İnsanlara hürriyət, millətlərə istiqlal!

Növbələrlə bağlı yaranan narazılığa RƏSMİ CAVAB

1206 21.06.2023 21:05 Səhiyyə A A

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi poliklinikalarda və xəstəxanalarda narazılığa səbəb olan növbələrlə bağlı Musavat.com-un sorğusuna cavab verib.

Qeyd edək ki, saytımızda bir gün öncə yayımlanan reportajda vətəndaşların üzləşdikləri problemləri işıqlandırmışdıq.

Onlar saytımıza bildiriblər ki, saatlarla növbələrdə gözləməli olur, növbə çatdıqda isə həkimlər limitin bitdiyini deyirlər. Ucqar kəndlərdən gələnlər isə bu məsələ ilə bağlı daha çox əziyyət çəkdiklərini dilə gətiriblər.

Eyni zamanda, məcburi köçkünlərin (qayıdışla bağlı) də növbəsiz tibbi xidmətlərdən istifadə etmələri narazılığa səbəb olub. Niyə hələ də məcburi köçkünlər üçün ayrıca tibb müəssisəsinin, yaxud xəstəxanalarda ayrıca şöbənin ayrılmadığı qınanılıb.

Agentlik Musavat.com-un sorğusuna cavabında bunları bildirib: “TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində həkimlərin gün ərzində iş saatı 6 saatdır. Tibb müəssisələrində ambulator şəraitdə terapiya və pediatriya ixtisasları, rentgen, mamoqrafiya və flüoqrafiya müayinəsi üzrə çalışan həkimlər üçün iş günü həddi 35 nəfər sığortaolunan müəyyən olunub.

Həkim-mama-ginekoloq və bütün cərrahi ixtisaslar üzrə çalışan həkimlər üçün iş günü həddi isə ambulator şəraitdə 30 nəfər sığortaolunan təşkil edir.

Ultrasəs müayinəsi (USM) üzrə çalışan həkimlər üçün iş günü həddi 30 nəfər, EEQ (Elektroensefaloqrafiya), EMQ (Elektromioqrafiya) və endoskopik müayinə ixtisasları üzrə çalışan həkimlər üçün günlük hədd 15 sığortaolunan təşkil edir.

Əlavə olaraq qeyd edək ki MRT, KT, həkim-kardioloq ixtisası üzrə çalışan həkimlər üçün günlük limit müəyyən olunmayıb.

Göründüyü kimi, tibbi müayinənin növündən və xüsusiyyətindən asılı olaraq günlük hədd 15-35 pasiyent arasında dəyişir. Həddin müəyyən olunması zamanı beynəlxalq təcrübə nəzərə alınıb. Orta hesabla hər pasiyentə ən azı 12-15 dəqiqə vaxt ayrılıb. Çünki həkim xəstənin şikayətini dinləyir, ona dəqiqləşdirici suallar verir, ehtiyac olduqda fiziki müayinə apara, resept yaza və əlavə müayinələr təyin edə bilər. Bəzi hallarda həkim əvvəlki müayinələrin nəticələri ilə tanış olur, təkrar gəlişlərdə onları sonuncu müayinə nəticələri ilə müqayisə edir. Bütün bu proses bəzən 30 dəqiqə və daha çox vaxt apara bilər. Həkimlərin 6 saatlıq iş rejimini nəzərə alanda bu hər pasiyentə 12-15 dəqiqə vaxt deməkdir. İş saatının sonuna vaxt qalıbsa, günlük limitin bitməsindən asılı olmayaraq, növbə gözləyən pasiyentlər qəbul edilir. Təcili tibbi yardıma ehtiyacı olan xəstələr, şəhid ailə üzvləri və müharibə iştirakçıları növbədən kənar qəbul olunur”.

Qurum tibb müəssisələrində növbələrin yaranması məsələsinə belə cavab verib: “Sözügedən məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində 2023-cü ilin yanvar-mart ayları ərzində monitorinq aparılıb. Monitorinqlər zamanı vətəndaşların ambulator tibbi xidmətlər üçün yaşadıqları ərazidən uzaq məsafədə yerləşən rayon mərkəzi xəstəxanalarına müraciət etmələri müşahidə olunub. Bu kimi hallar öz növbəsində mərkəzi xəstəxanaların yüklənməsinə səbəb olur. Qeyd edilən halların obyektiv səbəbi rayon ərazilərində yerləşən ailə sağlamlıq mərkəzlərinin olduqca dar sahədə xidmət göstərməsi ilə əlaqələndirilir. Yaranmış vəziyyətin aradan qaldırılması üçün ambulator-poliklinik tibb müəssisələrində ilkin tibbi-sanitariya yardımının gücləndirilməsi üçün zəruri addımların atılması təklif olunub.

Eyni zamanda, hazırda tibb müəssisələrində onlayn növbənin tənzimlənməsi məqsədilə “e-Tabib” mobil tətbiqində təkmilləşdirmə işləri aparılır. Belə ki, tibb müəssisələrində onlayn növbə götürmək üçün mobil tətbiqdə bölmə yaradılır. Bölmə tam hazır vəziyyətə gətirildikdən sonra bu barədə ictimaiyyətə məlumat veriləcək. Digər məsələlər xəstəxananın idarəedilməsi ilə bağlı olduğundan aidiyyəti quruma müraciət etməyinizi tövsiyə edirik”.

Afaq MİRAYİQ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR