İnsanlara hürriyət, millətlərə istiqlal!

Narkotik və oğurluq cinayətləri “dəbdədir” - səbəblər

459 25.04.2024 08:35 Kriminal A A

Mahmud Hacıyev: “Bu cür cinayətlərin artmasının ən başlıca səbəbi budur ki...”

Azərbaycanda məhkəmələr hər il 15 mindən çox məhkuma törətdiyi cinayət əməlinə görə müxtəlif müddətə cəzalar kəsir.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ölkədə məhkumluq ən çox iki cinayət növü üzrə baş verir: narkotik cinayətləri və oğurluq. Məsələn, 2022-ci ildə 7498 nəfər narkotik cinayətlərinə görə, 2798 nəfər isə oğurluğa görə cəzaçəkmə müəssisələrinə göndərilib.

Hər il 500-dən çox adam xuliqanlığa görə, 600-dən çox adam isə yol qəzalarına görə həbsxanalara salınır. 2023-cü ildə narkotiklərə görə cəzalananların sayı isə daha da artıb.  

Beləliklə, ölkədə xüsusən də narkotik cinayətlərinin durmadan artması böyük narahatlıq doğurur. Hüquq müdafiəçisi Çingiz Qənizadənin bununla bağlı “Yeni Müsavat”a dediklərindən sitat: “Bir sıra cəzaçəkmə müəssisələrində monitorinqlər keçirdik və müşahidə etdik ki, həddindən artıq sıxlıq yaşanır. Çox təəssüf ki, son vaxtlar xüsusilə narkotiklə bağlı həbs olunanların sayı durmadan artır”.

Mahmud Hacıyev: “Tələbələrin zəhərlənməsi məsələsində intihar və sui-qəsd  ehtimalları zəifdir”

Statistik məlumatlardan da görünür ki,  2010-2022-ci illər ərzində narkotik cinayətlərinə görə məhkum olunanların sayı təxminən 3 dəfə (2,92 dəfə) artıb - 2569-dan 7498-ə yüksəlib. Həmçinin bu illər ərzində narkotik biznesinin “çiçəkləndiyi” müşahidə olunur. Narkotik maddələrin ölkəyə necə daxil olmasına gəldikdə, məlum olduğu kimi, onların əksər hissəsi qaçaqmalçılıq yolu ilə tədarük edilib - 295,9 və 1123,6 kq (ümumi çəkinin 34%-i və 22,3%-i) və bu göstərici 3,8 dəfə artıb. O cümlədən pandemiya dövründə quru sərhədləri vətəndaşlar üçün bağlı olanda da Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitələr daxil olub: 2020-ci ildə 2068,5 kq, 2021-ci ildə 2950,7 kq, 2022-ci ildə 1123,6 kq, yəni 6 tondan çox. Aydın məsələdir ki, bunlara xaricdə istehsal olunan narkotiklər, ilk növbədə, heroin və ucuz sintetik narkotiklər daxildir ki, onların da Azərbaycana gəlişi barədə son illərdə çox danışılır.

Həmçinin statistikadan görünür ki, ölkədə oğurluq halları xeyli artıb. Tamah məqsədilə həyata keçirilən cinayətlərdə mal-qara, mobil telefon, avtomobil, avtomobil hissələri, pul, məişət, geyim əşyaları, elektrik naqilləri, bank kartlarından oğurluq kimi oğurluq növlərinə rast gəlinir. 

Bəs niyə Azərbaycanda narkotik və oğurluq cinayətləri dəbdədir? Bu, sosial vəziyyətlə əlaqədardır, yoxsa başqa səbəblər var?

Mövzu ilə bağlı sabiq polis rəisi, hüquqşünas Mahmud Hacıyev “Yeni Müsavat”a danışıb: “Ümumiyyətlə, narkomaniya bütün dünyada bəladır. Yəni  bu problem təkcə Azərbaycanda yaşanmır, bütün dünya ölkələrinə aiddir. Hətta ən qabaqcıl hüquq-mühafizə orqanları, ən yüksək səviyyədə güc strukturları olan ölkələr belə bu problemin öhdəsindən gələ bilmir. Kimsə desə ki, bu problemin qarşısını tamamilə ala biləcək, bu, absurd fikir olardı. Çünki dünyada narkobiznesin arxasında böyük fiqurlar, qurumlar dayanır, hansı ki, bir sıra ölkələrdə dövlətin fəaliyyətinə də təsir edə bilirlər. Bu nöqteyi-nəzərdən problem qarşısıalınmazdır. Yalnız müəyyən tədbirlərlə bu problemi azaltmaq mümkün olar. 

Aydın məsələdir ki, ölkəmizdə ildən-ilə narkotik cinayətlərinin artması həm dövlət strukturlarını, həm də hüquq-mühafizə orqanlarını ciddi narahat edir. Məlumdur ki, narkotik maddələr daha çox xaricdən daxil olur, eləcə də ölkəmizdə də yaradanlar var. Doğrudur, bu məsələ ilə bağlı ölkəmizdə vəziyyət Rusiyada olduğu kimi deyil, amma hər halda, artım varsa, bu istiqamətdə aparılan tədbirləri daha da gücləndirmək lazımdır. 

Narkotik maddələr ölkəmizə daha çox İrandan daxil olur. Tez-tez mətbuatda İrandan ərazimizə narkotik qaçaqmalçılarının keçmək istədiyi haqda  məlumatlara rast gəlirik. Çünki İran maraqlıdır ki, Azərbaycanda narkomaniya, narkotik maddələrə aludə olan insanlar artsın, gənclərimiz məhv olsun. Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları, Gömrük Komitəsi, Daxili  İşlər Nazirliyi kompleks şəkildə çalışmalıdır ki, bu problem azalsın. Bu kompleks qurumlara narkoloji dispanserlər də daxildir. 

Bir məsələni qeyd etmək istərdim, bir müddət öncə Maştağada yerləşən, hər cür gözəl şəraiti, imkanları olan, sanki sanatoriyaya bənzəyən Narkoloji Dispanserin baş direktorunun və müavininin rüşvət üstündə saxlanıldığını eşitdik. Halbuki dispanser narkomaniyanın qarşısının alınması üçün yaradılıb, onun bu rəhbər şəxsləri isə insanlardan rüşvət alır və aparılan mübarizəyə zərbə vurur. Hüquq-mühafizə orqanları bacardıqları qədər narkomaniyaya qarşı mübarizə aparır, digər tərəfdən isə bu məsələdə böyük əhəmiyyətə malik dispanserin direktoru və müavini narkotik istifadəçilərindən rüşvət alır ki,  nə qədər istəyirsən narkotik qəbul et. Bu halda narkomaniya ilə necə mübarizə aparmaq olar? Bu məlumatı eşidəndə mən şəxsən dəhşətə gəldim. Bu baxımdan qeyd edirəm ki, bu yöndə işlər kompleks şəkildə həyata keçirilməlidir. 

O ki qaldı oğurluq cinayətlərinin artmasına, bunun bir çox səbəbləri var. İlk növbədə onu qeyd edim ki, oğurluqla bağlı məsələdən söz açanda demək lazım deyil ki, oğurluğu edən şəxs əvvəllər məhkum olunub. Əvvəllər məhkum olunmuş şəxsin təkrar oğurluq etməsi cəmiyyətə başucalığı gətirən amil deyil. Bu, çox pis haldır. Tez-tez televiziyada, mətbuatda hansısa oğurluq hadisəsi haqqında danışanda dərhal qeyd olunur ki, cinayəti törədən əvvəllər məhkum olunmuş şəxsdir, sanki bununla oğurluğu sığortalanmış olurlar. Bu çox pis dərddir. Sual oluna bilər ki, əvvəl məhkum olunmuş şəxs niyə yenidən həbsə getmək istəsin? Niyə 5 il həbs yatıb-çıxandan sonra yenidən məhbusluğa can atsın? Hesab edirəm ki, həbsdən çıxan insanların sosial-iqtisadi problemlərini həll etmək lazımdır ki, yenidən həbsə düşməsin. Yəni oğurluq cinayətlərinin artmasının bir səbəbi sosial-iqtisadi problemlərdir və araşdıranda məlum olur ki, oğurluq edənlərin böyük əksəriyyəti əvvəllər məhkum olunanlardır. 

Digər səbəblərdən biri isə ailə tərbiyəsindən, mühitdən təsirlənərək, kriminala meyilli olan insanlardır. Həmçinin iradəsi zəif olan, sosial-iqtisadi problemlərə  dözməyən insanlar da var ki, onlar da çıxış yolu kimi oğurluğu seçirlər. Yəni müxtəlif səbəblər, hallar var".

Xalidə GƏRAY,
“Yeni Müsavat”



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR