İnsanlara hürriyət, millətlərə istiqlal!

Nuland, bizə PUA ver!

2680 01.02.2024 22:30 Yazarlar A A

Bu kapitalist vələduznalar “demokratiyaya dəstək, Ukraynanın müdafiəsi” adı altında öz ölkələrinə milyardlar qazandırırlar

Qərb Ukraynanı dollar dopinqi ilə bir az da ayaqda saxlamağa məcburdur. Üstəlik, daha heç kimə sirr deyil ki, ABŞ silahlar üçün ayırdığı pulları bir cibindən alıb, o biri cibinə qoyur. Yəni o astronomik məbləğlərin ancaq yarısı Kiyevin ehtiyaclarını qarşılamaq üçün göndərilir, məbləğin yarısı heç ABŞ-ı tərk etmir, silah zavodlarının hesabına köçürülür. Bu kapitalist vələduznalar “demokratiyaya dəstək, Ukraynanın müdafiəsi” adı altında öz ölkələrinə milyardlar qazandırırlar. 

image.jpg (123 KB)

Avropa Birliyi fevralın 1-də Ukraynaya 50 milyard avro ayrılması ilə bağlı qərar verib. Plana görə, 2024-2027-ci illərdə Ukraynaya ehtiyaclarını ödəmək üçün 33 milyard avro kredit, 17 milyard avro isə qrant verəcək. Macar baş nazir Orban da gözlənilənlərə rəğmən, qərara veto qoymadı. O da başa düşür ki, bütün bu cəhdlər Ukraynanın sonu üçündürsə, niyə dünyanın gözündə özünü pis kişi etsin, “Putinin adamı” damğasını üzərinə götürsün. Axına qarşı getməyin mənası yoxdur, ta o vaxta kimi ki... 

Screenshot_2.png (645 KB)

Yardımlar əlbəttə olacaq, kredit də, amma belə görünür ki, Qərbin Ukrayna planı arzuladıqları kimi baş tutmayacaq, bunu dünənədək Rusiyanın batdığından palaz-palaz təhlillər yazanlar da anlamağa başlayıblar, amerikan isteblişmenti də. Rəsmi Kiyev deyir ki, 5-6 milyon qaçqın var, əslində isə bu rəqəm 10 milyondur, böyük əksəriyyət də geri qayıtmaq istəmir, Ukraynanın “özünə gəlməsi” üçün bəlkə də 20 il lazım olacaq. Göyə sovrulan pulları Ukraynaya versəydilər, indi yanında bir “bala Ukrayna dövləti” də yaratmaq olardı.

Yenə o fikrimdə qalıram ki, Ukraynada vətən müharibəsi getmir. Bir tərəfdə diskoteka, bir tərəfdə çoxsaylı itkilər, işğal...Ukraynalılar özləri də deyirlər ki, Kiyev müharibə aparan ölkənin paytaxtına oxşamır.

Kiyevdə ordu və kəşfiyyat rəhbərləri ilə prezident Zelenski arasında gərginlik xəbərlərini Rusiya mediası əlbəttə ki, püfləyib şişirdir də, amma münasibətlərdəki gərginlik haqda Qərb mediası da açıq yazır. Məlumdur ki,1941-45-ci illər müharibəsinin ən qızğın vaxtlarında Stalinlə Baş Qərargah rəisi Jukov arasında bir neçə dəfə gərginlik yaşanıb. Hətta Stalin Jukovu otağından da, vəzifədən də qovub. Amma bu iki şəxs üzərindəki məsuliyyəti anlayaraq müharibəni qələbə ilə başa çatdırıblar. 

Screenshot_20230105_181315.png (1.11 MB)

Zelenski mənim nəzərimdə heç vaxt vətənpərvər olmayıb, buna inanmayan varsa, onun Rusiyada yaşadığı vaxt yumoristik səhnəciklərinə baxsınlar, orada ukraynalılar, Ukrayna haqda dediklərinə bir də qulaq assınlar. Ukrayna müharibəsində belə birinin baş rolda olması qəbullanası deyil, amma buna ukraynalılar qərar verə bilərlər. Zalujni isə dədə-baba hərbçidir, ciddi adamdır, hətta Rusiya hərbi mənbələri də onun bacarıqlı komandan kimi xarakterizə edir. Zalujnın hərbi formasını, səngəri prezident kabinetinə və siyasətə dəyişməyə nə qədər həvəsli olduğunu demək çətindir. Zelenski ya vəlvələdən ya zəlzələdən prezident olmayacaqsa, onun kürsüsünə ən real namizəd Zalujnıdır. Prezidentin hərbçi olması şərt deyil, amma Zalujnı məncə, Zelenskidən həm də vicdanlı adamdır, bunu onun prezidenti narazı salan müsahibələrindəki etirafları da deyir.
Zalujnı cəbhədəki uğursuzluğa görə məsuliyyət daşıyır, o da yaxasını kənara çəkə bilməz. Zelenski-Zalujnı dartışmasının artıq orduda da gərginlik yaratdığı haqda iddialar var. Zalujnı orduda avtoritet adamdır, amma o da “yaxanı” çoxdan Pentaqon generallarının əlinə verib. Ona görə Zalujnının prezident kürsüsünə oturmasına qərar veriləcəksə, bu, cəbhədə fövqəladə dəyişiklik yaratmaq üçün olmayacaq, görünən mənzərə hələ ki, belədir. Onu siyasi posta gətirərlərsə, bu o deməkdir ki, Rusiya ilə danışıqlar olacaq. Zelenski qalırsa, demək sonuncu ukraynalıyadək döyüşmək planı hələ ki, qüvvədədir. 

Screenshot_3.png (1.10 MB)

Maydan hadisələri zamanı mitinqçilərə peçenye paylayan dövlət katibinin köməkçisi Viktoriya Nulandın Kiyevdə peyda olması böyük ehtimalla hakimiyyətdaxili gərginliyi yatırtmaq üçündür. Nuland Kiyevdə deyib ki, Putini sürprizlər gözləyir. Ruslar yazır ki, ola bilsin, söhbət yeni uzaqmənzilli raketlərdən gedir. Sürprizin yüksək dəqiqliklə hədəfi vuran dronlardan ola biləcəyi də deyilir. Çünki son həftələr Kiyev Rusiyanın şəhərlərinə - Belqorod, Bryansk, Kurskda PUA-larla hücumların miqyasını artırıb. Pilotsuz təyyarələr artıq Yaroslavl və Sankt-Peterburqa çatır. NATO üzvləri yəqin ki, Ukrayna Silahlı Qüvvələrinin bu taktikasını uğurlu hesab edərək Kiyevi çoxlu sayda pilotsuz təyyarə ilə təmin etməyə çalışacaqlar. Maydanda vaxtilə peçenye paylayan Nuladın bir gün Kiyevə raket, PUA verəcəyini kim ağlına gətirərdi?

 

Nazim SABİROĞLU,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR