İnsanlara hürriyət, millətlərə istiqlal!

Musa Urud Xocalı görüşündən danışdı: “Məni narahat edən budur...”

775 14.03.2023 19:39 Gündəm A A

“Azərbaycan Qarabağ ermənilərinin inteqrasiya məsələsinə hazırdır. Hələ 2020-ci il 10 noyabrda üçtərəfli bəyanat imzalanan vaxtdan dəfələrlə Azərbaycan Prezidenti, hökuməti, millət vəkilləri vurğulayıblar ki, Qarabağda yaşayan, Azərbaycan qanunlarını pozmayan, ölkəmizə qarşı cinayət hadisəsi törətməyən, konstitusiyamızı, qanunlarımızı qəbul edən hər bir erməni digər Azərbaycan vətəndaşları kimi hüquqlara malikdir, onların hüquq və azadlıqları Azərbaycan hökuməti tərəfindən qorunacaq”.

Bu sözləri millət vəkili Musa Urud Musavat.com-a açıqlamasında deyib.

Millət vəkili qeyd edib ki, Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiya məsələsi qarşılıqlı olmalıdır:

“Əlbəttə ki, reinteqrasiya prosesləri lazımdır. Ermənistandan fərqli olaraq, Azərbaycanın heç bir zaman etnik təmizləmə siyasəti, bu barədə fikirləri olmayıb. Lakin bu reinteqrasiya prosesi qarşılıqlı olmalıdır. Əgər ermənilər Azərbaycanda qalıb yaşayırlarsa, Ermənistanda da azərbaycanlıların ora qayıtması, orada yaşaması üçün Ermənistan hökuməti öhdəliklər götürməli və müvafiq  tədbirlər görməlidir. Lakin təəssüf ki, Ermənistan hökuməti tərəfindən bununla bağlı hansısa adekvat addımların atılmasını müşahidə etmirik. Hətta Paşinyan Almaniyada olarkən belə bir bəyanat vermişdi ki “azərbaycanlıların Ermənistana qayıtması Ermənistan üçün siyasi fəlakət ola bilər”. Bu, hələ onların başbilənlərinin düşüncəsidir, görün indi digər ermənilər nə düşünürlər. Ona görə hesab edirəm ki, bu proses üçün hələ zaman lazım olacaq. Amma istənilən halda Azərbaycan Prezidenti, hökuməti, cəmiyyəti öz xoş niyyətini hər dəfə nümayiş etdirib”.

Musa Urud bildirib ki, bu yaxınlarda Xocalıda Azərbaycan nümayəndələri ilə erməni icmasının birgə ilk görüşü də bu xoş niyyətin bir təzahürüdür:

“Yəqin ki, bu cür növbəti görüşlərin də keçirilməsi lazımdır. Sadəcə başqa dövlətlərin və ya qüvvələrin burada müdaxilələri, təxribatları müşahidə oluna bilər. Məni ən çox düşündürən və narahat edən isə Rusiya sülhməramlılarının öz öhdələrinə düşən vəzifələri yerinə yetirməməsi, yaxud yetirmək istəməməsidir. Sülhməramlılar ora niyə gəlmişdi? Ona görə gəlmişdi ki, icmalar arasında asayişi, sülhü, inteqrasiyanı bərpa etsin. Amma bu günə qədər nəinki o prosesi görürük, hətta ermənilərin alternativ yol taparaq, Ermənistandan Qarabağa silah-sursat da daşıdığını müşahidə edirik”.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR