilməsini, həmçinin Bədii Şura yaradılmasını təklif etdi.

Xalq artistinin digər diqqət çəkən təkliflərindən biri isə aktyorlar üçün ayrıca qəbiristanlıq yaradılması ilə bağlı fikirləri oldu.

Xalq artisti Nurəddin Mehdixanlı isə bildirdi ki, teatrlar qohumluq prinsipləri ilə fəaliyyət göstərməməli, teatrların kommersiya layihələri olmalıdır. Həmçinin, "fəxri adlar yaşa görə yox, fəaliyyətə görə verilməlidir", deyə fikirlər səsləndirdi.

Beləliklə, iki gün ərzində ölkənin bütün tanınmış teatr xadimlərinin iştirakı ilə çoxdan gözlənilən, möhtəşəm mədəniyyət tədbirinə şahidlik etdik.

Bəs teatr xadimlərinin bu Forumdan hansı gözləntiləri var?

Xalq artisti Afaq Bəşirqızı Musavat.com-un sualını bu cür cavablandırdı:

"İnamım var ki, ölkədə teatr sahəsində dəyişikliklər olacaq.

Məni ən çox maraqlandıran ölkədə Teatr Xadimləri İttifaqının özünü doğrultmasıdır. Ona görə də həmin tədbirdə qeyd etdim ki, elə bir variantlara əl atmaq lazımdır ki, ayda-ildə hansısa lazımsız daxili festivallar keçirməyək. Beynəlxalq festivallar olsun, aktyorların inkişafı üçün müəyyən konsepsiyalar tutulsun. Bizim çox istedadlı aktyor və rejissorlarımız var.

ebc5dafd2497982e977bfeeb4b952c51.jpg (74 KB)

Həmçinin mədəniyyət sahəsində Bədii Şuranın olmasın təklif etdim. Bildirdim ki, teatrların kateqoriyası məsələsinə diqqət yetirilsin, aktyorların maaşına baxılsın, onlara evlər tikilsin. Hamımız bilirik ki, bu sahədə problemlər çoxdur".

Xalq artisti Nurəddin Mehdixanlı da  keçirilən Teatr Forumundan çox böyük gözləntiləri olduğunu bildirdi:

“Adətən həmişə belə olurdu, ortaya bir kürsü qoyulur, böyük-böyük adamlar, məmurlar da ora çıxıb danışır, sənət adamları da zalda əyləşib onları dinləyir, sonra da hamı çıxıb gedir, heç nə dəyişmirdi. 50 illik ömrümdə mən bu sayaq görmüşəm. Amma keçirilən Teatr Forumunda birinci dəfə idi görürdüm ki, birbaşa bu sənətlə məşğul olanlar səhnədə əyləşir və salonda olan onların həmkarlarıdır və onlar birlikdə açıq şəkildə problemləri müzakirə edirlər. Düşünürəm ki, ən doğru olanı da bu idi.

Bu gün Azərbaycan teatrının problemləri nədən ibarət olduğunu hamımız bilirik. Amma kimsə bu problemləri deməkdən çəkinir və yaxud onun üstünü örtməyə, malalamağa çalışır.

Teatr sahəsində olan problemlərin necə həll olunacağını da bilirik. Sadəcə özümüzün fərdi maraq və məqsədlərini kənara qoyub, həmin problemləri həll etməyə çalışmalıyıq. Azərbaycan teatrının artıq 150 illik tarixi var və onun bundan sonra da yaşaması üçün nələrisə etmək lazımdır. O nələrisə də biz bilirik və forumda bu haqda danışmağa bizə imkan yaratdılar. Buna görə forumun təşkilatçılarına təşəkkürümü bildirirəm. Orada faydalı məsləhətlər maraqlı çıxışlar oldu, problemlər birbaşa söylənildi, müzakirə edildi. Lakin bəzi həmkarlarım özlərinin reklam edib, özləri haqda danışmağa başladılar. Bu, yanlış addımdır. Biz ora toplaşmışdıq ki, problemləri bildirək, onların həllinə nail olaq".

Nurəddin Mehdixanlı Forumdan sonra teatr sahəsində müsbət dəyişikliklər olacağına inamını vurğulayıb:

"Həmin Forumda da qeyd etdim ki, bu tədbir Azərbaycan teatrının son döngədə, son şansıdır. Ya bundan sonra da var olacağıq, ya da hər şey yarımcan şəkildə davam edəcək. Azərbaycanda öz peşəsinin bilən kifayət qədər istedadlı rejissorlarımız, aktyorlarımız, teatr mütəxəssislərimiz var. Burada sadəcə ədalətli, əxlaqlı olmaq, millətinə, dövlətinə xidmət etmək lazımdır. Yəni, yol budur”.

Nurəddin Mehdixanlı həmkarı, Xalq artisti Afaq Bəşirqızının aktyorlar üçün ayrıca qəbiristanlıq yaradılması ilə bağlı təklifinə də münasibət bildirib:

“Aktyorları yaşatmaq, onların daha uzun yaşaması üçün çalışmaq lazımdır, nəinki ayrıca qəbiristanlıq salmaq. Hər birimiz üçün qəbiristanlıqlarda 2 metr tapılacaq, bu problem deyil. Bu gün Azərbaycan teatrının daha ciddi problemləri var, onunla məşğul olmaq lazımdır”.

Sənətçi Akademik Milli Dram Teatrının rəhbərliyinə gətiriləcəyi ilə bağlı səslənən iddialara da cavab verib: 

“Hər kəsin özünə məxsus fikri, rəyi var və biz onlara qadağa qoya bilmərik. Hər kəsin bir tərcüməyi-halı, işi var və kimlərinsə rəhbərlikdə kimisə görmək istəməsi bu məsələlər ilə bağlıdır. Əlbəttə ki, təyinat məsələlərini bizlər həll etmirik, bunun üçün səlahiyyətli orqanlar var. Lakin düşünürəm ki, teatr spesifik bir yerdir, orada sənətkarlar, yaradıcı insanlar çalışırlar. Teatra rəhbər təyin edəndə ömrünü, həyatını bu sənətə həsr etmiş insanların da rəyi nəzərə alınmalıdır. Axı bu teatr fabrik deyil ki, kimisə birbaşa təyin edir və deyirlər ki, onu qəbul edin. Bu vaxta qədər təyinatlar bu cür oldu və həmin təyinatların acı nəticələrini gördük və bu gün də yaşayırıq. Ona görə də kimliyindən asılı olmayaraq, hər kimsə teatra rəhbər gətirilirsə, mütləq şəkildə bizim rəyimiz soruşulmalıdır. Kollektivin rəyi olmasa kimsə təyin olunarsa, teatrda çalışa bilməyəcək. Çünki hər halda bura Akademik Milli Dram Teatrıdır, onun tələbləri daha yüksəkdir.

İndi bəziləri var ki, bu məsələdə adlarını təklif edir, adlarının hallanması yönündə çalışırlar, amma nahaq yerə özlərinin yormasınlar. Hamımz bir-birimizi tanıyır, kimin kim olduğunu bilirik. Bundan sonra da kimlərinsə teatrı talanmasına, onu hörmətdən salmasına, özünün hansısa şəxsi, maddi maraqlarını təmin etmək üçün rəhbərliyə gəlib çıxmaq istəyirsə, biz buna imkan verməyəcəyik”.

Beləliklə, ümid edək ki, keçirilən Teatr Forumu çərçivəsində aparılan fikir mübadiləsi, müzakirələr, təklif və rəylər, iradlar Azərbaycan teatrının gələcək inkişafına öz töhfələrini verəcək.

 

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR