İnsanlara hürriyət, millətlərə istiqlal!

Müəllimlərin məvacibi yaxşıdır, amma daha yaxşı olmalıdır

2504 13.09.2023 08:00 Təhsil A A

Ekspertə görə, hazırda müəllimlərin əsas problemi dərs yükü ilə bağlıdır

“2023-cü ilin sentyabr ayı üçün müəllimlərin əmək haqqı 830 manat təşkil edib”. Bu sözləri ötən həftə elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili ilə bağlı media üçün keçirilən brifinqdə deyib. Nazirin sözlərinə görə, “Sertifikatlaşdırma imtahanları keçirildikcə, müəllimlərin əməkhaqlarına əlavələr olunacaq və bu da orta aylıq əmək haqlarının artmasına gətirib çıxaracaq. 2023-cü ilin fevralında bu rəqəm 790 manat olmuşdu”, - deyə nazir qeyd edib.

Məlum olduğu kimi, son illərdə ölkədə ən müxtəlif sahələrdə bahalaşma müşahidə olunur. Bəs bunun fonunda müəllimlərin hazırkı maaşı nə dərəcədə qaneedicidir?

Millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramovun fikrincə, Azərbaycanda müəllimlərin orta aylıq maaşı ölkə üzrə ümumi orta aylıq əmək haqqından aşağıdır. Deputat qeyd edib ki, müəllimlərin orta əmək haqqı ölkə üzrə orta aylıq əmək haqqından 10 faiz azdır:

Vüqar Bayramov: Azərbaycanın uğurları Qafqazda yeni reallıqlar  formalaşdırdı - AZƏRTAC

Vüqar Bayramov

“Avropada ən yüksək əmək haqqı alan müəllimlər Lüksemburqda yaşayırlar: illik əmək haqları 69,076 min avrodur. Daha sonra İsveçrə (66,972 min avro), Almaniya (54,129 avro) və Danimarka (47,980 avro) gəlirlər.

Qardaş Türkiyədə bu ilin iyul ayının yekunlarına əsasən, orta məktəb müəllimlərinin illik maaşları 12 min dollardır. Bu qardaş ölkədə müəllimin orta hesabla ayda 1000 dollar maaş alması anlamına gəlir. Təbii ki, burada mülkiyyət növləri və bölgələr üzrə fərqlər da var. Bununla yanaşı, Türkiyədə müəllimlər öz ölkələrinin orta aylıq əmək haqqı ilə müqayisədə təxminən 2 dəfə çox maaş alırlar. Qeyd edək ki, Türkiyədə minimum əmək haqqı (425 dollar) ilə ümumi orta aylıq maaş arasında fərq yüksək deyil. Bu baxımdan, Azərbaycanda da müəllimlərin orta aylıq maaşının ölkə üzrə orta aylıq əmək haqqından daha yüksək olması vacibdir. Təhsil ölkənin, cəmiyyətin və eləcə də iqtisadiyyatın inkişafında əsas lokomotivdir. Bunun üçün də təhsilverənlərin əməklərinin daha yüksək qiymətləndirilməsi önəmlidir".

Deputat həmçinin qeyd edib ki, müəllimlərin daha yüksək əmək haqqı almasına nail olunması üçün sertifikasiya imtahanlarında nəticələrin daha ədalətli və səmərəli qiymətləndirilməsinə ehtiyac var: “Mövcud qaydalara əsasən, sertifikatlaşdırmada iştirak edib sualların 83.3 faizini düzgün cavablandıran müəllim 50 faiz doğrusu olanla eyni əmək haqqı artımından faydalana bilir. 51 sualı düzgün cavablandıran müəllimlərimiz 35 faiz artımdan yararlandığı halda, cəmi 1 düzgünü az, yəni 50 doğrusu (83.3 faiz nəticə) olan pedaqoqumuzun əmək haqqında cəmi 10 faiz artım hesablanır.

Qeyd edək ki, son illər təhsilə ayrılan vəsaitin həcmində artımlar qeydə alınır. Bu sahədə dövlət siyasəti güclənməkdədir. Belə ki, bu ilin büdcəsindən ən çox vəsait ayrılan sahələrdən biri təhsildir. Təhsilə ayrılan məbləğ 2023-cü ildə 4 milyard 423 milyon manat təşkil edir, bu da 2022-ci illə müqayisədə 536,5 milyon manat və ya 13,8 faiz, 2021-ci ilin icra göstəriciləri ilə müqayisədə isə 1,3 milyard manat (42,4 faiz) çoxdur.

Deməli, vəsait var. Sadəcə, daha səmərəli əmək haqqı sisteminin yaradılması ilə bağlı islahatlar daha da dərinləşməlidir".

Fazil Mustafa güllələndi — Yenilənib

Fazil Mustafa 

Millət vəkili Fazil Mustafa da Modern.az-a açıqlamasında müəllimlərin maaşlarının Avropa ilə müqayisədə az olduğunu diqqətə çatdırıb: “Müəllimlərin maaşlarının qaldırılması istiqamətində addımlar atılır. Bunun da yüksək səviyyəyə çatdırılması düşünülür. Bu, müsbət tendensiyadır. Ölkədə ən yüksək maaş alan kateqoriya güc strukturlarından sonra  müəllimlər olmalıdır. Müəllimlər bu vəsaitlə normal yaşayışlarını təmin etmə imkanına sahib olmurlar. Bu səbəblə də məcbur repetitorluq fəaliyyyətinə üz tutmalı olurlar. Halbuki yüksək maaş olsa, müəllim özü də məktəbə daha  çox bağlanar, faydalı töhfə verə bilər. Xüsusilə də uşaqların dərs müddətində hazırlanması, onların daha yetkin formalaşmasına kömək edə bilərlər. Bu baxımdan, maaşların indiki səviyyəsi  Avropa ilə müqayisədə ürəkaçan deyil, qalxmalıdır. Amma imkanlara da baxmaq lazımdır. Müəllimlərin maaşını artırmaq normal tendensiyadır, buna vaxtaşırı gedilməlidir. Müəllimin normal təminatı olmasa, gələcəyimiz üçün layiqli vətəndaşların yetişdirilməsində də problemlər yaşanacaq”.

Milli Məclisin Elm və təhsil komitəsinin deputatı Ceyhun Məmmədov isə bildirib ki, əvvəlki illərlə müqayisədə müəllimlərin orta aylıq əmək haqqında xeyli fərqlər var, yəni indi müəllimlərin maaşı xeyli yüksəkdir: “İllər öncə bu maaşlar təxminən 300-400 ətrafında cərəyan edirdisə, bu gün daha çoxdur.  Əlbəttə ki, bu, tam yetərli olmasa da, illər öncə ilə müqayisədə yaxşıdır, normaldır. Söhbət 10 minlərlə insandan, onların maaşlarının artırılmasından gedir. Düşünürəm ki, bu, irəliləyişdir. Biz bir neçə il ərzində müəllimlərin maaşının bir neçə dəfə qalxmasına nail olmuşuq. Bu, təhsilin keyfiyyətinə ciddi təsir göstərir. Heç bir müəllim 300-400 manata  gedib işləmək istəmir. Getdikcə maaşlar qalxacaq, artacaq. Bu da təhsilin keyfiyyətinə, məzmununa təsir edəcək. Birdən-birə hamının maaşını ən yüksək səviyyəyə qaldıra bilmərik. Zaman, müddət  lazımdır”.

Elşən Qafarov: "Təəssüfedici haldır ki, Etibar Əliyev qanunverici orqanda  təmsil olunur, onu tanıyanlar haqqında yaxşı bilirlər..." » Aztehsil.com

Elşən Qafarov 

Mövzu ilə bağlı təhsil eksperti Elşən Qafarov “Yeni Müsavat”a daşınıb. Ekspert qeyd edib ki, müəllimlərin əsas problemi dərs yükü normativi ilə təmin olunmamasıdır: “Azərbaycanda digər peşə sahələrinə nisbətən müəllimlərin əmək haqqı son illərdə mərhələli şəkildə artmaqdadır. Nazir orta  əmək haqqının 813 manat olduğunu qeyd edir. Amma müəllimlərin əsas problemi dərs yükü normativi ilə təmin olunmamasıdır. Ölkə Prezidentinin 16 yanvar 2015-ci il tarixli 994 nömrəli Sərəncamı ilə ümumtəhsil məktəblərində müəllimlərin dərs yükü normasının 18 saata çatdırılması nəzərdə tutulur. Və bu sərəncama uyğun olaraq  2010-cu ildə Nazirlər  Kabinetinin 215 nömrəli qərarı ilə qəbul edilmiş müəllimlərin dərs yükü normasında dəyişiklik edilib və artıq 8 ildir ki, müəllimlərin dərs yükü norması 18 saat müəyyən olunub. Amma hazırda müəllimlərin böyük bir qismi, xüsusən də müəllim sıxlığı olan məktəblərdə müəllimlər 18 saat  dərs  yükü norması ilə təmin olunmayıb. Bu da müəllimlərin daha aşağı əmək haqqı alması ilə nəticələnir”.

Ekspert də qeyd edib ki, hazırkı  vəziyyətdə  830 manat belə azdır: “Arzulayardım ki, növbəti ildə müəllimlərin əmək haqqında  müəyyən əlavələr olsun, artsın. Xüsusən də sertifikasıyada uğur qazanmış müəllimlərin əmək haqqında dəqiqləşdirilmələr aparılsın, yəni hazırda bu, doğrudan da ciddi haqlı narazılıqlara  gətirib çıxarır. Belə ki, 30 bal toplayanla 50 bal toplayanlara eyni əmək haqqı verilməsi narazılıq yaradır. Təklif edirik ki, sertifikasiyadan keçmiş müəllimlər öz ballarını artırmaq istədikdə növbəti illərdə onlar üçün şərait yaradılsın. Bu təcrübə bir neçə ölkədə var. Məsələn, müəllim 50 bal topladı, sertifikasiyadan keçdi, amma istəyir ki, balını daha da artırsın, əmək haqqına təsir etsin, bunun üçün şərait yaradılsın. Belə olan halda nəticə etibarı ilə yenə də təhsil qazanacaq. Çünki  müəllim öz üzərində daha çox işləyəcək”.

Xalidə GƏRAY,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR