İnsanlara hürriyət, millətlərə istiqlal!

Müxalifət-hakimiyyət dialoqu - masada nələr var?

569 18.05.2022 08:40 Gündəm A A

Düşərgə təmsilçiləri görüşləri dəyərləndirdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə reallaşan siyasi dialoq prosesi çərçivəsində siyasi partiya rəhbərləri ilə təşkil olunan görüş və diskussiyalar davam etdirilir. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev bir neçə partiya sədri ilə görüşüb. 

Qeyd edək ki, günlər öncə Ə.Vəliyevin ilk görüşü AMİP sədri Arzuxan Əlizadə ilə baş tutub. Partiya sədri “Yeni Müsavat”a bunları dedi: “2020-ci ilin fevralından başlayaraq ölkədə fəaliyyət göstərən və dövlət qeydiyyatından keçən bütün siyasi partiyaların rəhbərləri ilə istisnasız olaraq belə görüşlər keçirilir. İlk görüşlər tanışlıq xarakteri daşıyırdı. Şöbə müdiri və şöbənin təmsilçiləri ilə həm partiya rəhbərləri, həm də partiya funksionerləri arasında görüşlər vaxtaşırı olub. Eyni zamanda iki dəfə onlayn qaydada bəzi istisnalar olmaqla bütün siyasi partiyaların qatıldığı görüş keçirilib. İstər II Qarabağ savaşından öncə, istər müharibə dövründə, istərsə də müharibədən sonrakı zamanda bütün siyasi partiyaların birgə imza atdıqları bəyanatlar olub. İndi də mayın 11-də ilk görüş mənimlə oldu. Ondan sonra da artıq bir neçə partiya rəhbəri ilə görüş keçirilib. Hesab edirəm ki, bu görüşlər başladılan işin növbəti raundu hesab oluna bilər. AMİP olaraq, partiyamızın məqbul hesab etdiyi prioritetləri növbəti dəfə irəli sürdüm. İndiyə qədər təkliflərimizin bəzilərinin reallaşdığı da gündəmdədir. Bundan sonra da bu istiqamətdə işlərin müsbət yöndə gedəcəyinə ümid edirik. Bu görüşlər başa çatandan sonra hansısa məsələlər istiqamətində müzakirələrin açılacağının şahidi olacağıq. Məndə olan məlumata görə, bu görüşlər davamlı olacaq. İlk təmaslardan o fikirdə idim, bu gün də həmin fikirdəyəm ki, bu cür təmasların aparılmasının, bir masa ətrafında oturub problemləri müzakirə etməyin alternativi yoxdur. Bu şöbə yaradılmamışdan əvvəl müxalifətin həm radikal, həm də liberal qanadı tərəfindən problemləri görüşüb üzbəüz müzakirə etməklə bağlı çağırışlar olub. Bu təkliflər də artıq bu gün reallaşıb. Bu davamlı olacaqsa, hər zaman təqdir edəcəyik”.

Bu, gerizəkalılığın göstəricisidir" - Elşad Musayev

Elşad Musayev

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev də bu görüşlərin çox əhəmiyyətli olduğunu bildirdi: “Bildiyiniz kimi, ötən parlament seçkilərindən dərhal sonra Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri siyasi təşkilatlarla dialoq üçün təmasa başladı. Burada da şöbə müdiri Ədalət Vəliyev açıq-aşkar dedi ki, Prezidentin göstərişidir və siyasi təşkilatlarla dialoq yaratmaq, təmaslar qurmaq üçün bu görüşlər keçirilir. Düşünürəm ki, ötən bu müddət ərzində bu birinci mərhələ idi. Hesab edirəm ki, ilkin mərhələ uğurlu oldu. Siyasi təşkilatların təklifləri dinlənildi, əlaqələr yaradıldı. Onu da bildirim ki, ilkin mərhələdə rəhbəri olduğum partiya, AĞ Partiya, AMİP, AXP islahatlarla bağlı təkliflərlə çıxış etmişik. Həm kollektiv, həm də fərdi şəkildə partiyalar təkliflərini verdilər. Məsələn, bizim partiya ölkədə fundamental islahatlarla əlaqədar təkliflə çıxış etdi. Başlanan yeni mərhələ üçün addımlar atmaq lazımdır. Əməkdaşlıq dərinləşməli, dialoq mühiti genişləndirilməlidir. İndiyə qədər siyasi təşkilatlar ”tərcüməçiləri" vasitəsilə hakimiyyətlə danışırdılar. Yaxud bir neçə siyasi təşkilat olub ki, arxadan işlər görüblər. Ona görə də bu effekt verməmişdi. İndi isə birbaşa həm narahatlığımızı, həm də təkliflərimizi veririk. Bilirsiniz ki, qarşıdan növbəti seçkilər gəlir. Seçkilərlə, seçki sistemi ilə, ölkənin idarəetməsi, hakimiyyət bölgüsü ilə əlaqədar təkliflər verdik. Müəyyən sahələrdə çox ciddi qüsurlar var. Müharibə veteranları ilə bağlı problemlərlə əlaqədar, eləcə də digər problemlərlə bağlı təkliflərimiz səsləndirilib. Digər siyasi təşkilatlarla da bu görüşlərin keçiriləcəyi bildirildi. Bu görüşlərdən sonra hansısa addımları atacaqlarsa, bunun şahidi olacağıq. Ən əsası odur ki, dialoq mühitini dərinləşdirməkdə maraqlı olduqlarını bildirdilər".

Görüşlərin bu mərhələsində növbəti görüşün AĞ Partiya və digər təşkilatlarla olacağı gözlənilir.

Tural Abbaslı: “Niyə bizim ərazinin bir hissəsini başqa bir dövlətin  hərbçiləri idarə etməlidirlər ki?”

Tural Abbaslı

AĞ Partiya başqanı Tural Abbaslı artıq görüşlərin bu mərhələsində real nəticələrin əldə edilməsini vacib sayır: “İstənilən halda, Azərbaycanda fəaliyyət göstərən partiyalar öz dövlətinin nümayəndələri ilə görüşür, fikir mübadiləsi aparır, fikirlərini çatdırır, qarşı tərəfin fikirlərini öyrənir. Bu belə də olmalıdır. İki ildən artıqdır ki, bu təmaslar davam edir. Şöbə yaranandan bu günə qədər belə görüşlərin davamlılığını görürük. Ortada bəzi nəticələr də var. Nisbətən yumşalmış mühit görürük, partiyalara qərargahlar verilib, mediaya çıxış qadağaları müəyyən qədər aradan qaldırılıb və s. Bu görüşlər təbii olaraq pandemiya səbəbindən passiv dönəmə keçmişdi. Artıq bu görüşlər yenidən mütəmadi hal alıb. Fərqli mövzular ətrafında müzakirələr aparılmalıdır. Əgər çoxpartiyalı sistemin inkişafını istəyiriksə, partiyaların Azərbaycan cəmiyyətində rolunun artırılmasını arzulayırıqsa, istəyiriksə ki, ölkəmizdə fikir müxtəlifliyi çoxalsın və daxili siyasi mühit möhkəmlənsin, xarici qüvvələrə qarşı vahid mövqedən çıxış edilsin, o zaman bu dialoq özünü real nəticələrdə ortaya qoymalıdır. Bir sözlə, müxalifət-iqtidar dialoqunun real nəticələri olmalıdır”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR