İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazir dərslərin sentyabrın 1-də başlaya biləcəyini deyib, ya yox?

2024 19.05.2023 09:13 Təhsil A A

Ekspertlər belə bir perspektivi müzakirə edir, nazirliyin rəsmisi isə deyir ki, yayılan məlumat yanlışdır

Elm və təhsil naziri Emin Əmrullayev son brifinqdə tədris ili ilə bağlı yeni təklif irəli sürüb. Nazir ümumilikdə tədris müddətinin azalmasının tərəfdarı olmadığını bildirib. “Etiraf edək ki, uşaqlar indi daha az məktəbə gedir. Misal olaraq, 10 il hər həftəsonu məktəbə getməklə indiki uşaqlardan 2 il artıq tədris almışam”, - deyə nazir bildirib.

Emin Əmrullayevin sözlərinə görə, tədris ili nə qədər uzun olarsa, istirahət günlərini çıxmaqla, uşaqların gələcəyi üçün daha yaxşı addımdır: “İnkişaf etmiş ölkələrdə tətillər yayda yox, qışdadır. Bizdə isə 3 aylıq tətil müddəti var. Təhsil işçisi olaraq bildirim ki, tədris müddəti nə qədər çox olsa, o qədər yaxşı tədris olar. Fikrimcə, məktəblərdə sentyabrın 1-dən tədrisin başlaması daha uyğun olardı. Bu, sadəcə, istəkdir”.

Bununla belə, sonradan nazirliyin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Referans.az-a açıqlama verərək, məlumatın yanlış olduğunu, Emin Əmrullayevun brifinqdə elə bir söz demədiyini bildirib. Onun sözlərinə görə, nazirin dediyi sözü jurnalistlər yanlış başa düşüb: “Yayılan məlumatlar tamamilə əsassızdır. Nazir Emin Əmrullayev  keçirdiyi brifinqdə təhsil müddətinin sentyabrın 1-dən başlamasını təklif edirəm deyə bir söz deməyib. Onun dediyini yanlış mənada təqdim ediblər”. Cəsarət Valehov “deyilməyən hər hansı bir məsələ üçün məlumat verə bilmərəm”, - deyə qeyd edib.

Qeyd edək ki, “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin 24 fevral 2020-ci il, 66 nömrəli qərarına əsasən ümumi təhsilin ibtidai, ümumi orta və tam orta təhsil səviyyənləri üzrə dərs məşğələləri hər il sentyabrın 15-də başlayır və növbəti il iyunun 14-də başa çatır.

Bəs Azərbaycanda təhsil sentyabrın 1-dən başlaya bilərmi? Təhsil sistemi buna nə dərəcədə hazırdır?

Əlaqə

Elçin Əfəndi 

Təhsil üzrə ekspert Elçin Əfəndi Bakupost.az-a bildirib ki, tədris ilinin daha tez başlaması şagirdlərin adaptasiyasına kömək edəcək: “Tədris ilini iki həftə önə çəkməklə daha çox effekt almaq fikri düzgün deyil. Lakin bu təklif uşaqların adaptasiya prosesində yardımçı ola bilər. Hazırda tədris ili sentyabrın 15-də başlasa da, ayın sonuna qədər davamiyyət qaydasında olmur, bəziləri istirahətdən qayıtmır”.

Təhsil eksperti Kamran Əsədov isə mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında bildirib ki, şagirdlərin təlim yükünün azaldılmasını dərs günlərinin sayının artırılması hesabına deyil, təhsil proqramlarındakı ikinci, üçüncü dərəcəli lazımsız materialların sıxışdırılması yolu ilə həll etmək olar: “Digər tərəfdən, dərs ilini sentyabrın 15-dən 1-nə çəkməklə zəruri hesab olunan iki həftə bərpa edilə bilər”.

Ekspert qeyd edib ki, dünyanın müxtəlif ölkələrində dərs ilinin başlama və başa çatması tarixləri ənənəvi olaraq iqlimdən və dərs yükündən asılı olmayaraq müxtəlifdir: “Məsələn, Rusiyada ənənəvi olaraq 1 sentyabr "Bilik günü"dür. Məktəblilərin tətilə yollandığı tarix isə mayın 25-dir. Gürcüstanda dərs ili sentyabrın 10-dan sonra gələn ilk bazar ertəsi günü başlayır. Belçikada, Çexiyada, Macarıstanda, İsraildə, Estoniyada dərs ili sentyabrın 1-i başlayır və müvafiq olaraq iyunun əvvəlinə, ortalarına və axırlarına kimi davam edir. İranda və Türkiyədə dərslər sentyabrda başlayıb, iyun ayında başa çatır və yaxud Yaponiyada məktəblər aprelin 6-da açılır, tədris ilinin yekunu növbəti mart ayına təsadüf edir. Koreyada isə dərslər martda başlayır və dekabra qədər davam edir. Malayziyada məktəblər yanvarda, Çilidə, Kosta-Rikada isə fevralın sonları, yaxud martın əvvəllərində açılır".

Artıq Təhsil Nazirliyində rüşvət adi hala çevrilib" - Kamran Əsədov »  Gundelik-Baku.Com

Kamran Əsədov

Kamran Əsədov qeyd edib ki, dərslərin sentyabrın 1-dən başlaması daha uğurludur: “Ümumiyyətlə, heç bir ölkədə dərs ili hər hansı ayın ortasından yox, əvvəlindən başlayır. Bizdə də sovetlər vaxtında dərs ili sentyabrın 1-dən hesablanırdı və bu çox uğurlu seçim idi. Çünki tədris planları, məktəb proqramlarının daha yaxşı mənimsənilməsində dərslərin ayın əvvəli başlaması çox kömək edirdi. Amma biz neçə tədris ilidir ki, sentyabrın 15-dən uşaqlarımızı məktəbə yollayırıq. Lakin bunun ancaq və ancaq mənfi nəticələrini görürük. Belə düşünürəm ki, bu qərar bir qədər tələsik atılmış addım idi. Doğrudur, dünyada tədris ilinin uzun olması bütün ölkələrdə həm də onların inkişaf göstəricisi sayılır. Bu həm də kurikulumun məzmun keyfiyyətinin artırılması, tədris yükünün azaldılması ilə bağlı görülən tədbirlərdən biridir. Avropa Birliyinə aid olan və dünyanın müasir, inkişaf etmiş ölkələrində tədris ili bizim tədris ilindən ən azı 4-6 həftə uzundur. Onlarda ümumtəhsil məktəblərində orta təhsilin müddəti də 12-13 il, hətta 14 il hesablanır. Tədrisin daha uzunmüddətli olması və daha çox təhsil inkişafa yönəlmiş addımlardan biridir. Burada ancaq müsbət cəhətləri görmək mümkündür.

Təcrübə göstərir ki,  bizim təqvimdə çoxlu sayda bayram tətilləri və qeyri-iş günləri olduğundan bu, orta məktəblərdə tədris planının tam şəkildə həyata keçirilməsinə mane olur. Mövzuların birləşməsi, yazı işləri və onlar üzərində səhvlərin təhlili işinin aparılmaması, yekun dərslərin keçirilməməsi kimi məsələlər şagirdin biliyinin obyektiv qiymətləndirilməsinə təsir edən amillərdəndir".

 

Kamran Əsədov onu da vurğulayıb ki, ötən 5-6 ilin nəticələrindən də görünür ki, dərslərin 14 iyuna qədər davam etməsi həm müəllimlərin, həm də şagirdlərin vaxtını alır: “Yay aylarında şagirdlərin dərs oxumağa bir o qədər də həvəsi olmur. Apardığım sorğuda iştirak edən şagirdlər qeyd edir ki, məktəbdə oxuyarkən tədris ilinin sonuna yaxın yalnız istirahət haqqında fikirləşirlər. İyunun ortalarına kimi uzadılan dərslərin heç bir mənası yoxdur. Çünki şagirdlər dərsdə həvəssiz şəkildə, candərdi otururlar. Bunun isə nə müəllimə, nə də şagirdə faydası ola bilməz.

Hesab edirəm ki, dərs ilinin əvvəlki qaydada olması daha məntiqəuyğun olardı. İyun ayı məktəblilərin yay tətili üçün nəzərdə tutulub. Belə isti havada şagirdlərin dərsə getməsi sağlamlıq cəhətdən də əlavə problemlər yarada bilər. Belə ki, istidə yorğun, halsız uşaqlar bir də məktəbdə əlavə olaraq yüklənirlər. Bu isə onların səhhətinə yaxşı təsir göstərməyə bilər. Mənim fikrimcə, dərs ili əvvəlki qaydada olsa, daha doğru olar. Bu, uşaqlardan əlavə, valideynlər üçün də artıq problemdir. İyunda övladını məktəbə aparıb-gətirmək onlar üçün də çətin və zəhmətlidir. Çünki bu ayda artıq bir çoxları istirahət və tətil planları qurur. Vaxtı 14 gün uzatmaqla nəyəsə nail olmağın mümkün olmadığını hesab edirəm. Bu addımın təhsilin inkişafına faydalı olacağını düşünmürəm. Əksinə, bunun lazımsız bir qayda olduğunu fikirləşirəm. İndiyə kimi dərslərin may ayında bitməsinin hansısa mənfi tərəfini görməmişdik. İndi belə bir qərarın verilməsinin və onun icrasının tamamilə yersiz və vaxt aparan bir şey olduğunu fikirləşirəm. Bunun valideynlər üçün daha çox ziyanı var. Çünki əlavə olaraq iki həftə də məktəb xərclərini ödəmək heç də yaxşı hal deyil. İyun ayı məktəblilərin həvəslə gözlədiyi tətil ayıdır. Havaların bu qədər isti olduğu bir vaxtda heç kim əlavə olaraq iki həftə də dərsə getmək istəməz".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR