İnsanlara hürriyət, millətlərə istiqlal!

Müharibə, pandemiya, süni ntellektlə bağlı Bakı müzakirələri

504 16.03.2024 10:03 Ölkə A A

XI Qlobal Bakı Forumu yekunlaşdı; deputat: “Sürətlə dəyişən dünyada Azərbaycan beynəlxalq məsələlərin müzakirə edildiyi məkanlardan biridir”

Bakıda XI Qlobal Bakı Forumu yekunlaşıb. Forumun ikinci günündə Azərbaycan Prezidenti bir sıra qəbullar keçirib. 

Ölkə başçısı martın 15-də İsrailin sabiq xarici işlər naziri Tzipi Livnini qəbul edib. Görüşdə XI Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunulub, bu tədbirdə xeyli sayda qonağın iştirak etdiyi və təmsil olunan beynəlxalq institutların sayının artmasının önəmi vurğulanıb. Bu forumun beynəlxalq əməkdaşlığın möhkəmlənməsi işinə töhfə verəcəyinə əminlik ifadə edilib. Tzipi Livninin Qlobal Bakı Forumunda ənənəvi olaraq iştirak etdiyi qeyd olunub. Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı Fondunun Prezidenti Volfqanq İşingeri də qəbul edib. V.İşinger Münxen Təhlükəsizlik Konfransı Fondunun il ərzində dünyanın müxtəlif bölgələrində də tədbirlər keçirdiyini deyərək, ölkəmizin bu tədbirlərdə təmsil olunması ilə əlaqədar dəvətini çatdırıb. Ölkə başçısı eyni zamanda Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 78-ci sessiyasının Prezidenti Dennis Fransisi qəbul edib. Görüşdə Azərbaycanla BMT və onun müxtəlif strukturları arasında əməkdaşlıqdan məmnunluq ifadə olunub. Martın 15-də prezident İlham Əliyev həmçinin BMT-nin İnkişaf Proqramının Administratoru Axim Ştayneri qəbul edib. Axim Ştayner COP29-un ölkəmizdə keçirilməsi və Azərbaycanın sədrliyi münasibətilə təbriklərini çatdırıb. Qeyd edib ki, BMT-nin İnkişaf Proqramı COP29-un keçirilməsi istiqamətində Azərbaycanla əməkdaşlığa hazırdır. (AzərTAc)

Forumun gedişində panellərdə sülh və müharibə, pandemiya, iqlim dəyişikliyi, yeni texnologiyanın perspektivləri, süni intellekt kimi məsələlər diqqət mərkəzində olub. 

BMT Baş Assambleyasının 78-ci sessiyasının Prezidenti Dennis Fransis xüsusi çıxışı zamanı deyib ki, sülh və təhlükəsizliyin əldə olunması və bərpası istiqamətində daha çox addımların atılacağı, proqresə nail olunacağına inanılır və gözlənilir. APA-nın xəbərinə görə, Dennis Fransis beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində iki ölkə arasında sülh sazişinin imzalanacağına ümid edir.

Xorvatiyanın keçmiş prezidenti, NATO Baş katibinin keçmiş müavini Kolinda Qrabar-Kitaroviç isə gələcəkdə dünyanın pandemiyalardan necə qorunması məsələsinə diqqət çəkib. Onun sözlərinə görə, Ukrayna-Rusiya müharibəsi başlayandan koronavirus unuduldu: “Amma virus hələ ətrafımızdadır. Dünyada baş verən proseslərə baxsaq, irəlidə növbəti pandemiyalar da ola bilər. Amma nə vaxt və harada ortaya çıxacağını bilmirik”. Xorvatiyanın eks-prezidenti bildirib ki, hazırda pandemiyalar üçün ayrılan vəsaitin necə xərclənməsi ilə bağlı hər hansı dəqiq qərar yoxdur: “Bunun üstündə işləmək lazımdır. Vaksinlərin də dünyada bərabər paylanmaması narahatlıq doğurur”.

XI Qlobal Bakı Forumunun ikinci günü başa çatdı

BMT-nin İnsanın İmmunçatışmazlığı Virusu/Qazanılmış İmmun Çatışmazlığı Sindromu üzrə Birgə Proqramının (UNAIDS) icraçı direktoru Vinni Byanyima isə deyib ki, Azərbaycan İİV/QİÇS-ə yoluxmaların qarşısını alır, ölümlərin sayını azaldır. Onun sözlərinə görə, sağlamlıq hər kəsin hüququdur: “Bu, insanların hüquqlarından biridir. Sağlamlığın təminatı hər kəs üçün əlçatan olmalıdır. Bu gün dünyada 4 min qadın İİV/QİÇS-ə yoluxur. Hər dəqiqə bir qadın bu xəstəlikdən ölür. Azərbaycan isə yoluxmaların qarşısını alır, ölümlərin sayını azaldır. Bu da təqdirəlayiq haldır”.

Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım ətraf mühit və regionda təhlükəsizlik mövzularına diqqət çəkib: “Real siyasət sülhün bərqərar edilməsinə çalışmalıdır. Bu isə çox çətin məsələdir. Müzakirələrdə bunun bizim bölgənin timsalında çətinliklərindən danışdıq. Haradasa müharibə alovlanırsa, bundan bütün dünya əziyyət çəkir”.

İqlim dəyişmələri barədə danışan Binəli Yıldırım deyib ki, bu proses bu gün başlamayıb və ola bilsin 5, ola bilsin 10 il sonra dünya daha ciddi problemlərlə qarşılaşsın: “Buna görə də dünya ölkələri ciddi addımlar atmalıdır".

O deyib ki, istər inkişaf etmiş, istərsə də az inkişaf etmiş ölkələr ətraf mühitə atılan karbon tullantılarının azaldılmasında öz üzərinə öhdəlik götürməlidir. (APA)

XI Qlobal Bakı Forumu çərçivəsində Azərbaycan səhiyyə naziri ilə BMT-nin  Baş katibinin müavini arasında görüş keçirilib - AZƏRTAC

Azərbaycan səhiyyə naziri Teymur Musayev də müzakirələrdə iştirak edib. O bildirib ki, Qlobal miqyasda “Hamı üçün sağlamlığa” nail olmaq üçün bir sıra problemlər var. Xəstəliyin yükü bütün dünyada dəyişir. Təxminlərə görə, 2040-cı ilə qədər bütün ölümlərin 50 faizi qeyri-infeksion xəstəliklərlə bağlı olacaq. “Dünya əhalisinin üçdə biri üçün zəruri dərman vasitələrinə çıxış problemlidir. Dərmanların qiyməti zəif inkişaf etmiş ölkələr üçün əlçatmazdır. Yeni texnologiyaların transferi, qiymət modellərinin nəzərdən keçirilməsi, əqli mülkiyyət maneələrinin aradan qaldırılması, məhsulun inkişafı üzrə tərəfdaşlıqların tətbiqi əsas dərmanlara çıxışı asanlaşdıra bilər”, - deyə nazir bildirib.

Bakıda XI Qlobal Bakı Forumu keçirilir, Prezident İlham Əliyev tədbirdə  iştirak edib- YENİLƏNİB - "İki sahil"

Martın 14-də Azərbaycan Respublikası Prezidentinin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə işə başlayan XI Qlobal Bakı Forumu çərçivəsində “Nizami Gəncəvi Beynəlxalq mükafatı”nın təqdimetmə mərasimi olub. Beynəlxalq mükafata Albaniya prezidenti Bayram Beqay, Avropa Mərkəzi Bankının sabiq prezidenti Jan-Klod Trişe və Münxen Təhlükəsizlik Konfransının sabiq sədri Volfqanq İşinger layiq görülüb. 

Ölkəmizdə səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan da forumda çıxış edib. O vurğulayıb ki, dünya artıq qlobal sistemin dəyişdiyi dövrdədir.

Rusiya-Ukrayna müharibəsinə diqqət çəkən nazir deyib ki, infrastruktura zərər dəyib, ciddi insan itkisi baş verib: “Heç kim müharibədən qalib çıxa bilməyəcək. Mütləq şəkildə bu münaqişə danışıqlar yolu ilə həllini tapmalıdır. Biz XXI əsrə münasib Avropa qitəsində atəşkəsin bərqərar edilməsini vacib bilirik”. Hakan Fidan həmçinin Türk Dövlətləri Təşkilatının özünü tam formada quran beynəlxalq təşkilat olduğunu vurğulayıb: “Hər bir bağlantı, əməkdaşlıq region üçün fayda verəcək”, - nazir əlavə edib. 

Musa Qasımlı ABŞ-dan təbrik gözləyirmiş...

Musa Qasımlı

Deputat Musa Qasımlı hesab edir ki, Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsi onun dünyada mövqeyinin artmasından xəbər verir: “Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Parçalanmış dünyanın bərpası" mövzusunda keçirilən XI Qlobal Bakı Forumu qarışıq, parçalanmış, qarşı-qarşıya dayanan, münaqişələrlə dolu dünyanın bərpası istiqamətində Azərbaycanın nümunə olduğunu, model verdiyini göstərir. Forumun açılış mərasimində Prezident İlham Əliyevin çıxışı bir neçə vacib məsələ baxımından diqqəti cəlb etdi. Forum Azərbaycanın dövlət müstəqilliyi tam bərpa edildikdən sonra ilk dəfə keçirilirdi. O, Davos Dünya İqtisadi Forumu, Münxen Təhlükəsizlik Konfransı kimi aparıcı beynəlxalq forumlarla bir cərgədə dayanır, getdikcə coğrafiyası genişlənir və nüfuzu artır. Bu o deməkdir ki, sürətlə dəyişən dünyada Azərbaycan beynəlxalq məsələlərinin müzakirə edildiyi məkanlardan biridir, dünya işlərində rolu güclənir, mövqeləri möhkəmlənir. Azərbaycanın işğalçı Ermənistan üzərində parlaq qələbəsi ciddi geosiyasi dəyişiklik olmaqla digər münaqişələrin həllinə, separatçılığa son qoyulmasına müsbət təsir göstərəcək. Azərbaycan münaqişələrdən əziyyət çəkənlərə bir nümunə verib.

Bütün təzyiqləri rədd edərək qələbəni təkbaşına qazanan Azərbaycan Cənubi Qafqazda sülh istəyir və bundan ötrü çalışır. Hər şey Ermənistan tərəfinin davranışlarından asılıdır. Regionu qarışdırmaq istəyən dövlətlərə burada yer olmayacaqdır. Gələcək sülh və əməkdaşlıqdadır".

Qeyd edək ki, “Parçalanmış Dünyanın Bərpası” mövzusunda XI Qlobal Bakı Forumunda 70-dən artıq ölkədən 350-dən çox qonaq iştirak edib. 

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR