İqtisadçı: “Trampın neftlə bağlı açıqlamalarının özünü doğrultmadığını görəcəyik və...”
Neft qiymətləri bazar ertəsi ardıcıl üçüncü sessiyada bahalaşaraq son dörd ayın ən yüksək səviyyəsinə çatıb, Brent markalı neftin bir barelinin qiyməti 81 dollardan yuxarı qalxıb. Qiymət artımına Rusiyanın Çin və Hindistana neft ixracına mənfi təsir edəcəyi gözlənilən ABŞ-ın daha geniş sanksiyaları səbəb olub.
Bakı vaxtı ilə saat 10:40-a olan məlumata görə, Brent markalı neftin fyuçersləri 1,47 dollar (1,84 faiz) artaraq 81,23 dollar/barelə bərabər olub. Qiymətlər avqustun 27-dən bəri ən yüksək həddə çataraq 81,49 dolları görüb. ABŞ-ın West Texas Intermediate markalı xam nefti (WTI) 1,55 dollar (2,02 faiz) bahalaşaraq oktyabrın 8-dən bəri ən yüksək həddə - 78,39 dollara çatıb.
Brent və WTI neftinin qiymətləri yanvarın 8-dən etibarən 6 faizdən çox artıb. Cümə günü ABŞ Maliyyə Nazirliyinin Rusiya neftinə qarşı daha əhatəli sanksiyalar elan etməsi qiymət artımına təkan verib. Yeni sanksiyalar Rusiya hasilatçıları “Qazprom Neft” və “Surqutneftegas”ı, həmçinin Rusiya neftini daşıyan 183 gəmini hədəf alıb. Bu addım Moskvanın Ukraynadakı müharibəsini maliyyələşdirmək üçün istifadə etdiyi gəlirləri məhdudlaşdırmaq məqsədi daşıyır.
Ekspertlər yeni sanksiyaların Rusiyanın neft ixracına ciddi təsir edəcəyini, bunun da Çin və Hindistan kimi dünyanın ən böyük neft idxalçılarının Yaxın Şərq, Afrika və Amerika kimi digər mənbələrdən neft tədarük etməsinə səbəb olacağını bildiriblər. Bu da qiymətlərin və nəqliyyat xərclərinin artmasına səbəb olacaq.
Neft qiymətləri niyə bahalaşır?
Yada salaq ki, Tramp öz seçkiqabağı vədlərində cəmi bir il içərisində neftin qiymətini ikiqat ucuzlaşdıracağını, qiymətləri təqribən 40 dollara endirəcəyini bildirmişdi. Bir sıra təşkilatlar da neft qiymətlərinin 40 dollaradək enəcəyi haqda proqnozlar verirdilər. OPEC+ hasilata mövcud könüllü məhdudiyyətlərdən imtina edərsə, dünya bazarında neftin qiyməti 2025-ci ildə bir barel üçün 40 dollara düşə bilər. Bu proqnozla tanınmış analitiklər çıxış etmişdilər. OPIS-in enerji təhlili rəhbəri Tom Kloza bunları demişdi: 2025-ci ildə neftin qiymətləri ilə bağlı son illərdə - Ərəb baharından bəri xatırlaya biləcəyim bütün illərdən daha çox narahatlıq var".
Avrasiya Qrupunun Enerji, İqlim və Resurslar Departamentinin rəhbəri Henning Gloystein isə qeyd etmişdi ki, 2025-ci ildə neftə tələbat artımının gündə 1 milyon bareldən az olacağını nəzərə aldıqda, OPEC+ məhdudiyyətlərinin 2025-ci ildə tam geri qaytarılması “şübhəsiz ki, neft qiymətlərinin çox kəskin azalmasına, bəlkə də bir barel üçün 40 dollara qədər enməsinə gətirib çıxaracaq.”
Eldəniz Əmirov
İqtisadçı Eldəniz Əmirov mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bildirib: “Öncə onu qeyd etmək lazımdır ki, son dövrlər neftin qiymətinin ucuzlaşması tendensiyası bilavasitə Trampın "tvit"ləri, onun seçki kampaniyası öncəsi istifadə etdiyi ifadələr, onun prezident seçiləcəyi təqdirdə ondan olan gözləntilər idi. Daha sonra o, prezident seçildiyi üçün artıq neft qiymətləri daha da enməyə başladı. Çünki Trampın neft hasilatını ABŞ-da artıracağını və neftin mümkün qədər enməsi üçün əlindən gələni edəcəyinə dair açıqlamaları bu imkanı yaratmışdı. Lakin digər tərəfdən, Rusiyaya qarşı sanksiyalar artırılır, Rusiyanın tankerlərinə yeni sanksiyalar tətbiq edilməsi artıq elan olunan kimi, neft qiymətlərində artım dinamikası müşahidə edilməyə başladı. Bu isə birmənalı olaraq təklifin məhdudlaşdırılması nəticəsini yaradır. Təklifin məhdudlaşdırılması isə tələbi bir az da artırır".
İqtisadçı əlavə edib ki, bu il yanvarın sonuna doğru neft qiymətlərində yenə də artımlar müşahidə ediləcək: “Trampın neftlə bağlı açıqlamalarının özünü doğrultmadığını görə biləcəyik. Yəni neft qiymətlərinin aşağı salınması üçün konkret addımların atılmaması nəticədə neftdə olan investorların marağını daha da artıracaq. Bir tərəfdən də dünya iqtisadiyyatı inkişaf etdikcə gündəlik tələbatlar artmaqda davam edir. Belə bir fonda, neft qiymətlərinin aşağı səviyyədə saxlanılması, neft ixrac edən ölkələrə sanksiyalar tətbiq edilməsi və neftin qiymətini qalxmağa qoymamaq çox çətin bir prosesdir. Buna görə də hesab edirəm ki, yanvarın sonlarına doğru neft qiymətlərində müəyyən artımlar müşahidə olunacaq”.
Onu da nəzərə çatdıraq ki, son illər Azərbaycan neftdən asılılığını azaltmağa çalışsa da, hələ də ölkə iqtisadiyyatı neftdən kəskin asılıdır. Bu mənada dünya bazarında neftin qiyməti Azərbaycan iqtisadiyyatı üçün vacib məsələdir.
Ekspertlərə görə, neftin qiymətinin bahalaşması ölkəmiz üçün sərfəlidir. Belə ki, neft qiymətlərinin artması dövlət büdcəsindən xərcləmələr üçün, xüsusən də fiskal öhdəliklərin vaxtında və nəzərdə tutulan məbləğdə həyata keçirilməsi baxımından imkanlar yaradır. Bu, həm işğaldan azad edilmiş ərazilərin bərpasının maliyyə baxımından təminatı üçün vacibdir, digər tərəfdən, dövlət büdcəsindən maliyyələşən layihələrin icrasına, o cümlədən, sosial proqramların maliyyələşməsinə müsbət təsir göstərir. Yüksək neft qiymətləri xarici valyuta ehtiyatlarımızın artması baxımdan da əhəmiyyətlidir.
Əməkhaqqı və pensiyaların mütəmadi artırılması sosial siyasətin əsas prioritetlərindədir. Gələn ilin yanvar ayında bütün növ əmək pensiyaları indeksasiya edilərək artırılacaq. Digər sosial istiqamətlərdə artımlar da əsas hədəflər sırasındadır. Bu baxımdan, fiskal gəlirlərimizin artması sosial təminatın güclənməsi üçün də yeni imkanlar yaradır.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”