İnsanlara hürriyət, millətlərə istiqlal!

Nigar Köçərli Fransanın “Cəngavər” ordeninə layiq görüldü FOTO

929 05.05.2023 16:48 Mədəniyyət A A

“600 dollarla biznesə başladım, indi 10 mağazam, 200 işçim var...”

“Əli və Nino” kitab mağazaları şəbəkəsinin və Milli Kitab Mükafatının təsisçisi Nigar Köçərli Fransanın İncəsənət və Ədəbiyyat Ordeninin (Ordre des Arts et des Lettres) “Cəngavər” rütbəsini alıb.

Musavat.com xəbər verir ki, təqdimat ötən gün Fransanın Bakıdakı səfirliyində keçirilib. Ordeni Nigar Köçərliyə Fransanın Azərbaycandakı səfiri Ann Buayon təqdim edib.

Nigar Köçərli bu barədə təəssüratlarını sosial şəbəkədə qeyd edib:

“Mənim üçün Fransanın bu ali mükafatını almaq böyük şərəfdir. Gözlənilməz olduğu üçünsə ikiqat dəyərlidir. Onu da qeyd edim ki, bu, həyatımda aldığım ilk mükafatdır.

Mən uşaqlıqdan kitab içində böyümüşəm. Ətrafımda hər zaman kitab olub, eyni vaxtda üç kitabxananın üzvü olmuşam, həftəyə 2-3 kitab oxumuşam. Böyüyəndə gördüm ki, mənim mühitimlə ətrafdakı reallıq arasında böyük ziddiyyət var. Anladım ki, kitab azərbaycanlının həyatından tamamən silinmək üzrədir. Kitab mağazaları yoxdur, kitab oxuyanlar azalıb, cəhalət inkişaf edir. Elə o vaxtdan da həyatımı kitaba həsr etdim.

Yığdığım 600 dollarla kitab biznesinə başladım. Hazırda “Əli və Nino” şəbəkəsi 10 mağazadan ibarətdir, 200-dən çox zəhmətkeş kitabsevər əməkdaşımız var. Biz kitab festivalları, oxu saatları, imza günləri təşkil etməklə kitab mədəniyyətini təbliğ edirik.

Ən böyük arzum odur ki, Azərbaycanın hətta ən ucqar kəndlərində belə kitabxana olsun.

Bizim dünyamızda qadın olmaq, bir işin önündə getmək asan deyil. Əgər Azərbaycan tarixində daha ağır, daha təhlükəli şəraitdə çalışıb insanları irəli aparan cəsur Azərbaycan qadınları - Həmidə xanım Cavanşir, Natəvan, Banin - olmasaydı, bu gün biz belə mükafatları ala bilməzdik. Mən onların qarşısında baş əyirəm”.

Xatırladaq ki, ötən il bu mükafata “Qanun” Nəşrlər Evinin sahibi Şahbaz Xuduoğlu layiq görülmüşdü.

Xalidə Gəray
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR