İnsanlara hürriyət, millətlərə istiqlal!

Nərimanov İcra Şöbəsi önündə aksiya keçiriləcək – İLGİNC TƏLƏB

2811 21.05.2024 13:05 Kriminal A A

“MTN işi” üzrə zərərçəkənlər Nərimanov Rayon İcra Şöbəsinin önündə aksiya keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova müraciət ünvanlayıblar.

Bu haqda Musavat.com-a iş üzrə zərərçəkənlərdən Hüseyn Səfərov məlumat verib.

O deyib ki, aksiyada “İcra məmuru Rəfayıl Səfərovun qanunsuzluqlarına son qoyulsun”, “Hörmətli Fərid Əhmədov, Nərimanov İcra Şöbəsindəki qanunsuzluqların qarşısı alınsın” tələbləri yer alan transparantları qaldırılacaq.

Hüseyn Səfərovun sözlərinə görə, ədliyyə naziri Fərid Əhmədova da məktubla müraciət ediblər. Onlar Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Rəfayıl Səfərovun qanunsuz hərəkətlərindən şikayətçidirlər:

“2022-ci ilin sentyabrında Bakı Hərbi Məhkəməsində (sədrlik edən hakim Elbəyi Allahverdiyev) ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin keçmiş rəisi Mövlam Şıxəliyev, idarənin şöbə rəisləri – Sahib Ələkbərov, Yasin Məmmədov və Vüsal Ələkbərovun barəsində hökm çıxarılıb. Hökmə əsasən, Mövlam Şıxəliyev 12, keçmiş şöbə rəislərindən Vüsal Ələkbərov 11 il 2 ay, Yasin Məmmədov 10 il 6 ay, rəis müavini Sahib Ələkbərov isə 8 il azadlıqdan məhrum ediliblər. Eyni zamanda məhkəmə 16 nəfər zərərçəkmiş şəxsin mülki iddialarını da təmin edib. Lakin Mövlam Şıxəliyev havadarları hesabına uzun müddət – 2 ildən bir qədər artıq icra işinin təşkil edilməsini və hərracın keçirilməsini əngəlləyə bildi. Uzun fasilədən sonra, 7 mart 2024-cü ildə nəhayət ki, hərrac baş tutdu və Mövlam Şıxəliyevə məxsus əmlaklar hərracdan satılmağa başladı. Hazırda da əmlaklarla bağlı dövri olaraq hərrac keçirilir və müsadirə olunaraq hərracdan satılan əmlakların dəyəri Nərimanov rayon icra şöbəsinin depozit hesabına köçürülür.

Artıq depozit hesaba 2 milyon manatdan artıq məbləğ yığılsa da, icra məmuru Rəfayıl Səfərov həmin vəsaiti biz zərərçəkənlərin hesabına köçürməkdən yayınır. Bu isə “İcra haqqında” Qanunu tapdalamaqdır. Ədliyyə Nazirliyi İcra Baş İdarəsində bu məsələ ilə bağlı 3 dəfə qəbulda olmuşam. İcra məmuru Rəfayıl Səfərovun qanunsuzluğunun qarşısını alınmasını xahiş etmişəm. Lakin hər dəfə ümumi sözlərlə qanunsuzluqla bağlı tədbir görüləcəyini bildirib, faktiki olaraq heç bir tədbir görülməyib.

İLGİNC.jpeg (89 KB)

Ədliyyə Nazirliyi İcra Baş idarəsinin hərəkətsizliyi Nərimanov Rayon icra şöbəsi, icra məmuru Rəfayıl Səfərovu daha da ruhlandırıb. Açıq şəkildə deyir ki, Ədliyyə Nazirliyi İcra Baş İdarəsindən mənə şifahi göstəriş verilməsə, sizə 1 qəpik də ödənməyəcək. Onun nəzərinə çatdırdım ki, mayın 23-də Ədliyyə Nazirliyi İcra Baş İdarəsi rəisinin qəbulunda olacağam. Bu dəfə də deyir ki, rəis vəzifəsində 23-nə qədər qalsa, qəbuluna düşərsən!

Ədliyyə Nazirliyi İcra Baş İdarəsi, Nərimanov Rayon İcra Şöbəsi “İcra haqqında” Qanunu bir kənara qoyub öz istədikləri kimi qanunsuzluq edirlər. Bir ağızdan deyirlər ki, müsadirə olunan və hərracdan satılması nəzərdə tutulan əmlaklar tam olaraq satılmasa, bizim hesabımıza vəsait köçürülməyəcək. “İcra haqqında” Qanunda isə belə bir tələb və qayda müəyyən olunmayıb. Əmlaklar hərracdan satılırsa, əldə olunan vəsait hər bir zərərçəkənə vurulmuş ziyan civarında mütənasib şəkildə bölünməlidir. Nərimanov Rayon İcra Şöbəsi isə 2 aydır ki, bunu etməkdən yayınır. Baş verənlər qanunsuzluqdur və Ədliyyə Nazirliyinin birbaşa müdaxiləsi tələb olunur. Buna görə də möhtərəm cənab Prezident İlham Əliyevdən, ədliyyə naziri Fərid Əhmədovdan xahiş edirik ki, üzləşdiyimiz qanunsuzluqlarla bağlı ölçü götürülməsi üçün tapşırıq verilsin. Özəlliklə ədliyyə nazirindən xahiş edirik ki, “İcra haqqında” qanunları heçə sayan Nərimanov Rayon İcra Şöbəsində xidməti yoxlama aparılsın və qanunsuzluq tez biz zamanda aradan qaldırılsın. Sizdən dönə-dənə xahiş edirik ki, məsələni şəxsi nəzarətə götürün və Bakı Hərbi Məhkəməsinin Azərbaycan Respublikası adından çıxardığı hökmün icrası nəhayət ki, təmin olunsun”.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR