İnsanlara hürriyət, millətlərə istiqlal!

Neft Fondunun hesabatı: qızılda yarım milyard zərər, mənfəətdə 71 faiz azalma

1531 06.09.2022 08:20 İqtisadiyyat A A

Ekspertlərə görə, fond hesabatlılığı genişləndirməlidir

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2021-ci ildəki maliyyə fəaliyyətinə dair auditor yoxlamasının nəticələri açıqlanıb.  PWC beynəlxalq audit şirkətinin apardığı auditin nəticələrindən aydın olur ki, ötən il fondun xalis mənfəəti 1 milyard 556,203 milyon manat təşkil edib ki, bu da 2020-ci ilin göstəricisindən 71 faiz azdır.

ARDNF-nin internet saytında dərc edilmiş maliyyə hesabatına əsasən, ötən il fondun əməliyyat gəliri 70,6 faiz azalmaqla 1 milyard 568,011 milyon manat təşkil edib. İl ərzində fondun məzənnə fərqindən gəlirləri 1 milyard 504,135 milyon manat məbləğində (artım 21 faiz) olub.

2021-ci ildə ARDNF-nin faiz gəlirləri 93,3 faiz azalaraq cəmi 4 milyard 329 milyon manat, dividend gəlirləri 50,5 faiz artaraq 513,091 milyon manat, icarə gəlirləri 43,8 faiz azalaraq 35,906 milyon manat, qızıl külçələr üzrə zərəri 472,75 milyon manat (2020-ci ildə 2 milyard 59,788 milyon manat məbləğində gəlir) təşkil edib.

Hesabata əsasən, 2021-ci ildə fondun aktivləri manat ekvivalentində 3,4 faiz artaraq 76 milyard 917,411 milyon manat, cari aktivləri 3,5 faiz artaraq 73 milyard 910,573 milyon manat, uzunmüddətli aktivləri 1,6 faiz artaraq 3 milyard 6,838 milyon manat olub. İl ərzində fondun öhdəlikləri 8,9 faiz azalaraq 584,978 milyon manata düşüb.

2021-ci ildə ARDNF-nin kapitalı 3,5 faiz - 76 milyard 332,433 milyon manata qədər artıb, o cümlədən kapital qoyuluşu 33 milyard 845,78 milyon manat (artım 4,1 faiz), ümumi bölüşdürülməmiş mənfəəti 41 milyard 825,204 milyon manat (artım 3,9 faiz) təşkil edib.

2021-ci ildə fondun Agentlik/Beynəlmiləl qurumların istiqrazlarına yatırımları 13  milyard 318 milyon 364 min manat (2020-ci ildə 12,276,695 manat), Korporativ istiqrazlara yatırımları 12,377,249 manat (17,158,399 manat), Suveren istiqrazlara yatırımları 17,906,250 manat (13,683,076 manat), Səhmlərə yatırımları 10,964,117 manat (9,072,839 manat), Özəl səhm fondlarına yatırımları 2,228,726 manat (1,348,519 manat), Daşınmaz əmlak fondlarına yatırımları 3,338,101 manat(3,239,097 manat), Pul bazarı alətlərinə yatırımları 84,836 milyon manat (91,790 min manat) təşkil edib. Daha 11 milyard 252 milyon 653 min manat xarici menecerlərin idarəetməsində olub.

Qeyd edək ki, ARDNF 2022-ci ilin birinci yarısında da ciddi itkilərlə üzləşib. Fondun açıqladığı büdcə məlumatlarına əsasən ötən yarım il ərzində ARDNF-nin aktivlərinin yenidən qiymətləndirilməsi ilə bağlı qısamüddətli bazar dəyəri dəyişkənliyindən yaranan mənfi fərq 3 milyard 434.0 milyon manata bərabər olub. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq üzündən ARDNF-nin büdcədənkənar xərcləri 1 milyard 793.3 milyon manat təşkil edib. Fonddan bu zərəri dünya iqtisadiyyatında, beynəlxalq maliyyə bazarlarında baş verən proseslərlə izah edirlər: “Hazırda dünya iqtisadiyyatında, eləcə də beynəlxalq maliyyə bazarlarında baş verənlər ARDNF-nin investisiya portfelinə təsirsiz ötüşmür. Belə ki, qlobal iqtisadi artımda olduqca ciddi yavaşlama, uzun zamandan bəri kifayət qədər aşağı inflyasiya göstəriciləri ilə xarakterizə olunan inkişaf etmiş ölkələrdə son qırx ilin ən yüksək qiymət artımının qeydə alınması, o cümlədən geosiyasi böhranın daha da dərinləşməsi, habelə pandemiya sonrası təchizat zəncirindəki qırılmaların hələ də davam etməsi və Çində sərt məhdudiyyətlər fonunda qlobal maliyyə bazarlarında kəskin dalğalanmalar müşahidə olunmaqdadır. Daha əvvəllər də qeyd edildiyi kimi, beynəlxalq maliyyə bazarları qlobal iqtisadiyyatın güzgüsüdur və bu qədər qeyri-müəyyənliyin yaşandığı bir dövrdə maliyyə bazarlarının da analoji reaksiyası labüd bir haldır. Nəticə etibarilə ABŞ-da cari ilin ilk rübündə iqtisadi artımda geriləmə, Avrozona və Böyük Britaniya kimi region və ölkələrdə olduqca cüzi iqtisadi artım, çox yüksək inflyasiya meylləri, habelə mərkəzi bankların yürütdüyü qeyri-tarazlı sərt monetar siyasət qeyri-ənənəvi bir hal olan və tarixdə çox nadir hallarda rast gəlinən həm qlobal səhm, həm də istiqraz indekslərinin dəyərlərində kəskin enmə və valyuta məzənnələrində çox ciddi dəyişkənlik müşahidə olunmuşdur. Bir çox institusional investorların, o cümlədən suveren fondların investisiya portfellərində olduğu kimi ARDNF-nin də vəsaitləri əsasən müxtəlif valyutalarda ifadə edilən birjada kotirovka olunan səhm və istiqrazlardan (investisiya portfelinin təxminən 80 faizi) ibarətdir. Maliyyə bazarlarında yaşanan bu dalğalanmalar qeyd edilən investorlarla bərabər ARDNF-nin də investisiya portfelində qısamüddətli qiymət dəyişkənliyindən yaranan realizə edilməmiş müvəqqəti mənfi fərq kimi öz əksini tapmaqdadır”.

Prezident İlham Əliyev: "Ermənistan tərəfi eyni iradə nümayiş etdirsə, biz  bir neçə ay ərzində sülh sazişini imzalaya bilərik"

Neft Fondunun aktivlərində itkilərin olduğunu Prezident İlham Əliyev ötən həftə İtaliya mətbuatına verdiyi müsahibədə də qeyd edib: “Gəlirlərlə bağlı onu demək istəyirəm ki, belə bir ümumi fikir var: yüksək neft qiymətləri ixracatçılara həddindən artıq əlavə sərvət gətirir. Bəli, bu, doğrudur. Bizim gəlirlərimiz artıb. Ancaq eyni zamanda biz kapital bazarlarında pul itirmişik, çünki bizim Dövlət Neft Fondunun sərvətləri müxtəlif alətlərdədir”.

Prezident bildirib ki, kapital bazarı çöküb: “Ona görə də biz digər suveren fondlar kimi pul itirmişik, ancaq elə də çox pul itirməmişik. Bəzi suveren fondlar 100 milyard dollardan çox vəsait itiriblər. Biz 2-3 milyard dollar itirmişik”.

ARDNF-nin 2022-ci ilin birinci yarısındakı investisiya siyasətinə dair açıqladığı məlumatı ekspertlər qeydə alınan zərərin mənbələrini müəyyənləşdirməyə imkan verməyən məhdud məlumat kimi dəyərləndirirlər. ABŞ Şimali Dakota Universitetinin professoru Fariz Hüseynli bildirir ki, fondun investisiya fəaliyyətinin yekunlarına dair məlumatda əsas lazım olan göstəricilər açıqlanmayıb: “Təqdimatda aktivlər üzrə valyutaya görə bölgü var, qiymətli kağız növünə görə var, reytinqə görə var, müddətə görə var, regiona görə də var, amma əsas lazım olan, bu hesabatın verməli olduğu elə ən əsas bir şey yoxdur - bu dövrdə hər yatırım növü və bölgüsünə görə gəlirlilik nə olub? Mən tutaq ki, investoram, pulumu da vermişəm fond idarə eləsin, mənə bütün verdikləri maraqlıdır, amma ən maraqlısı bu olacaq ki, yaxşı bəs nədən nə qədər qazandıq, necə qazandıq. Bax,  bu, açıqlanan məlumatda yoxdur. Bircə o var ki, ilin əvvəlində vəsaitlər 45.025 milyard idi, 6 ayda 282 milyon artıb oldu 45.307 milyard, vəssalam”.

Fondun altı aydakı zərərinə gəlincə, ekspert bildirir ki, zərərin də növləri var: “Unrealized zərərlə realized zərər arasında ciddi fərq var. Tutaq ki, borc kağızı almısız 100 manata nominal dəyəri elə 100 manata, faiz qalxıb qiyməti olub 90. Amma sizin əlinizdə o kağız qalır, vaxtı gələndə alacaqsız o yüzü geriyə. Yəni bu fərqi görməliyik. O zərər unrealized olmalıdır çoxu, belə qısa müddətə yox, gələcək nəsillər üçün olan fond qısamüddətli zərər görməməlidir. İlin birinci yarısında SP500 indeksi 18 faiz itirib, Bloomberg Barclays indeksi haradasa 10 faiz. Fond təxminən 7-8 faiz itirdiyini deyir. Yenə deyirəm, unrealized. Amma neftdən də 7 milyard gəlir gəlib. Avro, yen düşüb ondan da itiriblər, amma dediyim kimi, ayrı-ayrı rəqəmləri verməlidirlər”.

Rövşən Ağayev: “...Hökumət ekologiyaya sədaqətini başqa yolla da sübut edə  bilər”

Rövşən Ağayev

İqtisadçı-ekspert Rövşən Ağayev də hesab edir ki, ARDNF-nin hesabatlılığı genişlənməlidir: “Hesabatlarda investisiya fəaliyyətinin yekunları ilə bağlı informasiyaların əhatə dairəsinin genişləndirilməsi və qeyd etdiyim formatda təqdim edilməsi məqsədəuyğundur. Fondun sərmayə qoyduğu hər bir region (Avropa, Şimali Amerika, Asiya və s.) üzrə səhm, sabit gəlirli aktivlər və daşınmaz əmlak portfeli üzrə məlumatlar ayrılıqda təqdim edilməlidir. Hər bir region üzrə sabit gəlirli aktivlərin valyuta, kredit reytinqinə və müddətinə görə strukturu barədə məlumatlar açıqlanmalıdır. Ayrılıqda regionlar üzrə sabit gəlirli aktivlərin hər bir növü (suveren və korporativ istiqrazlar, depozitlər  və s.) üzrə əldə olunan gəlirlər və hər bir altportfel üzrə gəlirlilik səviyyəsi barədə məlumatlar təqdim olunmalıdır. Fondun sabit gəlirli aktivləri üzrə gəlirlilik səviyyəsi beynəlxalq  miqyasda tətbiq bençmarnk kimi istifadə olunan fond indekslərinin gəlirliliyi ilə müqayisəli şəkildə təqdim edilməlidir. Hər bir region səhm portfelinin valyuta strukturu, fondun yatırım etdiyi hər səhm indeksi üzrə həcmi, hər bir indeks üzrə gəlirlilik və gəlirlilik səviyyəsinin dünyanın aparıcı fond indeksləri ilə müqayisəsinə dair məlumatlar təqdim edilməlidir. Hər bir aktiv və region üzrə aktivlərin gəlirlilik səviyyəsi həm məzənnə və  qiymət dəyişikliyi nəzərə alınmaqla, həm də nəzərə alınmadan ayrı-ayrılıqda təqdim edilməlidir”.

Ekspertin sözlərinə görə, fondun məzənnə dəyişikliyindən büdcədənkənar itkiləri hər bir aktiv və valyuta növü üzrə ayrıca təqdim edilməlidir: “İnvestisiya portfelinin idarə olunması üçün tranzaksiya xərcləri, ümumilikdə portfelin idarə olunması ilə bağlı xərclər barədə informasiyaların regionlar üzrə açıqlanması mümkündür. Daşınmaz əmlak portfeli ilə bağlı hesabatlılıqda Norveç Fondunun təcrübəsindən istifadə edilə bilər. Adıçəkilən fond daşınmaz əmlaka yatırım etdiyi dünya şəhərləri üzrə hesabat dövründə bazarın seqmentləri (ofis, hotel, yaşayış kompleksi, ticarət və s.) üzrə gəlirlilik orta səviyyəsini özünün gəlirlilik səviyyəsi ilə müqayisə edir, eyni zamanda bu portfel üzrə gəlirliliyini bençmark kimi seçilən MSCİ indeksi ilə qarşılaşdırır. Fondun ümumi aktivləri ABŞ dolları ilə təqdim edildiyi üçün bütün aktiv portfelləri yatırım edildiyi valyuta ilə yanaşı hesabat dövrünün həm əvvəlinə, həm də sonuna dollar ifadəsində də göstərilməlidir.

Nəhayət, ən azından 3 ildə bir dəfə kənar peşəkar qiymətlənidiricilər (nüfuzlu beynəlxalq maliyyə təşkilatlarının və ya investisiya fondlarının bençmarkinqi üzrə ixtisaslaşmış qurumlar) tərəfindən Neft Fondunun investisiya fəaliyyətinin müstəqil dəyərləndirilməsi məqsədəuyğundur. Bu qiymətləndirmələr hər bir portfel üzrə yatırımların səmərəliliyini, investisiya fəaliyyətinin yekunları ilə bağlı son 3 ildə fondun hesabatlılığı və şəffaflığı sahəsində problemləri göstərməli, orta və uzunmüddətli dövrdə investisiya fəaliyyətinin təkmilləşdirilməsi barədə təkliflərini təqdim etməlidir".

Dünya SAKİT,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR