İnsanlara hürriyət, millətlərə istiqlal!

Nominantlar – “İlin Vudmanı”, “İlin Mata Harisi”, “İlin quşboğanı”...

1166 30.12.2022 11:04 Yazarlar A A

 

Köhnə oxucular bilir: uzun illərdir ilin fərqlənənlərini nominasiyalar üzrə qalib elan edirəm. Açığı, bu, ildən-ilə çətinləşir. Amma yenə də xalqımızın oxumuş və oxumamış təmsilçiləri öz fərqli hərəkətləri və açıqlamaları ilə bizi vaxtaşırı təəccübləndirməkdə davam edirlər.

Ona görə də bu ilin yekununda onların bir qismini aşağıdakı nominasiyalarda qalib elan edirəm:

İlin alaşalvarı – deputat Cavanşir Feyziyev: 19 jurnalisti təhqir etdikdən sonra adları çəkilən və çəkilməyən jurnalistlər tərəfindən alaşalvar edildiyinə görə.

İlin qaçqını – səfir Elmira Axundova: bomba yağan Kiyevdən vaxtında və sağ-salamat qaça bildiyinə görə;

İlin itkini – Hacıbala Abutalıbov: vəzifədən götürüldükdən sonra qeybə çəkildiyinə, harada olduğu bilinmədiyinə görə;

İlin ata Məmmədi – sabiq baş bankir Elman Rüstəmov; nikahdankənar oğluna özünü Məmməd kimi təqdim etdiyinə görə;

İlin çovdarlıqda uçurumdan qorunanı – general Akif Çovdarov: maaşını toplayaraq əldə etdiyi, ancaq müsadirə olunmuş 30 milyonluq əmlakını geri ala bildiyinə görə;

İlin küskünü – Metropolitenin sabiq rəisi Tağı Əhmədov: Çovdarova verdiyi 3 milyonu (toplanmış maaşının məbləğini) hələ də geri ala bilmədiyinə görə;

İlin qayınatadan yarıyanı – İmişlinin sabiq İH başçısı Vilyam Hacıyev: məhkəmədə evindən və kabinetindən çıxan milyonların qayınatasından miras qaldığını söylədiyinə görə;

İlin yatıb yuxu görməyəni - Sabiq nazir Anar Kərimov: mədəniyyət naziri postundan kreslosunu qızdırmamış götürüldüyünə görə;

İlin qurtulmuşu – sabiq DGK sədri Səfər Mehdiyev: Komitə sədri postundan sağ-salamat qurtulduğuna görə;

İlin sudan quru çıxanı – “Azərsu”nun sabiq rəhbəri Qorxmaz Hüseynov: adı bir neçə dəfə yeyinti söhbətlərində çəkilsə də, işi yaş olmadığına görə;

İlin səyyahı - Müdafiə sənayesi nazirinin müavini Yəhya Musayevin həyat yoldaşı Zemfira Musayeva: 1 ildə 53 dəfə (hər həftənin axırı) xarici ölkələrə səfər etdiyinə görə;

İlin mesenatı – Vasif Talıbovun oğlu Rza; Adları tez-tez çəkilən müğənni xanımların sənətlərinə yaxşı qiymət verdiyinə, onların həyat şəraitini yaxşılaşdırdığına görə;

İlin ziyalısı – Hüseynbala Mirələmov: “Sol əlin etdiyini sağ əl bilməməlidir” prinsipi ilə “Şərəfsizlik tarixi” adlı kitab yazdığına görə;

İlin Pyer Vudmanı – FHN-in yanğınsöndürmə idarəsinin polkovniki Zaur Mirzəyev: öz cinsi partnyorları ilə əlaqəsini, necə lazımdır, lentə aldığına görə;

İlin Mata Harisi – müğənni Şəbnəm Tovuzlu: Məşhədi ziyarət etdikdən sonra iki ölkədə casus hesab edildiyinə görə;

İlin xilaskarı – Qapıçı Şahruddin Məhəmmədəliyev; Heç nədən qollar buraxaraq, “Qarabağ”ın bir dəfə ÇL-dən, bir dəfə də Avroliqadan ələnməsinə yardımçı olduğuna, beləliklə də komandanı güclü rəqiblərin caynağından xilas etdiyinə görə;

İlin evyıxanı – Müğənni Müjgan: “Mən sənə aşiq, rəisim, sən mənə aşiq” klipi çəkdirərək bir çox rəislərə ailə-məişət problemi yaratdığına görə;

İlin Kaşşeyi - Sabirabad rayonunun sakini Rafət Qəniyev: maşınını və sükan arxasına qoyduğu ölü iti yandıraraq özü barəsində “ölmüş” sənədi düzəltdirdiyinə və sağ-salamat gəzdiyinə görə;

İlin quşboğanı – Şuşalı və şubalı bibi: Laçın yolunda havaya uçurmaq istədiyi göyərçinin səhhətində problem yaratdığına görə...

Əslində. bunlardan başqa da nominasiyalar vardı, təəssüf ki, bir xeylisi üzrlü səbəblərdən boş qaldı.

Məsələn, “İlin işverəni” nominasiyası ona görə boş qaldı ki, namizədlər çox idi. Hamısı bu il çox əziyyət çəkib, birini seçmək, 50-sini seçməmək haqsızlıq olardı.

“İlin mərdiməzarı” və ya “İlin torbatikəni” nominasiyalarının qalibini necə seçəsən ki, ölkə onlarla doludur, tikə-tikə gedirlər, adlarını çəkərsən, dönüb birini də sənə tikərlər.

“İlin trolu” nominasiyasına iddialıları hamınız tanıyırsınız. Nil çayında timsahların sayı var, bizim sosial şəbəkələrdə trolların sayı yoxdur. Tfu, tfu...

Digər boş qalan nominasiyalar: “İlin zəvzəyi”, “İlin məddahı”, “İlin yaltağı”, “İlin korrupsioneri”, “İlin sitalı”, “İlin quşbeyini”, “İlin ərköyünü”, “İlin gicbəsəri” və s.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR