İnsanlara hürriyət, millətlərə istiqlal!

Nikolun “qəbahətim böyükdür” zəngi: Moskva Ermənistanı bağışlayacaqmı?

1045 25.08.2022 09:30 Yazarlar A A

İki ildir ki, Nikol Paşinyan Vladimir Putini bezdirməkdə davam edir. Təsəvvür edin, Rusiya prezidentinin işi başından aşır, Ukraynadakı müharibənin nə ilə bitəcəyi üzərində baş sındırır, ölüm-itim, milyardlar, sanksiyalar, Duqinanın müsibəti, bu yandan da Nikol zəng edir ki, “Vladimir Vladimiroviç, sən Allah telefonu qapatma, bir-iki kəlmə sözüm var”.

Rəsmi məlumatda da bildirilir ki, tərəflər arasında telefon danışığı rəsmi İrəvanın təşəbbüsü ilə baş tutub və Paşinyanla Putin Qarabağdakı durumu müzakirə ediblər. Azərbaycan aylardır bəyan edir ki, Ermənistan üçtərəfli razılaşmalara əməl etmir, təxribatlar törədir, sülh prosesini uzadır, nəhayət, cığallığa, oyunbazlığa son qoyulmalıdır, yoxsa sonu pis qurtaracaq! Amma İrəvan yenə də müxtəlif bəhanələrlə yekun razılaşmanın imzalanmasını ləngidir, həm Brüsselin, həm də Moskvanın vasitəçiliyi ilə baş tutan üçtərəfli razılaşmaların arxasından qaçmağa cəhd göstərir. Bəs indi Rusiya prezidenti ilə nə müzakirəbazlıqdır?

Rəsmi Bakı qəti və konkret mövqeyini ortaya qoyub, hər hansı geridönüş ola bilməz! Necə ki, demişdi Zabuxdakı gəlmələr rədd olub getməlidirlər, artıq cəhənnəmə doğru yolçuluqları başlayıb! Deyilmişdi ki, Sus kəndi boşadılmalıdır, boşaldılır! Laçın şəhərinin avqustun sonlarınadək təhvil verilməsi şərti qoyulmuşdu, Ermənistan çox burcutsa da, bundan da qaça bilmədi və Azərbaycan bayrağının 30 il 3 aydan sonra Laçın şəhərinin mərkəzində dalğalanmasına sayılı günlər, bəlkə də saatlar qalıb!

Zabuxda daşnak Andranikə cangüdənlik edən Putin əsgəri...-Nə demək  istəyirsən?..

Azərbaycan Prezidentinin “Əziz Laçın, sən azadsan” deməsinə, mübarək twit-in atılmasına da həmçinin! Bu sətirləri yazarkən sülhməramlıların Laçın dəhlizindəki postunu sökdükləri barədə kadrlar yayıldı.  

Ermənilər panikadadırlar... Azərbaycanla zarafatın mümkün olmadığını artıq anlayırlar. Srağagün Ermənistanda hay-küy başlamışdı, Azərbaycan ordusunun Dilican-Zəngəzur istiqamətində irəlilədiyi barədə şayiələrdən təşvişə düşən haylar hökumətdən məsələyə aydınlıq gətirilməsini istəyirdilər. Ölkənin müdafiə naziri məcbur oldu ki, erməniləri sakitləşdirsin.

Təkcə bu da deyil. Ermənistandakı əhali başa düşür ki, daha qatar getdi. İndi xilas yolu axtarırlar, bilmirlər kimin üstünə getsinlər, kimə minnətçi düşsünlər, kimdən nicat diləsinlər. Ancaq bu bədbəxtlərə hələ də çatmır ki, xilas yolu Azərbaycan və Türkiyəyə qarşı kifli, saxta, xəstə iddialara son qoymaqdır! Hələ anlamırlar ki, onlar tarix boyu “samovar qaynatmaq istəyənlər”in əlində “maşa” olublar. Əgər ənənəvi mövqelərini dəyişməsələr, özlərindən küssünlər!

Görünən budur ki, dəyişmək istəmirlər. 30 il əvvəl azərbaycanlıların evlərini yandıran ermənilər Laçından cəhənnəm olub getdikləri zaman da yanğınlar törədirlər. Gördünüzmü əsə-əsə əlindəki benzini evə səpən 86 yaşlı gorbagoru?! Bu, hələ ermənilərin yaşlısıdır, cavanların başına ağıl qoymaq, ədavətə son verilməsini məsləhət görmək əvəzinə, düşmənçiliyin davam etdirilməsi üçün közərmiş ocağın üstünə benzin səpir...Bu səhnə 1988-ci ildə, Spitak və Leninakan zəlzələsi zamanı dağıntılar altından çıxarılan erməni qarının dediklərini xatırlatdı mənə. Daşların altından çıxarılan kaftar “Artsax nə oldu”, - deyə soruşmuşdu. Bax, ermənilərin, erməniçiliyin mahiyyəti budur!

Şübhə etmirəm ki, Nikol Paşinyan Putinə günahlarının bağışlanması üçün zəng edib, Qarabağ üçün yox. Çünki Qarabağdakı proseslərə kimsənin müdaxilə imkanı yoxdur, Azərbaycan nə deyirsə, olacaq! Ötən həftə İrəvanın “Sürməli” bazarında törədilən yanğına görə ermənilər Rusiyanı ittiham etmişdilər, hətta Rusiya XİN Ermənistana nota verdi, ardınca “cavab gözləyirik” dedilər. Deməli, Nikol Putinə zəng etməklə “qəbahətim böyükdür” demək istəyib. Maraqlıdır, Rusiya Ermənistanı bağışlayacaqmı?

Laçında və Zabuxda qanunsuz məskunlaşmış hayların son durumu…-Köç  başladı…-VİDEO

Əslində Rusiya prezidenti də Paşinyan başda olmaqla, bütün erməniləri yaxşı tanıyır, bilir ki, onların zəhlətökən telefon zənglərinə ayrılan vaxt sadəcə, itkidir, amma yenə də dinləyir. Çünki Rusiyanın da ənənəvi maraqları var. Avqustun 22-də Qarabağdakı erməni sarsaqlar Xankəndi küçələrində 100 metrlik Rusiya bayrağını açmışdılar. Rusiyadan əfv diləmək üçündür həm də... Ermənilər yerbəyerdən “Qarabağ Rusiyanın tərkibində olsun”, sarsaqlamasına başlayıblar. Rus sülhməramlıların eyni gündə “artsax” adlı qondarmaların oyuncaq “deputat”larını qəbul etmələri, onlara bəzi vədlər vermələri də Rusiyanın ikili oyunlarından xəbər verir. Ermənilərə deyirlər ki, Laçın dəhlizindəki postlarımızı söküb yeni yolda quracağıq, yenə də 5 km enində təhlükəsizlik zolağı olacaq və s. Bütün bunlar bəllidir. Amma unutmamalıdırlar ki, Azərbaycan ərazisində yerləşiblər, günün birində “gedin evinizə” tələbi qarşısında qalacaqlar...

Avqustun 22-də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin əməkdaşları yerli erməni mütəxəssislərinin iştirakı ilə Qarabağın keçmiş Mardakert (Ağdərə) rayonunda  yerləşən Sərsəng su anbarına baxış keçiriblər. Hesab olunur ki, bu hadisə son dərəcə əhəmiyyətli sayıla bilər, çünki Qarabağ erməniləri ilə Azərbaycanın dövlət strukturları arasında 30 ildə əməkdaşlığın başlanmasının ilk sübutudur. Bu su anbarı 1976-cı ildə tikilib və onun tutumu 560 milyon kubmetrdir. Anbar suları vaxtikən Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Yevlax və Goranboyda 96 min hektar əkin sahəsini suvarıb. İşğal dövründə və ondan sonrakı dönəmdə isə erməni separatçılar Sərsəngin suyundan təzyiq vasitəsi kimi istifadə ediblər bizə qarşı. Azərbaycan nümayəndələrinin Sərsəngə baxış keçirməsi FHN əməkdaşlarının Laçın və Zabuxda növbə çəkməsi ilə eyni vaxta təsadüf etdi. Deməli, hər şey plan üzrə gedir. Yanğın törədilərsə, yanğınsöndürənlərimiz dərhal hadisə yerində olacaqlar. Yanğının söndürülməsi üçün suyun götürüləcəyi ünvanlardan biri də Sərsəng anbarıdır, sözün bütün mənalarında. Min hektarlarla ərazimiz quraqlıqdan yanır illərdir, ermənilərin nazı ilə oynayası deyilik ki. Həm də hələ illər öncə AŞ PA Sərsəng Su Anbarının Azərbaycanın tabeçiliyinə verilməsi barədə qətnamə qəbul etmişdi. Azərbaycan AŞ PA qənaməsini də yerinə yetirir, səssiz-səmirsiz. Kim əksini iddia edə bilər? Erməni mənim evlərimi, meşələrimi yandırsın, mən dəryaçanı onun ixtiyarına buraxım?! Olmaz! Bundan sonra heç olmaz!..

Elşad PAŞASOY

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR