İnsanlara hürriyət, millətlərə istiqlal!

Nəhəng “yaşıl enerji” dəhlizi projesi - ABŞ-la əməkdaşlıq imkanları

546 22.02.2024 11:23 İqtisadiyyat A A

İlham Şaban: “Azərbaycan yaşıl enerji layihələrinə Vaşinqtondan dəstək alacaq”

Azərbaycanın energetika naziri Pərviz Şahbazovun ABŞ-a səfəri davam edir. Səfərin ikinci günü nazir ABŞ-ın paytaxtı Vaşinqtonda fəaliyyət göstərən nüfuzlu analitik mərkəzlərdən biri olan “Atlantik Şura”nın təşkil etdiyi müzakirələrdə iştirak edib. 

Atlantik Şuranın Qlobal Enerji Mərkəzinin baş direktoru Landon Derentzin moderatorluğu ilə işgüzar nahar formatında aparılan müzakirələrdə mühüm geosiyasi mövqedə yerləşən Azərbaycanın enerji resursları, xüsusilə Cənub Qaz Dəhlizi ilə Avropanın enerji təchizatının təhlükəsizliyində oynadığı strateji rolundan bəhs edilib. COP-29 ölkəsi olaraq Azərbaycanın milli və qlobal səviyyədə enerji keçidinin sürətləndirilməsi, dekarbonizasiya, metan emissiyalarının azaldılması və iqlimin maliyyələşməsi məsələlərinə dair siyasəti, bərpa olunan enerjinin inkişafı ilə bağlı kursu nəzərdən keçirilib.

Pərviz Şahbazov ABŞ Administrasiyası ilə görüşlər keçirir - ANS - Xəbərlər

Müzakirələr zamanı Azərbaycanın müstəqil enerji siyasətinin ilk vaxtlardan Birləşmiş Ştatlarla sıx tərəfdaşlıq əsasında inkişaf etdirildiyini vurğulayan energetika naziri Pərviz Şahbazov ölkəmizin hər zaman enerji təhlükəsizliyi təşəbbüslərinin reallaşmasında, Xəzərin neft-qaz resurslarının dünya bazarlarına çıxarılmasında bu tərəfdaşlığın müstəsna əhəmiyyət daşıdığını qeyd edib. Nazir hazırda Azərbaycanın neft-qazdan sonra bərpa olunan enerjinin təchizatçısına çevrilmək, bu enerjini də Avropaya nəql etmək üçün nəhəng “yaşıl enerji” dəhlizini həyata keçirmək istiqamətində mühüm addımlar atdığını qeyd edib. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2030-cu ilədək Azərbaycanın “yaşıl artım” ölkəsi kimi inkişafını prioritetləşdirən dövlət siyasəti enerji sektorunun transformasiyasına güclü təkan verib. Azad edilmiş ərazilərin “yaşıl enerji zonası” kimi inkişafı, sənaye miqyaslı “yaşıl enerji” layihələrinin beynəlxalq enerji şirkətləri ilə həyata keçirilməsi, energetika sahəsində köklü dəyişiklikləri təşviq edən islahatların aparılması, habelə ölkəmizin emissiyaların azaldılması ilə bağlı təşəbbüslərə qoşulması Azərbaycanın “yaşıl gündəliy”inin icrasında qərarlı olduğunu göstərir. 

Nazir enerji keçidi və iqlim hədəflərinə nail olmaq üçün maliyyələşmə ilə bağlı qlobal həmrəyliyin vacibliyini qeyd edib. Bildirilib ki, Azərbaycan “yaşıl enerji”nin inkişafının sürətləndirilməsi və ekoloji tarazlığın qorunması üzrə beynəlxalq səylərə uğurla rəhbərlik edəcək.

Energetika naziri ABŞ Enerji Departamentinin katibi Cennifer Qranholm ilə də görüşüb. Görüşdə ikitərəfli enerji əməkdaşlığının yeni mərhələdə inkişafı, təbii qaz və “yaşıl enerji”nin tədarükü, həmçinin COP-29-la bağlı məsələlər müzakirə edilib. Rəsmi məlumata görə, Azərbaycanın ənənəvi enerji təchizatçısı kimi həyata keçirdiyi enerji təhlükəsizliyi layihələri, eləcə də “Xəzər-Qara dəniz-Avropa” və “Mərkəzi Asiya-Azərbaycan-Avropa” “yaşıl enerji” dəhlizlərinin inkişafına dair fikir mübadiləsi aparılıb. Bu dəhlizlərin əhəmiyyəti regionlararası inteqrasiya, enerji təhlükəsizliyi və enerji keçidi aspektində dəyərləndirilib.

Həmçinin COP-29-a sədrlik edən ölkə kimi Azərbaycanın bərpa olunan enerji və enerji keçidi istiqamətlərində gördüyü tədbirlərdən, qlobal iqlim məqsədlərinə nail olmaq üçün səylərindən danışılıb. 2027-ci ilədək 2 QVt “yaşıl enerji” istehsal güclərinin enerji sisteminə inteqrasiyası nəticəsində qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 33 faizə çatacağı qeyd edilib. Ölkəmizin sosial-iqtisadi inkişaf strategiyası, azad edilmiş ərazilər və Naxçıvanın “yaşıl enerji zonası”na çevrilməsinin “yaşıl enerji” keçidini təşviq etdiyi qeyd edilib.

Pərviz Şahbazov ABŞ Administrasiyası ilə görüşlər keçirir - ANS - Xəbərlər

 

Söhbət zamanı enerji saxlanc sistemləri, emissiyaların azaldılması və Azərbaycanın COP çərçivəsində təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb, mümkün tərəfdaşlıq formaları nəzərdən keçirilib.

P.Şahbazovun daha bir görüşü Dövlət Departamentində ABŞ prezidentinin iqlim üzrə xüsusi nümayəndəsinin müavini Rik Dyuk və ABŞ dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyatt ilə olub. ABŞ prezidentinin iqlim üzrə xüsusi nümayəndəsinin müavini Rik Dyuk ilə görüşdə COP-29 tədbirinə sədrliyi dövründə Azərbaycanın “yaşıl enerji” keçidini sürətləndirən kursu, Milli Səviyyədə Müəyyən Olunmuş Töhfələr (NDC), “yaşıl enerji” dəhlizi üzrə ABŞ ilə əməkdaşlığa dair məsələlər müzakirə edilib.

Məlumata görə, Azərbaycanın “yaşıl inkişaf”ına nail olmaq məqsədilə qısa müddətdə enerji sahəsində yeni qanunvericilik bazasının yaradıldığı, elektrik enerjisində bərpa olunan enerjinin payının artırılması və neft-qaz əməliyyatlarının, o cümlədən Səngəçal terminalının karbonsuzlaşdırılması üçün 2027-ci ilədək 8 sənaye miqyaslı elektrik stansiyasının istismara veriləcəyi bildirilib. Həmçinin Xəzər dənizinin 157 QVt külək enerjisi potensialı əsasında “yaşıl elektrik enerjisi” və “yaşıl qaz”ların ixracı məqsədilə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı əhatə edən “yaşıl enerji dəhlizi”nin icra olunduğu qeyd edilib. ABŞ ilə bu enerji dəhlizi üzrə əməkdaşlıq imkanları nəzərdən keçirilib. Bundan başqa, SOCAR-ın “Neft və Qazın Dekarbonizasiyası Xartiyası”na (OGDC) qoşulması, məşəldə yandırmaları sıfıra endirmək, sıfır metana çatmaqla bağlı hədəfləri ölkəmizin iqlim dəyişikliyinə qarşı mübarizə tədbirlərinə sadiqliyinin göstəricisi kimi dəyərləndirilib.

Pərviz Şahbazov ABŞ Administrasiyası ilə görüşlər keçirir - ANS - Xəbərlər

 

ABŞ dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyatt ilə görüşdə isə müasir enerji təhlükəsizliyi çağırışları kontekstində Cənub Qaz Dəhlizi kimi enerji təchizatını şaxələndirən infrastrukturların inkişafı əsas müzakirə mövzusu olub. Azərbaycanın hazırda 8 ölkəyə qaz təchiz etdiyi, əlavə qaz tədarükünün Cənub Qaz Dəhlizi ilə yanaşı, “Həmrəylik Halqası”nın ötürücülük gücünün artırılmasını tələb etdiyi qeyd edilib. Cənub Qaz Dəhlizinin birinci mərhələsində olduğu kimi genişləndirilməsi prosesinə də ABŞ-ın dəstəyi istiqamətində əməkdaşlıq edilməsi razılaşdırılıb.

Energetika naziri ABŞ prezidentinin xüsusi məsələlər üzrə köməkçisi, Milli Təhlükəsizlik Şurasının iqlim və enerji üzrə baş direktoru Sarah Ladislav ilə görüşdə Cənub Qaz Dəhlizinin inkişafını müzakirə edib. Nazirin X sosial şəbəkəsindəki hesabında etdiyi paylaşımda görüşdə müzakirə olunan məsələlər barədə məlumat verilib: “Ağ Evdə ABŞ prezidentinin xüsusi məsələlər üzrə köməkçisi, Milli Təhlükəsizlik Şurasının iqlim və enerji üzrə baş direktoru Sarah Ladislav ilə görüşdə CQD-nin inkişafı, Avropaya qaz tədarükünün artırılması, yaşıl enerji ixracı, metan emissiyalarının azaldılmasını müzakirə etdik”.

İlham Şaban: “SGC Azərbaycanın etibarlı partnyor statusunu bir daha təsdiq  edir” – Caspian Barrel

İlham Şaban

Göründüyü kimi, P.Şahbazovun ABŞ-a səfəri zamanı Azərbaycanla ABŞ arasında enerji sahəsi üzrə çoxşaxəli əməkdaşlıq məsələləri müzakirə olunub. Enerji məsələləri üzrə ekspert İlham Şaban bildirir ki, səfər proqramından onun çox əhatəli hazırlandığı açıq hiss olunur: “Energetika nazirinin başçılıq etdiyi nümayəndə heyətinin okeanın o tayındakı görüşlərinə nəzər salsaq, 2 gündə 4 görüş keçirildiyi, 1 tədbirdə iştirak edldiyini görərik. İlk görüş Dünya Bankının yüksək səviyyəli rəsmisi ilə olub. Görüşdə müzakirə olunan məsələlərdən birincisi Azərbaycanın çoxşaxəli enerji layihələridir. Buna da iki istiqamətdə diqqət yetirilib: ənənəvi enerji, enerji keçidi, enerji səmərəliliyi məsələləri, ikincisi isə Azərbaycanın COP-29-a ev sahibliyi məsələsi. Dünya Bankı Azərbaycana yaşıl enerji keçidi üzrə prosesdə dəstək verəcəyini vəd edib. Görüşdə konkret layihə üçün vəsait ayrılmasından söhbət getməyib. Sonrakı görüşlərdəki müzakirələrdən gəldiyim qənaət budur ki, səfərin əsas məqsədi Azərbaycanın yaşıl enerji keçidi sahəsində hansı işlər görmək istədiyi barədə ABŞ hökumətində dolğun təsəvvür formalaşdırmaqdır. Bu zaman əsas diqqət Azərbaycanın nə etdiyi, yaxın və ortamüddətli dövrdə nə etməyi planlaşdırdığı, planlaşdırılan layihələrin məqsədi, onlardan əldə olunacaq nəticələr barədə ətraflı məlumatların təqdim olunmasına yönəldilib. Eyni zamanda beynəlxalq qurumların Azərbaycanın alternativ enerji istehsalı potensialına dair tədqiqatlarının nəticələri diqqətə çatdırılıb. Bunlar 157 MVt dənizdə külək enerjisi, quruda 30 MVt günəş və külək enerjisi, 10 MVt azad olunan ərazilərdə alternativ enerji istehsalı potensialıdır. Bunları beynəlxalq sahə qurumları hesablayıblar. Azərbaycan 2027-ci ilədək 8 iri bərpa olunan enerji istehsalı stansiyasını işə salacağını bəyan edir. Bunun birini 2023-cü ildə açılıb. 2025-ci ilədək 2 yeni stansiya istifadəyə veriləcək: Cəbrayılda BP-nin qurduğu günəş ES, Xızı-Abşeronda Səudiyyə Ərəbistanının ACWA Power şirkətinin qurduğu 240 MVt-lıq külək ES. Növbəti 2 ildə Birləşmiş Ərəb Əmirliklərinin ”Masdar" şirkəti ilə müqavilələr əsasında qurulacaq 3 stansiya da istifadəyə veriləcək. Bundan əlavə, 2024-cü ilin sonunadək işğaldan azad olunmuş ərazilərdə 32 kiçik SES istismar olunacaq. Üstəlik, Sərsəng su anbarındakı stansiyanın gücündən də istifadə olunacaq. Bütün bunları nəzərə alsaq, yaxın 3 ildə Azərbaycanın alternativ mənbələrdən aldığı enerjinin həcmi ən pis halda 3 milyard kVt/saat olacaq".

Ekspert P.Şahbazovun ABŞ-dakı digər görüşlərində Azərbaycanın enerji bazarındakı yeri və rolu, yaşıl enerji layihələrinin müzakirəsini mühüm hesab edir: “Bu müzakirələr Ağ Evdə keçirilən görüşlərdə də aparılıb. Qarşı tərəf COP-29-la bağlı Azərbaycana öz dəstəyini ifadə edib. "Atlantik Şura"nın təşkil etdiyi müzakirələrdə Azərbaycanda sırf yaşıl enerji keçidi prosesinə cavabdeh olan şəxslər iştirak edib. Azərbaycan ənənəvi enerji mənbəyi rolunu yaşıl enerji mənbəyi roluna keçirir. Bu, qlobal yaşıl keçidlə eyni zamanda baş verir. ABŞ enerji təhlükəsizliyi, enerji əməkdaşlığı sahəsində daim Azərbaycana tam dəstək verib, münasibətlərdəki eniş-yoxuşlar buna təsir etməyib. Rəsmi Bakı da bu dəstəyi həmişə yüksək qiymətləndirib. Azərbaycan belə bir dəstəyin yaşıl enerji layihələrində də olmasını istəyir. Səfərin əsas məqsədi məhz bu dəstəyin əldə olunmasıdır. Verilən açıqlamalardan gəldiyim qənaət budur ki, ABŞ Azərbaycana yaşıl enerji layihələrinin icrasında da dəstəyini əsirgəməyəcək".

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR