İnsanlara hürriyət, millətlərə istiqlal!

Novruz əfvi may ayına ertələnir

580 21.02.2024 14:00 Ölkə A A

Novella Cəfəroğlu: “Biz öz siyahımızı vermişik, 30 nəfərin adı var”

“Əfv sərəncamının imzalanması birbaşa ölkə başçısının müstəsna səlahiyyətindədir. Son günlər ölkədə əfv olacağı ilə bağlı fikirlərin səslənməsi adətən əvvəlki illərdə Novruz bayramı ərəfəsində həmin qərarın imzalanması ilə əlaqədardır. Amma bu il Novruz bayramı ərəfəsində əfv sərəncamının olması ilə bağlı ehtimallar o qədər böyük deyil”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib.

Əliməmməd Nuriyevə yeni VƏZİFƏ VERİLDİ | KONKRET

Əliməmməd Nuriyev

“Novruz bayramına uzun müddət qalmayıb. Bu müddət ərzində Əfv Komissiyasının toplaşıb daxil olan sənədlərlə bağlı müzakirələrin aparılması üçün o qədər də çox müddəti yoxdur. Ona görə də Novruz ərəfəsində əfv sərəncamının olması ehtimalı azdır. Prezident seçkiləri yeni başa çatıb. Dövlət başçısının andiçmə mərasimi oldu, indi hökumətin formalaşması prosesi gedir. Nəzərə alaq ki, Əfv Komissiyasının üzvlərinin bir qismi hökumətdə yüksək vəzifə tutan şəxslərdir. Prezidentin sərəncamı ilə hazırkı hökumətə, yeni hökumətin formalaşdırılması ilə bağlı səlahiyyət və vəzifələrin icrası tapşırılıb. Düşünürəm ki, hökumət tam formalaşdıqdan sonra Əfv Məsələləri Komissiyasının iclaslarının keçirilməsi gündəmə gələ bilər”, - o bildirib.

Əliməmməd Nuriyev vurğulayıb ki, hazırda Əfv Komissiyasının iclasları keçirilmir: “İclasların çağırılması məsələsi var. Daxil olan müraciətlərlə bağlı müvafiq sənədlər hazırlanaraq Əfv Komissiyasının sədrinə təqdim olunur. Sədr tərəfindən də iclaslar keçirilir. Hazırda ölkədə mühüm dəyişikliklərlə bağlı ciddi işlər gedir. Bütün bunlar başa çatdıqdan sonra bu məsələ gündəmə gələ bilər”.

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa Novruzda əfv olmayacağını konkret şəkildə söylədi: “Hələ ki əfvlə bağlı müzakirələr getmir. Görünür, Novruz bayramında da əfv olmayacaq. Çünki vaxt məsələsi nəzərə alınırsa, buna erkən başlamaq lazım idi. Bu da sırf həqiqətən prezident seçkisi ilə bağlı məsələ idi. Həmin ərəfədə hər hansı müzakirələr aparmağın məntiqi izahı yox idi. Amma irəlidəki zamanda bu mümkündür. Bunun hər hansı bir tarixlə, bayramla xüsusi bir əlaqəsi yoxdur. Ümumi qaydada əfvlə bağlı məsələlər müzakirəyə çıxarılıb, müzakirə oluna bilər. Burada hansısa bir əlamətdar gün olmadan belə bunu etmək mümkündür. Adətən bunu sadəcə bir tarixə uzlaşdırırıq. Amma bütövlükdə istənilən vaxt bu prosedur başlaya bilər. Lakin hələ ki bunun bir əlamətləri yaxın aylarda, yəni 1-2 ayda görünmür”.

Novella Cəfəroğlu: Mənə ən çox əzab verən bu millətlərarası münaqişədir

 Novella Cəfəroğlu 

Siyasi məhbus siyahılarının hazırlanmasında yaxından iştirak edən hüquq müdafiəçisi Novella Cəfəroğlu da ümidli deyil: “Biz öz siyahımızı vermişik. Siyahıda 30 nəfərin adı var. Hansılar ki, məhkəmədən keçiblər. Ondan başqa da bir siyahı vermişik. Orada blogerlər, jurnalistlər yer alır ki, hələ məhkəmələri bitməyib, yeni həbs olunublar. Siyasi motivlərlə yeni həbs olunanların, ömürlük cəza çəkənlərin də adları siyahımızda var. Müharibədə iştirak edən insanlar var ki, onlar 20 ildən çoxdur ki, həbsdədir. Biz çox istərdik ki, Novruz bayramı ərəfəsində əfv olsun. Amma zaman doğrudan da çox azdır. Çoxlu sayda insanın əfvə düşməsi üçün zaman lazımdır. Bizə çoxlu sayda sadə insanların müraciəti var. Onlardan cəzalarının yarısını çəkən insanlar var ki, əfvə düşmələri çox yaxşı olardı. Bu əfv sərəncamı çox ailəni sevindirəcək. Onların adlarını çəkmək istəmirəm. Çünki istəyirik ki, çox insan əfvə düşsün. Dindarlar ayrı siyahıdan keçirlər. Biz çalışırıq ki, hər bir insanın işinə xüsusi diqqət ayrılsın, hər bir insan barəsində ədalətli qərar verilsin. Biz çalışmalıyıq ki, hüquqi dövlət quraq, məhkəmələrimiz ədalətli hökm versin. Qoyun bizi ölkə xaricində tənqid edənlər hər dəfə görsünlər ki, biz hər şeyə qadirik, həm torpaqlarımızı geri qaytarmışıq, həm işğaldan azad etdiyimiz torpaqlarımızda bayrağımızı dalğalandırmışıq, həm də Xirosimaya çevrilmiş şəhərlərimizi bərpa etmişik. Çalışmalıyıq ki, hər bir insanın bundan sonra hüququnu qoruyan bir məmləkət olaq. Əminəm ki, buna da nail olacağıq”. 

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR