İnsanlara hürriyət, millətlərə istiqlal!

Naxçıvanda tarixi abidə "təmir" adı ilə məhv edildi- Günahkar hansı qurumdur?- AÇIQLAMA  

1598 21.05.2023 14:23 Mədəniyyət A A

 

Məlum olduğu kimi bu günlərdə Naxçıvanın Culfa rayonunun Qazançı kəndində XVI əsrə aid olan və dövlət tərəfindən qorunan tarixi abidə restavrasiya (təmir) zamanı məhv edilib.

Hadisə cəmiyyətdə ciddi etiraz doğurub, tarixi abidəni məhv edənlərin cəzalandırılması tələb olunub.

Məsələ barədə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyindən bildirilib ki, bu və bir sıra tarixi abidələrimizin restavrasiyası zamanı nazirliyin müvafiq rəyi alınmayıb. 

Bəs ölkə ərazisində tarixi abidələrimizin restavrasiyasına, qorunmasına necə nəzarət olunur?

Məsələ ilə bağlı Musavat.com Mədəniyyət Nazirliyinin mövqeyini öyrənməyə çalışıb. Mədəniyyət Nazirliyi yanında Mədəni İrisin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən verilən açıqlamada bildirilib ki, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır. Qeyd olunub ki, həmin qanunun 25-ci maddəsinə əsasən abidələrin üzərində bərpa, konservasiya, təmir, rekonstruksiya, regenerasiya və digər işlər onların layihələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edildikdən sonra aparılır.

"Mədəniyyət Nazirliyinin nəzarətində olan tarixi abidələrin bərpa-konservasiyası ilə bağlı layihələr Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla Mədəniyyət Nazirliyi yanında Mədəni İrisin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən təsdiq edildikdən sonra, mütəxəssislərin nəzarəti altında aparılır.

Tarixi abidələrin mühafizəsinə töhfə vermək istəyən hər bir şəxsi, mütəxəssisləri, o cümlədən kütləvi informasiya vasitələrinin nümayəndələrini Dövlət Xidməti ilə sıx əməkdaşlıq etməyə dəvət edir və abidələrin qorunması ilə əlaqədar qarşılaşdıqları çatışmazlıqlar barədə məlumat verilməsi xahiş olunur.

Eyni zamanda istifadəsində və ya mülkiyyətində tarixi abidələr olan vətəndaşlarımızı abidələrimizin, eləcə də şəhərlərimizin estetik görünüşünün qorunmasına həssas yanaşmağa, bərpa işləri aparmaq istəyən şəxsləri qanunvericiliyin tələblərinə riayət etməyə çağırırıq.

Bir daha abidələrin üzərində bərpa işləri aparmaq istəyən fiziki və hüquqi şəxsləri Dövlət Xidmətinə müraciət etməyə, abidələrin bərpası işini mütəxəssislərin nəzarəti altında həyata keçirtməyə səsləyirik", -deyə nazirlikdən bildirilib.

 

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR